Bank Of Baku

BAXCP ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina olunmasına çağırıb

BAXCP ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina olunmasına çağırıb
# 17 mart 2008 16:11 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. BAXCP-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, partiya Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasında (BMT BA) qəbul edilən qətnaməyə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlərin mövqeyini qətiyyətlə pisləyib: "Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası fəaliyyətdə olduğu dövr ərzində, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllində maraqlı olmadıqlarını vurğulayıb. Partiyanın Minsk Qrupunun fəaliyyəti ilə bağlı qəbul etdiyi bütün bəyanatlarda qeyd olunub ki, həmsədr dövlətlər regiona təsir imkanlarını qorumaq üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarıyla bağlı məsələnin hələ uzun müddət dondurulmuş vəziyyətdə saxlamaq niyyətindədirlər. ABŞ, Rusiya və Fransanın Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasında qəbul edilən qətnamənin əleyhinə səs verməsi BAXCP-nin ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlərin riyakar siyasətilə bağlı mövqeyinin doğruluğunu bir daha təsdiqləyir".
Bəyanatda qeyd olunub ki, Baş Assambleyada qəbul olunan qətnamədə, həmsədr ölkələrin bu günə qədər səsləndirdikləri prinsiplərin, yəni münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasıyla bağlı müddəaların yer almasına baxmayaraq, vasitəçi ölkələrin əks mövqe sərgiləməsi anlaşılan deyil: "Yaranmış vəziyyət sübuta yetirir ki, həmsədr dövlətlər münaqişənin beynəlxalq hüquq normalarına uyğun həllini tənzimləmə prosesi üçün prioritet saymırlar. Bu isə adıçəkilən dövlətlərin Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı verdiyi saysız-hesabsız bəyanatların, eləcə də vasitəçilik missiyasının səmimiliyini şübhə altına alır".
BAXCP hesab edir ki, bu hadisədən sonra ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasının davam etdirilməsi yolverilməzdir: "Bu baxımdan, Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olan, problemin ədalətli həllinə maneə yaradan ölkələrin vasitəçiliyindən imtina olunmalıdır. Münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həlli, o cümlədən işğal altında olan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunmasıyla bağlı qətnamələrin yerinə yetirilməsi üçün BMT Təhlükəsizlik Şurasına müraciət edilməli, problemin BMT müstəvisində həlli üçün səylər gücləndirilməlidir".
BAXCP İdarə Heyəti qətnamənin əleyhinə səs verən və bitərəf qalan ölkələrdən izahat tələb edilməsini də zəruri sayır.
Bəyanatda ölkənin enerji resurslarının ixracından əldə edilən gəlirlərin əhəmiyyətli hissəsinin ordu quruculuğu prosesinə yönəldilməsi, peşəkar ordu quruculuğu prosenin sürətləndirilməsinin vacibliyi də öz əksini tapıb: "Azərbaycan Silahlı Qüvvələrinin ən müasir hərbi texnika və silah-sursatla təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməli, təcavüzkar torpaqlarımızdan qovulmalı, ərazi bütövlüyümüz bərpa olunmalıdır".
BAXCP İdarə Heyətinin müzakirə etdiyi digər məsələ isə partiyanın növbəti qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi üzvlərinin iştirakıyla regionlarda keçirilən müşavirələrlə bağlı olub. Zona müşavirələri, BAXCP rayon (şəhər) təşkilatlarında qaldırılan məsələlər, hesabat-seçki konfranslarına və Qurultaya hazırlıqla bağlı İdarə Heyətinə məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR