Bank Of Baku

Arif Hacılı: “ADP-nin kölgə kabineti formalaşdırmaq ideyası ciddi görünmür”

Arif Hacılı: “ADP-nin kölgə kabineti formalaşdırmaq ideyası ciddi görünmür”
# 18 mart 2008 10:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Azərbaycan Demokrat Partiyasının kölgə kabineti formalaşdırmaqla bağlı ortaya atdığı məsələ indiki siyasi məqamda və ADP-nin siyasi təsir imkanları fonunda bir qədər ciddi görünmür”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ADP-nin hakimiyyət komandası formalaşdırmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu vaxta qədər həmin kabinetdə təmsil olunmaqla bağlı onlara hər hansı müraciət olunmayıb və müraciət olsa da belə bir fikirləri yoxdur: “Biz seçkilər ərəfəsində ciddi məsələlərin müzakirə edilməsinin tərəfdarıyıq. Yəni Müsavat olaraq biz seçkilərdə iştirak naminə yox, qalib gəlmək naminə iştirak etmək niyyətindəyik. İstər kölgə kabinetinin, istər real Nazirlər Kabinetinin yaradılması bu gün üçün real deyil. Seçki yaxınlaşdıqca, qüvvələr nisbəti bəlli olduqca, bu məsələlərin həll edilməsi mümkündür və belə bir kabinet yaratmaq lazım gəlsə, özümüz yaradacağıq”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov isə hakimiyyətlə dialoq məsələsini irəli sürən partiyanın formalaşdıracağı komandada AXCP-nin hər hansı üzvünün təmsil olunmasını mümkün saymır: “Neçə müddətdir ADP hakimiyyətlə dialoq məsələsini ortaya qoyub. Biz bu partiya ilə birgə kölgə kabineti formalaşdıra bilmərik. Çünki bu hakimiyyətlə əməkdaşlıq arzusunda olan partiya ilə bir koalisiyada təmsil olunmaq mümkün deyil”.
ADP sədrinin birinci müavini Həsrət Rüstəmov isə Müsavat və AXCP təmsilçilərinin bu məsələdən narahat olmasına ehtiyac görmür. Onun sözlərinə görə, əslində bu ideyanı irəli sürməklə ADP müxalifətin seçkilərdə vahid komanda ilə iştirak niyyəti güdür: “Biz bunu Sərdar Cəlaloğlunun namizədliyi ətrafında etmək istəyirik. Bu komandada siyasi fiqurların yox, kadrların təmsil olunmasına çalışırıq. Burada nə Həsən Kərimovun, nə də Arif Hacılının iştirakı nəzərdə tutulmayıb. Professionalların bu komandada olmasını qarşıya məqsəd qoymuşuq və bu istiqamətdə də iş uğurla gedir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR