Bank Of Baku

ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin Azərbaycandakı səfirliklərinə etiraz bəyanatı göndərilib

ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin Azərbaycandakı səfirliklərinə etiraz bəyanatı göndərilib
# 31 mart 2008 13:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. BMT Baş Məclisinin 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməyə səsvermə zamanı ATƏT-in Minsk qrupu həmsədrlərinin tutduğu mövqeyə etiraz olaraq, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən dəyirmi masada qəbul edilmiş bəyanat bu gün həmsədr ölkələrin Bakıdakı səfirliklərinə göndərilib. YAP-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bəyanatda Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun üzərinə düşən məsuliyyət bir daha qeyd edilib, həmsədrlərin tərəflərə qeyri-bərabər münasibət göstərdiyi, hətta bəzi hallarda Ermənistanın təcavüzkar əməllərini pərdələyən açıqlamalar verməklə, münaqişənin həlli prosesinə xidmət etməyən addımlar atdıqları vurğulanıb. Belə münasibətin xüsusilə, BMT Baş Məclisinin 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməyə səsvermə zamanı daha bariz şəkildə özünü göstərdiyini bildirən bəyanat müəllifləri həmsədrlərin həmin qətnamənin əleyhinə səs verməsinin Azərbaycan ictimai rəyində kəskin etiraz doğurduğunu qeyd ediblər. Bəyanatı imzalayan siyasi partiyalar Minsk qrupu həmsədrlərinin məlum qətnaməyə münasibətdə tutduqları mövqeni qətiyyətlə pisləyərək, onları vasitəçilik missiyasının tələblərinə uyğun, beynəlxalq hüququn norma və prinsipləri əsasında fəaliyyət göstərməyə çağırıblar.
Qeyd edək ki, bəyanatı Ana Vətən, Sosial Rifah, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ədalət, Vətəndaş Birliyi, Vətəndaş Həmrəyliyi, Azərbaycan Naminə Alyans partiyaları və Milli Qeyri-hökumət təşkilatlarının Forumu imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR