Bank Of Baku

“Aqo” qrupu: “Azərbaycanda söz azadlığı məsələsi ilə bağlı bütün maraqlı tərəflərlə görüşmək istəyirik”

“Aqo” qrupu: “Azərbaycanda söz azadlığı məsələsi ilə bağlı bütün maraqlı tərəflərlə görüşmək istəyirik”
# 30 mart 2008 09:29 (UTC +04:00)
- Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan və Ermənistan üzrə ”Aqo” Monitorinq Qrupu aprelin 2-5-də Azərbaycanda səfərdə olacaq. Səfər zamanı hansı məsələlər müzakirə ediləcək?
- Bildiyiniz kimi, qrupa 13 ölkə daxildir, lakin səfərdə 9 ölkənin nümayəndəsi iştirak edəcək. Əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də qrup Azərbaycanın götürdüyü və hələ də tam yerinə yetirmədiyi öhdəliklərin həyata keçirilməsinin vəziyyəti ilə maraqlanacaq. Qrup bu işi təbii ki, iki gün ərzində rəsmi şəxslər, vətəndaş cəmiyyətinin nümayəndələri, media mənsubları, siyasi qüvvələrin təmsilçiləri ilə keçirəcəyi görüşlər vasitəsilə reallaşdıracaq. Görüşlərdə media və söz azadlığı məsələsi diqqət mərkəzində olacaq. Bilirsiniz ki, ötən səfərimiz zamani əsas diqqət məhkəmə sisteminin müstəqilliyi və funksiyası məsələsinə yönəlmişdi. Bu səfər zamanı isə “Aqo” qrupu diqqəti əsasən medianın vəziyyətinə yönəltmək qərarına gəlib. Mətbuatın vəziyyəti həm peşəkar media mənsubları, həm də dövlət orqanlarının təmsilçiləri ilə keçiriləcək görüşlərdə müzakirə ediləcək. Daha sonra bir neçə müxalifət partiyasının liderləri ilə görüşəcəyik. Təəssüf ki, bütün partiyalarla görüşə bilməyəcəyik. Bununla belə, ölkədəki əsas siyasi qüvvələrin təmsilçiləri ilə görüşlər keçirəcəyik. Bu görüşlərdə əsas müzakirə mövzusu ölkədə qarşıdan gələn prezident seçkilərinə hazırlıq məsələsi olacaq. Qrup bu məsələni rəsmi dairələrlə, vətəndaş cəmiyyətinin nümayəndələri ilə də müzakirə edəcək. Prezident seçkiləri Avropa Şurasının diqqətindəki əsas məsələlərdəndir və qurum bu seçkilərlə əlaqəli bütün prosesləri yaxından izləməkdədir. Bu kontekstdə müzakirəsinə ehtiyac duyulan bir çox məsələ var. Məsələn, biz Seçki Məcəlləsinə dəyişikliklər, bu dəyişikliklərdən sonra onun həyata keçirilməsi yolları, seçki öncəsi bütün namizədlərin bərabər səviyyədə seçki kampaniyası aparması, mediadan bərabər səviyyədə istifadə etməsi və müxalifət təmsilçilərinin azad şəkildə seçki kampaniyası apara bilməsi istiqamətində görüləcək işlər haqqında da müzakirə aparacağıq. Seçkilər kontekstində sərbəst toplaşmaq azadlığı da təbii ki, gündəmdəki məsələlərdən biri olacaq. Ümumilikdə Azərbaycandakı demokratik institutların inkişafı məsələsi bütün tərəflərlə müzakirə ediləcək. Bildiyiniz kimi, bu yaxınlarda AŞ Nazirlər Komitəsində insan haqları üzrə komissar Tomas Hammarberqin Azərbaycan üzrə hesabatı dinlənilib. Komissarın bu hesabatda qaldırdığı bütün məqamlar “Aqo” qrupu tərəfindən bir daha qaldırılacaq.
- Azərbaycanda mətbuat azadlığı sahəsində yaranmış vəziyyəti necə qiymətləndirirsiniz?
