Bank Of Baku

ATƏT-in Minsk Qrupu: Vasitəçi, yoxsa tərəf? - TƏHLİL

ATƏT-in Minsk Qrupu: Vasitəçi, yoxsa tərəf? - <font color=#FF0000>TƏHLİL</font>
# 17 mart 2008 11:16 (UTC +04:00)
Əslində bu sənəd Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövcud durum ətrafında illüziyaları dağıdaraq məsələyə tam aydınlıq gətirib. Söhbət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bilavasitə məşğul olan ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin Azərbaycanın ərazi bütövlüyünün tanındığı və münaqişənin bu prinsip əsasında həllini nəzərdə tutan qətnamənin əleyhinə səs verməsindən gedir. ABŞ, Fransa və Rusiyanın qətnamənin əleyhinə səs verməsi haqlı olaraq sual doğurur: “ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamənin əleyhinə səs verirsə, o zaman belə bir qurum münaqişənin nizamlanmasında nə qədər obyektiv vasitəçilik edə bilər?” Qətnamənin qəbulu ilə bağlı maraqlı məqamlardan biri də həmsədr ölkələrin mövqeyinin təkcə qətnamənin əleyhinə səs verməklə yekunlaşmaması, həm də bu sənədin qəbulunun əleyhinə aktiv fəaliyyət aparmasıdır. Bu situasiya iki mühüm nəticəni ortaya çıxarıb:

1) ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri münaqişənin nizamlanmasında bitərəf vasitəçi deyil, konkret TƏRƏFDİR. Onların mövqeyi münaqişə nəticəsində hüququ pozulan Azərbaycanın deyil, işğalçı Ermənistanın mövqeyi ilə üst-üstə düşür.
2) Həmsədr ölkələrin təklif etdikləri həll modelləri Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslana bilməz. Həmsədrlərin mövqeyi göstərir ki, onlar münaqişənin ərazi bütövlüyü prinsipinə görə deyil, millətlərin öz müqəddəratını təyin etməsi prinsipi, yaxud hər iki prinsipin qarışıq formulu əsasında həllinə çalışırlar.


Hər iki nəticənin yekunu olaraq Azərbaycan ictimaiyyətində ATƏT-in Minsk Qrupunun fəaliyyətinə olan etimadın zəifləyəcəyini söyləmək artıqdır. Uzun illər boyu münaqişənin nizamlanması istiqamətində heç bir nəticə əldə edə bilməyən Minsk Qrupuna onsuz da cəmiyyətdə birmənalı münasibət mövcud deyil. Amma həmsədr ölkələr qətnamənin əleyhinə səs verməklə bir amili hnəzərdən qaçırırlar BMT Baş Assambleyasında tutduqları mövqe Azərbaycanın deyil, məhz ATƏT-in Minsk Qrupunun durumunu çətinləşdirib. Sözsüz ki, münaqişənin nizamlanması prosesində nəticədən asılı olmayaraq həlledici məqamlardan biri hər iki cəmiyyəti kompromislərə hazırlaşdırmaq olacaq. Həmsədrlər bununla bağlı dəfələrlə bəyanat verib və Azərbaycan və Ermənistanda ölkə ictimaiyyətini kompromisə hazırlaşdırmağın vacibliyini vurğulayıblar. İndiki situasiyada həmsədrlər tutduqları mövqe ilə həm Azərbaycanın kompromisə getmək imkanını məhdudlaşdırır, həm də cəmiyyətin mövcud kompromisləri qəbul etmək şansını sıfıra endirmiş olur.

Məntiq isə sadədir vasitəçilər Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, münaqişənin bu prinsip əsasında həllindən qaçırlarsa, o zaman cəmiyyət həmsədr ölkələrin istənilən təklifinin Ermənistanın marağına cavab verdiyini düşünərək, bu təklifləri rədd etmiş olacaq. Beləliklə həmsədrlər BMT Baş Assambleyasında tutduqları mövqe ilə əslində cəmiyyətdə özlərinə olan etimadı zərbə altına qoymuş olublar.

Azərbaycan ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasından imtina edə bilərmi? BMT-də qəbul olunan qətnamədən sonra belə hadisələrin bu istiqamətdə inkişafı real görünmür. Ən azı ona görə ki, həmin qətnamədə belə ATƏT-in Minsk Qrupunun fəaliyyəti dəstəklənib və xarici işlər nazirinin müavini Araz Əzimov da verdiyi açıqlamada Azərbaycanın ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqlar prosesini davam etdirməkdə maraqlı olduğunu bildirib. Lakin Azərbaycan tərəfi danışıqlarda önəmli keyfiyyət dəyişikliklərinin olmasını istəyir və istər qəbul olunan qətnaməni, istərsə də rəsmi səviyyədə verilən açıqlamaları dəyərləndirsək, belə bir qənaətə gəlmək olar.

Lakin Azərbaycan tərəfi gerçəkdən danışıqlar prosesində irəliləyişə nail olmaq və BMT Baş Assambleyasında qəbul olunan qətnamənin mahiyyətindən yararlanmaq istəyirsə, o zaman həmsədr ölkələr qarşısında konkret şərt qoymalıdır münaqişənin ölkələrin ərazi bütövlüyü prinsipi çərçivəsində həlli dəqiqləşməli və danışıqlar konkret bu prinsip əsasında aparılmalıdır. BMT Baş Assambleyasında qəbul olunan qətnamə Azərbaycan tərəfin belə bir şərt irəli sürməsinə imkan verir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dair danışıqların sonrakı mərhələsi məhz bu şərtin həmsədr ölkələr tərəfindən qəbulundan asılıdır. Özəyində ölkələrin ərazi bütövlüyü prinsipi dayanmayan danışıqların nəticəsinin isə bu günə qədərki nəticədən fərqli olacağı inandırıcı deyil. /APA-Analitika/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR