Bank Of Baku

Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış Fəaliyyət Planının yerinə yetirilməsi vəziyyətinə dair hesabat açıqlanıb

Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış Fəaliyyət Planının yerinə yetirilməsi vəziyyətinə dair hesabat açıqlanıb
# 03 aprel 2008 11:49 (UTC +04:00)
Aİ xarici işlər komissarı Benita Ferrero-Valdnerin spikeri Kristian Xomanın APA-nın verdiyi məlumata görə, bu gün həmçinin Ermənistan, Gürcüstan, Ukrayna, Moldova, Livan, İordaniya və İsraillə bağlı müvafiq hesabatlar da dərc olunub. Azərbaycanla bağlı hesabatda Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri, birgə həyata keçirilən layihələr, siyasi və iqtisadi dialoqun vəziyyəti barədə materiallar öz əksini tapıb. Hesabat müəllifləri qeyd ediblər ki, 1992-ci ildən başlayaraq Avropa Komissiyası Azərbaycana 409 milyon avro dəyərində qrant ayırıb. Hesabatda 2003-cü ildə keçirilən prezident seçkilərində müəyyən irəliləyişlər qeydə alındığı, lakin beynəlxalq təşkilatların bəzi problemlər aşkarladığı bildirilir. Müəlliflər həmçinin məhkəmə sistemi, bələdiyyə özünüidarəetməsi, vətəndaşların hərbi xidmət keçməsi sahəsində islahatlar keçirildiyini xüsusi qeyd ediblər. Avropa İttifaqı hesab edir ki, Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizəyə dair Dövlət Proqramı qəbul etsə də, bu problem hələ də qalmaqdadır. Azərbaycanda söz azadlığı sahəsində əhəmiyyətli irəliləyişlərə nail olunduğunu deyən hesabat müəllifləri medianın iqtisadi problemlərinin hələ də həllini tapmadığını və müxalifət mətbuatına təzyiqlərin olduğunu vurğulayıblar: “Ölkədə qeyri-hökumət təşkilatlarına münasibətdə də problemlər qalmaqdadır. Həbsxanalarla bağlı problemlər də həllini tam şəkildə tapmayıb, cəzaçəkmə müəssisələrində məhkumların işgəncələrə məruz qalması faktlarına rast gəlinir. Bunun müqabilində siyasi məhbuslar probleminin həllində əhəmiyyətli irəliləyişlər qeydə alınıb. Azərbaycan qadınların, uşaqların və etnik azlıqların hüquqlarının müdafiəsi məsələsi istiqamətində də əhəmiyyətli işlər görməyi bacarıb”. Hesabatda qeyd olunur ki, Azərbaycan Rusiya, ABŞ, Türkiyə, Gürcüstan və Avropa İttifaqı ilə münasibətləri aktiv inkişaf etdirir. Dağlıq Qarabağ münaqişəsinə toxunan hesabat müəllifləri problemin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun səylərinin dəstəklədiklərini bəyan ediblər: “Bununla belə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri hələ də tam həllin tapmayıb”. Azərbaycanın narkotik maddələr daşınan tranzit yolların üzərində yerləşdiyini qeyd edən Avropa Komissiyası ölkənin bu problemlə yanaşı, insan alveri və terrorçuluğun maliyyələşdirilməsinə də qarşı mübarizə apardığını qeyd edib. Hesabatda həmçinin Azərbaycanın vergi, ticarət, inflyasiyaya qarşı mübarizə sahəsində pozitiv islahatlar həyata keçirdiyi bildirilir. Qeyd edək ki, sabah Bakıda hesabatın təqdimetmə mərasimi keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR