Bank Of Baku

Bakıda “Uydurma erməni soyqırımı və gerçəklər” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

Bakıda “Uydurma erməni soyqırımı və gerçəklər” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb
# 27 mart 2008 11:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azəri-Türk Qadınlar Birliyi və Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü ilə “Uydurma erməni soyqırımı və gerçəklər” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. APA-nın məlumatına görə, konfransın açılış mərasimində erməni-rus hərbi birləşmələrinin 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində törətdikləri qətliamlarından bəhs edən “Tarixin bir günü və ya bir günün tarixi” adlı sənədli filim nümayiş olunub. Konfransda çıxış edən Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, tarix boyu ermənilər xarici havadarlarının köməkliyi Azərbaycan xalqına qarşı təcavüzkar münasibət sərgiləyiblər. O, son 200 il müddətdə ermənilərin törətdikləri soyqırım nəticəsində 2 milyon azərbaycanlının öz yurdlarından deportasiya edildiyini və 1,5 milyon azərbaycanlının qətlə yetirildiyini xatırladıb. Milli Məclisin deputatı, tarixçi alim Fəzail İbrahimli çıxışında regionda yaşayan türklərə qarşı törədilən soyqırım aktlarının məqsədli xarakter daşıdığını deyib. Onun sözlərinə görə, bu qətl hadisələrinin arxasında Rusiya və Avropanın bölgədə marağı olan dövlətləri dayanıb. O, Dağlıq Qarabağ münaqişəsinin həllində yaranan problemin kökündə də bu amilin dayandığını söyləyib. Türkiyənin keçmiş ticarət naziri, Türkiyə İqtisadi və Sosial Araşdırmalar Fondunun sədri Agah Oktay Güner isə türk millətinin ermənilərə qarşı 1915-ci ildə soyqırım törətməsi ilə bağlı deyilənləri tarixin saxtalaşdırılması kimi dəyərləndirib. Onun sözlərinə görə, dünya türklərinə təzyiqlərin qarşısının alınması üçün Ümumdünya Türk Şurasının yaradılmasına ehtiyac var. O, türk dövlətlərini bu istiqamətdə birgə fəaliyyətə çağırıb. Konfransda çıxış edən Milli Məclisin deputatları Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Şimali Kipr Türk Respublikasının parlamentinin deputatı Şerife Ünverdi və digərləri ermənilərin soyqırım iddialarının əsassız olduqlarını faktlarla sübuta yetiriblər. Tədbirdə konfrans iştirakçıları adından beynəlxalq təşkilatlara müraciət də qəbul olunub. Müraciətdə bu qurumlardan Ermənistanı təcavüzkar dövlət kimi tanınması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və BMT-nin bununla bağlı məlum qətnamələrinə əməl edilməsi üçün tədbirlər görmək tələb olunub. Qeyd edək ki, konfrans martın 30-na kimi davam edəcək. Konfrans iştirakçıları həmçinin Qubada erməni-rus hərbi birləşmələri tərəfindən qətlə yetirilən azərbaycanlıların kütləvi dəfn olunduğu məzarlığa da baş çəkəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR