Bank Of Baku

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi açılacaq

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi açılacaq
# 18 mart 2008 08:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov səfərin ilk günündə Əbu Dəbi əmirliyinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı E. Məmmədyarov baş nazir Artur Rəsizadənin dəvət məktubunu ünvan sahibinə təqdim edərək Şeyx Məhəmmədi tezliklə Azərbaycanda görməyə ümidvar olduğunu bildirib. Şeyx Məhəmməd isə yaxın zamanlarda mütləq Azərbaycana səfər edəcəyini və səfərdən öncə Bakıya müxtəlif nazirliklərin nümayəndələrindən ibarət heyətin ezam olunacağını söyləyib. E. Məmmədyarov səfirliklərin qarşılıqlı əsasda fəaliyyət göstərməsinin əlaqələrin inkişafı baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayaraq Bakıda BƏƏ səfirliyinin açılması məsələsinə toxunub. Şeyx Məhəmməd isə ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafına əhəmiyyət verdiyini qeyd edərək tezliklə Bakıda səfirlik açacaqlarını açıqlayıb. Görüş zamanı Bakı ilə Əbu Dəbi arasında birbaşa hava xəttinin açılması məsələsi də gündəmə gəlib. E. Məmmədyarov həmkarı Şeyx Abdulla bin Zayed Əl Nəhyanla görüşündə prezident İlham Əliyevin BƏƏ prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nəhyana ünvanlanmış dəvət məktubunu təqdim edib. O, iki ölkə arasında beynəlxalq təşkilatlar və xüsusən BMT və İKT çərçivəsində səmərəli əməkdaşlıqdan razılığını ifadə edərək BMT-də keçirilmiş son səsvermə zamanı Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəklədiyinə görə BƏƏ hökumətinə təşəkkürlərini çatdırıb. BƏƏ-nin Azərbaycanın mövqeyini daim dəstəkləyəcəyini vurğulayan Şeyx Abdulla isə tezliklə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına əminliyini bildirib. Görüşün sonunda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və BƏƏ-nin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrə dair anlaşma Memorandumu, habelə vaxtilə Azərbaycanla BƏƏ arasında imzalanmış cinayət işləri üzrə hüquqi yardım haqqında, ekstradisiya haqqında, mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında 3 müqavilə üzrə ratifikasiya fərmanlarının mübadiləsinə dair protokollar imzalanıb.
E. Məmmədyarovun səfəri davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR