Bank Of Baku

NATO-nun Şərq həmləsi - TƏHLİL

NATO-nun Şərq həmləsi - <font color=#FF0000>TƏHLİL</font>
# 14 mart 2008 09:38 (UTC +04:00)
Buxarest. Dr. Fəxri Kərimli-APA. Şimali Atlantika alyansının aprelin ilk həftəsində baş tutacaq Buxarest zirvə görüşünün bir çox mətləblərə aydınlıq gətirəcəyi gözlənilir. Əlbəttə, burada Azərbaycanı maraqlandıran məsələlər də az deyil. Heç şübhəsiz ki, həmin məsələlər arasında ilk yerlərdən birini NATO-nun Şərqə doğru irəliləməsi prosesi tutmaqdadır.
Adı Almaniyanın məşhur tarixi strategiyası olan “Drang nach Osten” (“Şərqə doğru təzyiq”) ilə həmahəng səsləşən bu proses artıq Qərbi Balkanların taleyinə aydınlıq gətirməklə yanaşı, Qara dənizin digər sahillərindəki ölkələrin də taleyində yeni mərhələ aça bilər. Çünki Rumıniya və Bolqarıstanın 2003-cü ildə NATO-ya qəbul olunması ilə Qara dənizin qərb sahilinə çıxış əldə edən alyans bu sammit ilə Balkanlarda qalan “boşluqları doldurmaq” niyyətindədir. Bundan sonra isə Rusiyanın ənənəvi nüfuz dairəsi hesab olunan keçmiş sovet məkanına nəzər salmaq olar. Elə təkcə bu cəhət Buxarest sammitinin əhəmiyyətini əyani surətdə nümayiş etdirir. Çünki tarixdə ilk dəfə olaraq Avroatlantika qurumlarından biri Avropa dövlətlərinin inteqrasiyasını demək olar ki, başa çatdıraraq (3 keçmiş Yuqoslaviya respublikası istisna olmaqla) keçmiş SSRİ-nin coğrafi sərhədlərinə dirənib. Əgər NATO-nun hərəkət marşrutunun Avropa İttifaqı tərəfindən təqib olunmasını nəzərə alarsaq, o zaman həqiqətən də beynəlxalq münasibətlər tarixində bir mərhələnin başa çatıb, digərinin isə başlamasının şahidi olarıq.
Amma hələlik buna xeyli vaxt var. İndilik dünyanın gündəmində Xorvatiya və Albaniyanın NATO-ya üzvlük ümidləri ilk yerdədir. Martın 6-da Brüsseldə keçirilən NATO-ya üzv dövlətlərin arici işlər nazirlərinin toplantısında istər Tirana, istərsə də Zaqrebin üzvlüyə dəvət alacaqları dəqiqləşdi. Üçüncü namizəd ölkə olan Makedoniyanın taleyi isə dövlətin rəsmi adı ətrafında Yunanıstan ilə mövcud mübahisədən asılıdır. Brüssel toplantısında ABŞ, Hollandiya, Sloveniya və Türkiyə başda olmaqla bir sıra ölkələr “Adriatik məramnaməsi”nə daxil olan həmin üç ölkənin üzvlük üçün tələb olunan şərtləri böyük ölçüdə yerinə yetirdiklərini bəyan ediblər. Bununla bərabər həmin iclas zamanı konkret qərar qəbul olunmayıb və NATO XİN başçıları Buxarest sammitinin gedişində bəzi mövzuların tamamlanmasına ehtiyac duyulduğunu qeyd ediblər.
“Adriatik üçlüyü”nün NATO perspektivləri baxımından rəsmi Afinanın izlədiyi siyasət xüsusi önəmə malikdir. Yunanıstan Albaniya ilə Xorvatiyanın namizədliklərini dəstəkləsə də, gözlənildiyi kimi Makedoniyaya dair fərqli baxışa sahib olduğunu göstərib. Yunanıstanın xarici işlər naziri Dora Bakoyanni mətbuat üçün verdiyi açıqlamada bu mövqeni bir daha təsdiqləyib: “Müttəfiqlərimizə bildirdim ki, keçmiş Yuqoslaviya respublikası Makedoniyadan söhbət gedəcəyi müddətcə hökumətimizin qonşu ölkəyə qarşı yürütdüyü siyasət müsbət çalar daşımayacaq”.
Afinanın qərarı Skopye üçün həlledici xarakter daşıyır. Çünki NATO-nun əsasını təşkil edən sənəddə Alyansın bütün qərarlarının konsensus yolu ilə qəbulu qeyd olunub. Yunanıstanın veto hüququndan istifadə etməsi Makedoniyanın alyansa inteqrasiyasını sual altında qoymaqdadır. Sanki yaranmış vəziyyət Şimali Atlantika Alyansını az narahat edir. NATO-nun baş katibi Yaap Hoop de Sxeffer ötən həftə bildirib ki, durumun dəyişmə ehtimalı azdır: “Bir tərəfdə müttəfiqimiz olan Yunanıstan, digər tərəfdə isə müttəfiqimiz olmayan Makedoniya durur. NATO isə konsensus yolu ilə çalışan qurumdur”.
Alyansa üzvlüyün bir addımlığında olmaları Xorvatiya və Albaniyanın siyasi partiyaları və ictimaiyyəti tərəfindən az qala siyasi qələbə kimi qəbul olunur. Amma bu iki ölkənin arasında belə böyük fərqlər mövcuddur. Keçmiş sosialist blokunun ən inkişaf etmiş ölkələrindən sayılan Yuqoslaviyanın əsas sənaye zonalarından olan Xorvatiyanın inkişaf səviyyəsi ilə müşahidəçilərin ən zəif namizəd olaraq nəzərdən keçirdikləri Albaniya arasında dərin uçurum nəzərə çarpmaqdadır. Yaranmış vəziyyət Makedoniyada tam əksi olaraq ruh düşkünlüyü ilə qarşılanıb. Ölkə hökuməti dünyanın 20 məşhur qəzetində Makedoniyanın üzvlüyə layiq olması və rəsmi adı ucbatından ədalətsizliyə məruz qaldığını vurğulayan yazıları seçərək reklam şəklində əhali arasında yayıb.
Bəs Makedoniyanın NATO-ya namizədliyini “dəfn edən” mübahisənin kökündə nə dayanır? Adı Makedoniyalı İsgəndər ilə bağlı olan bu tarixi vilayət Osmanlı İmperiyasının Avropadan çəkildiyi Balkan müharibələri (1912-13) nəticəsində Serbiya (Vardar Makedoniyası), Yunanıstan (Egey Makedoniyası) və Bolqarıstan (Pirin Makedoniyası) arasında bölüşdürülüb. Tarixi vilayətin əsas əhalisi olan slavyan makedoniyalılar Afina tərəfindən slavyanlaşmış yunan, Sofiya tərəfindən isə bolqarların etnik qrupu kimi qəbul olunur. Yalnız sosialist Yuqoslaviyanın banisi İosif Broz Tito 1946-cı ildə həmin əhalini ayrıca millət kimi qəbul edərək Vardar Makedoniyasını “Makedoniya Sosialist Respublikası” adı altında federasiyanın 6 subyektindən biri elan edib. Keçən əsrin 90-cı illərində Yuqoslaviyanın süqutundan sonra müstəqilliyini elan edən Makedoniya Respublikası mövcudiyyətinin ilk günlərindən Yunanıstanın hərtərəfli təzyiqi ilə üz-üzə qalıb. Ölkənin adının Yunanıstanın eyni adlı vilayətinə ərazi iddiası kimi qəbul edən Afinanın səyləri nəticəsində yeni dövlət hətta BMT-də belə müvəqqəti kompromis variant olan “Keçmiş Yuqoslaviya Respublikası Makedoniya” adı altında qəbul olunub. Bununla belə Makedoniya Rusiya, Çin, ABŞ, Böyük Britaniya, Türkiyə başda olmaqla, dünyanın 118 ölkəsi tərəfindən konstitusion adı ilə tanınır. Amma Afinanın mövqeyində inad etməsi Skopyenin NATO və Aİ perspektivlərini təhlükə altında qoyur.
Yunanıstanın mövqeyinin yumşaldılması məqsədilə Makedoniya Konstitusiyasına Skopyenin heç bir ölkəyə qarşı ərazi iddiasının olmaması göstərilən xüsusi maddə əlavə olunub. Antik Makedoniyanı rəmzi ilə üst-üstə düşən rəsmi bayraq belə dəyişdirilib. Lakin yunan siyasi liderləri ümumiyyətlə “Makedoniya” adının dəyişdirilməsini tələb edən radikal 1992-ci il paktına sadiq qalmaqda davam edirlər. Hal-hazırda ABŞ diplomatiyası da vəziyyətin düzəldilməsi məqsədilə ciddi səylərə başlayıb. Bu günlərdə dövlət katibinin müavini Daniel Frid Skopyeyə səfər edərək prezident Branko Zrvenkovski və baş nazir Nikola Qruyevski ilə görüşlər keçirib: “NATO-da Makedoniyaya yer var, amma ad problemini həll etməliyik”.
NATO-nun mətbuat katibi Ceyms Apaturac yunan hökumətinin hər üç ölkənin NATO-ya birlikdə üzv olmasını çox istədiyini bəyan edib: “Balkanlarda uzunmüddətli sabitliyin reseptinin yalnız Avroatlantik inteqrasiyadan ibarət olması son dərəcədə aydındır”. /APA-ANALİTİKA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR