Bank Of Baku

Əli Həsənov: “Biz Azərbaycana münasibətdə qeyri-obyektiv tənqidi yanaşmanın nümayiş etdirilməsini ikili standartların göstəricisi hesab edirik”

Əli Həsənov: “Biz Azərbaycana münasibətdə qeyri-obyektiv tənqidi yanaşmanın nümayiş etdirilməsini ikili standartların göstəricisi hesab edirik”
# 13 mart 2008 15:02 (UTC +04:00)
Azərbaycan Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ABŞ Dövlət Departamentinin insan hüquqları sahəsində vəziyyətlə bağlı 2007-ci il üzrə hesabatına münasibət bildirib. APA-nın məlumatına görə, Əli Həsənov bildirib ki, Azərbaycan dövləti insan hüquqlarının müdafiəsi ideallarına sadiqliyini dəfələrlə bəyan edib, bu sadiqliyi hər zaman işdə sübut edib və etməkdə də davam edir: “Son illərdə Azərbaycanda demokratiyanın möhkəmləndirilməsi, insan hüquqlarının müdafiəsi və insan kapitalının hərtərəfli inkişaf etdirilməsi sahəsində əhəmiyyətli işlər görülüb. Yeni uzunmüddətli proqramların qəbul edilməsi bu istiqamətdə görülən işləri gücləndirmək məqsədi daşıyır. Bununla yanaşı, hökumət 20 il ərzində davam edən Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünün fundamental hüquqlarının kütləvi şəkildə pozulmasını və bunun insan hüquqlarının ümumi vəziyyətinə mənfi təsirini xüsusilə qeyd etməyi zəruri hesab edir. Azərbaycan hökuməti Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması nəticəsində bu ərazilərdə öz vətəndaşlarının, o cümlədən erməni mənşəli vətəndaşlarının hüquqlarını təmin edə bilmədiyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırır. Ermənistanda baş verən son qanlı hadisələrə, deputatların və müxalifət liderlərinin kütləvi həbsinə, dinc toplantı iştirakçılarına qarşı zorakı hərəkətlərin, hətta odlu silahın tətbiqinə, 8 nəfərin öldürülməsinin rəsmən elan olunmasına, 100-dən çox insanın xəsarət almasına, fövqəladə vəziyyətin elan olunmasına, jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılmasına, senzuranın tətbiqinə, siyasi fəaliyyətin ümumiyyətlə dondurulmasına və digər anti-demokratik tədbirlərə, habelə Ermənistan tərəfindən atəşkəs rejiminin intensiv şəkildə pozulmasına reaksiyanın kifayət qədər kəskin olmamasını nəzərə alaraq, biz Azərbaycana münasibətdə qeyri-obyektiv tənqidi yanaşmanın nümayiş etdirilməsini ikili standartların göstəricisi hesab edirik”.
Ə. Həsənov bildirib ki, Azərbaycan hökuməti Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin insan hüquqları sahəsində vəziyyətlə bağlı 2007-ci il hesabatında konstruktiv tənqidlə yanaşı, ölkəmizdə demokratiyanın inkişafı, insan hüquqlarının, o cümlədən söz və mətbuat azadlığının təmin edilməsi istiqamətində bütün nailiyyətlərin əks etdirilmədiyini, obyektivliyi şübhə doğuran mənbələrdən daxil olan məlumatlardan istifadə olunduğunu və bir sıra faktların təhrif edildiyini, dövlət rəsmilərinin bəzi çıxışlarının düzgün şərh edilmədiyini və qeyri-dəqiq əks etdirildiyini, hesabatda əksini tapmış fikir və iradların çoxunun o sahə ilə bağlı məlumatsızlıqdan və məsələlərin kökünün dərindən araşdırılmamasından irəli gəldiyini qeyd edir və hesabatın ümumi qiymətləndirilməsi ilə razılaşmanın mümkün olmadığını bildirir: “Azərbaycan onun yurisdiksiyası altında olan bütün şəxslərin hüquqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlərin davam etdiriləcəyini bir daha təsdiq edir. Eyni zamanda insan hüquqlarının universal dəyər olduğunu nəzərə alaraq, Azərbaycan hökuməti onların heç bir istisna olmadan istər inkişaf etməkdə olan, istərsə də inkişaf etmiş bütün dünya ölkələri tərəfindən təmin edilməsi zərurətini xatırlatmaq istəyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR