Moldovanın ABŞ-dakı səfiri Nikolae Çhirtoaka, Gürcüstanın BMT-dəki səfiri İrakli Alasaniya, Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Elin Süleymanov və Ukraynanın San-Fransiskoda baş konsulu Mikola Toçhiskiy Monterrey İnstitutunun tələbə və müəllim heyəti, Kaliforniya ştatının ayrı-ayrı inzibati vahidlərinin rəhbərləri və region üzrə ekspertlər qarşısında GUAM-ın əsas dəyərləri barədə məruzə ediblər. Dinləmələrdə ilk çıxış edən Ukraynanın San-Fransiskoda baş konsulu Mikola Toçinskiy bildirib ki, GUAM ölkələrini təmsil edən 4 dövlət insan haqları, regional və enerji təhlükəsizliyi, münaqişələrin həllinə vahid mövqedən yanaşırlar. O, GUAM-ın yarandığı tarixdən ciddi təkamül yolu keçdiyini və artıq ABŞ, Yaponiya, Baltik ölkələrlə işləyən daimi işçi qrupların olduğunu qeyd edib. Baş konsul GUAM tərkibində enerji məsələsindən başlayaraq turizm sahəsinə dair daimi 8 işçi qrupunun da fəaliyyət göstərdiyini deyib. Moldovanın ABŞ-dakı səfiri Nikolae Çhirtoaka təşkilatın formalaşdığı ölkələrin müstəqillikdən sonrakı taleyində çoxlu oxşarlığın olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan, Moldova və Gürcüstan təcavüzkar separatizmin qurbanı olublar. O, GUAM-ın fəaliyyətinin heç bir ölkəyə qarşı yönəlmədiyini, lakin heç bir qonşu ölkənin diktəsi altında da yaşamaq istəmədiyini xatırladıb. Səfir dörd ölkənin vahid siyasət apararaq MDB-nin digər hərbi və iqtisadi bloklarına daxil olmamasını eyni səbəblə izah edib. Azərbaycanın Los-Ancelesdə baş konsulu Elin Süleymanov adı çəkilən qurumun və Qərb, nə də Şərqmeylli siyasət yürütdüyünü, lakin stabil region yaratmaq marağında olduğunu dedi. O hətta 90-cı illərin ortasında GUAM-ın yaradılması təşəbbüsü ortaya çıxanda, hətta Ağ Evdəki bəzi məmurların təşkilatın əhəmiyyətini anlamadığını deyib. Baş Konsul 90-ci illərdə Azərbaycanın keçmiş Sovet respublikaları arasında öz daxili bazarını dünyanın iri neft şirkətlərinə açan, Qərb aləmi ilə inteqrasiya yolunu seçən ilk ölkə olduğunu deyib. Natiq Qazaxıstanın daha artıq neftə, Türkmənistanın isə qaza sahib olduğu halda, o dövrlər Azərbaycanın öz sərvətini düz istifadə etməkdə pioner olduğunu bildirib. Baş konsul həmin dövrlər Qərblə başlanan inteqrasiya siyasətinin daha sonra GUAM-ın yaradılmasını zəruri etdiyini xatırladıb. Gürcüstanın BMT-dəki səfiri İrakli Alasaniya GUAM-ın bugünkü roluna toxunaraq, onun enerji təhlükəsizliyində həyatı əhəmiyyət kəsb etdiyini deyib. O, bu şəbəkədə Azərbaycanın xüsusi rol oynadığını deyərək, iki qış dalbadal Azərbaycanın sayəsində süni enerji böhranından çıxdıqlarını xatırladıb. Səfir bildirib ki, Gürcüstanın enerji şantajına məruz qalması Avropa ölkələri üçün bir siqnal oldu və Rusiya gələcəkdə öz qaz silahını həmin ölkələrə qarşı da yönəldə bilər. Səfir bu gün bir sıra iri Avropa dövlətlərinin ciddi şəkildə Rusiya qazından asılı olduğunu bildirib. O misal kimi Almaniyanın istehlak etdiyi qazın 25 faizini Rusiyadan aldığını xatırladıb. Daha sonra dinləmələr yerli ekspertlərin və tələbələrin sualları ilə davam edib.
Qeyd edək ki, Monterrey İnstitutunda keçirilən tədbir bu həftə Kaliforniya ştatının şimalında təşkil olunan üçüncü belə tədbirdir. Bundan əvvəl Azərbaycanın Los-Ancelesdə baş konsulu Elin Süleymanov və Gürcüstanın BMT-dəki səfiri İrakli Alasaniya San-Fransisko və Berkli Universitetin müəllim və tələbə heyəti qarşısında çıxış edərək regionumuzda gedən proseslər haqqında məlumat vermişdilər. Ötən gün isə hər iki diplomat və İsrailin San-Fransiskoda baş konsulu David Akov nüfuzlu Amerika İsrail İctimai Əlaqələr Komitəsinin üzvləri qarşısında Azərbaycan və Gürcüstanda olan dini tolerantlıq barədə danışıblar. Qeyd edək ki, Amerika İsrail İctimai Əlaqələr Komitəsinin üzvləri bir müddət əvvəl Bakıya səfər edərək Azərbaycanın siyasi rəhbərliyi ilə görüşüblər.