- Avropa Şurasının baş katibi bu məsələ ilə bağlı öz narahatlığını bildirib. “Aqo” qrupu da ötən ilin iyununda Bakıda yüksək səviyyədə keçirdiyi bütün görüşlərdə söz və mətbuat azadlığının təmin edilməsinin vacibliyini vurğulamışdı və həbs edilən jurnalistlərin vəziyyətinə öz münasibətini bildirmişdi. Problem bu gün də mövcuddur və son günlər aclığa başlamış bəzi jurnalistlərin, eləcə də Eynulla Fətullayevin məsələsi bu səfər zamanı müzakirə ediləcək. Hesab edirəm ki, eyni mesajlar bu səfər sırasında da ölkə rəhbərliyinə çatdırılacaq. “Aqo” qrupu söz azadlığı məsələsi ilə bağlı bütün maraqlı tərəflərlə görüşmək istəyir. Maraqlı tərəflər dedikdə, həm media mənsubları, həm də dövlət strukturlarının təmsilçiləri nəzərdə tutulur. Elektron media vasitələrinin işi ilə məşğul olan Milli Televiziya və Radio Şurasının rəhbəri də Azərbaycan XİN-lə birgə keçirəcəyimiz dəyirmi masa çərçivəsində görüşəcəyimiz şəxslərdən biri olacaq. Bu dəyirmi masada digər rəsmi şəxslərin də iştirakı gözlənilir. Məqsəd hər iki tərəflə fikir mübadiləsi aparmaq, vəziyyəti yenidən nəzərdən keçirməkdir. Müzakirə edilən məsələlər arasında mediaya dair qanunvericilik və bunun Avropa standartlarına nə dərəcədə uyğunluğu məsələsi də olacaq. Bildiyiniz kimi, AŞ keçən ilin iyun ayında Azərbaycanda radio-televiziya haqqında qanunla bağlı ekspertiza aparmışdı və ”Aqo” qrupu bu mövzunu ardıcıl izləyib. Bu qanun AŞ üçün çox vacibdir. Belə ki, elektron medianın fəaliyyətini məhz bu sənəd tənzimləyir. AŞ ekspertləri həmin qanunla bağlı bir neçə tövsiyə ilə çıxış etmişdilər və “Aqo” qrupu bu tövsiyələrə nə dərəcədə cavab veriləcəyini diqqətdə saxlayır. Bu məsələ də təbii ki, dəyirmi masada müzakirə ediləcək.
- Azərbaycandan öncə Ermənistana səfər edəcəksiniz. Avropa Şurasının bu ölkədə prezident seçkilərindən sonra baş vermiş hadisələrə münasibəti necədir?
- Bu, ”Aqo” qrupunun Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra ölkəyə ilk səfəridir və seçkilərdən sonra baş vermiş olaylar kontekstində bu ölkədə müzakirə ediləcək çox məsələlər var. Seçkilərdən sonra baş vermiş olaylar, fövqəladə vəziyyətin elan edilməsi, aparılmış həbslər səfərimizin əsas müzakirə mövzuları olacaq. Qrup Ermənistandakı vəziyyəti yaxından izləyir və ölkədə seçkilərdən sonra aparılan həbslər barədə hər gün məlumat alır. “Aqo” qrupu AŞ-nin insan haqları üzrə komissarı Tomas Hammarberqlə də Ermənistandakı vəziyyətə dair məsləhətləşmələr aparıb. Bilirsiniz ki, cənab komissar bu yaxınlarda Ermənistana səfər etmişdi. Biz həbs edilən şəxslərin vəziyyəti ilə yaxından maraqlanacağıq və yaranmış vəziyyətdən çıxış yollarına dair ümumi fikir mübadiləsi aparacağıq. Biz Ermənistandakı bu olaylardan sonra dialoq yaratmaq və qarşılıqlı etibar əldə etmək üçün ölkədəki siyasi qüvvələrin hansı addımları ata biləcəyini öyrənmək istəyirik. Bundan başqa, Ermənistanda da müzakirə edəcəyimiz əsas məsələlərdən biri bu ölkədə medianın vəziyyəti olacaq.
- Səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də müzakirə olunacaqmı?
- Biz hər iki ölkədə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair vəziyyəti də müzakirə etmək niyyətindəyik. Bildiyiniz kimi, AŞ bu məsələnin həlli prosesində birinci dərəcəli rola malik deyil. Ancaq həm Azərbaycan, həm də Ermənistanın quruma üzv olarkən götürdükləri öhdəliklər arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi də var və bu, başlıca öhdəliklərdən biri sayılır. Ona görə də bu mövzu hər zaman “Aqo” qrupunun diqqətindədir və hər iki ölkəyə səfər zamanı da gündəlikdə olacaq. Qrup istər İrəvanda, istərsə də Bakıda münaqişənin həllinə dair indiki vəziyyəti, aparılan danışıqları, münaqişənin həlli perspektivlərini müzakirə edəcək. Dediyim kimi, bu məsələ ilə birbaşa ATƏT-in Minsk Qrupu məşğul olur, lakin götürülmüş öhdəliklər baxımından AŞ də bu məsələnin tez bir zamanda həllində maraqlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR