Bank Of Baku

Azərbaycan nümayəndələri ABŞ Konqresində keçirilən dinləmələrdə çıxış ediblər

Azərbaycan nümayəndələri ABŞ Konqresində keçirilən dinləmələrdə çıxış ediblər
# 26 mart 2008 08:14 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, Azərbaycan diasporunun nümayəndələri 2009-cu ildə Dağlıq Qarabağa heç bir yardımın göstərilməməsini xahiş ediblər. ABŞ-ın gələn il üçün dövlət büdcəsinin maddələri ilə bağlı alt komitədə keçirilən dinləmələrdə çıxış edən T. Azəri bildirib ki, Azərbaycan müasir dövrün tələbləri ilə inkişaf edən dövlətdir. O, 1993-cü ildə senzuranın ləğv edildiyini, ölkədə 2000-dən çox KİV-in fəaliyyət göstərdiyin, 1400-dək QHT-in qeydiyyata alındığını deyib. T. Azəri ABŞ-la Azərbaycanın enerji təhlükəsizliyi əməkdaşlığının strateji xarakter daşıdığını, 2007-ci ildə Kondaliza Raysla Elmar Məmmədyarovun enerji sahəsində anlaşma memorandumunun imzaladığını xatırladıb, Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum kəmərlərinin bu əməkdaşlığa töhfə verdiyini söyləyib.
Diasporun digər nümayəndəsi Adil Bağırov isə çıxışında bildirib ki, 1992-ci ildən Ermənistan ABŞ-dan demokratikləşmə məqsədi ilə 225 milyon dollar alıb. Bu, regionda ABŞ-ın əsas müttəfiqi sayılan Azərbaycana ayrılan yardımdan 4 dəfə çoxdur. Onun sözlərinə görə, rəsmi Vaşinqtonun Ermənistanın demokratikləşməsi ilə bağlı bütün cəhdləri və xərclədiyi milyonlarla dollar heç bir nəticə verməyib. A. Bağırov xatırladıb ki, bu il martın 1-də İrəvanda polis 8 günahsız mitinq iştirakçısını qətlə yetirib və ölkədə 20 günlük fövqəladə vəziyyət elan edilib. O deyib ki, ABŞ qonşu dövlətin torpaqlarını işğal edən, soyqırımları törədən, etnik təmizləmə həyata keçirən, öz vətəndaşlarını qətlə yetirməkdən belə çəkinməyən dövləti dəstəkləməməlidir.
Daha sonra çıxış edən Cavid Hüseynov bildirib ki, 1990-cı illərin əvvəlində mövcud olan bütün iqtisadi və siyasi risklərə, torpaqlarının işğal olunmasına baxmayaraq, Azərbaycan Qərbi alternativ enerji ilə təmin edən dəhlizi inşa etməyə müvəffəq olub. O qeyd edib ki, Azərbaycan hərbçilərini Əfqanıstan və İraqa yollayıb.
Bütün qeyd olunan məqamları nəzərə alaraq, hər üç natiq 2009-cu ildə Azərbaycana nəzərdə tutulan yardımın qüvvədə saxlanılmasını, yəni 19.5 milyon dolların verilməsi, Ermənistana 24 milyon dollardan artıq olmayan yardımın göstərilməsini xahiş ediblər. Azərbaycan icmasının nümayəndələri Dağlıq Qarabağa 2009-cu ildə heç bir yardımın göstərilməməsini arzulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR