Bank Of Baku

Azərbaycanın NATO yanındakı nümayəndəliyi zirvə toplantısı ilə bağlı açıqlama yayıb

Azərbaycanın NATO yanındakı nümayəndəliyi zirvə toplantısı ilə bağlı açıqlama yayıb
# 04 aprel 2008 13:38 (UTC +04:00)
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açıqlamada bildirilir ki, toplantının yekunları əsasında qəbul olunmuş Buxarest Bəyannaməsində alyans Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı növbəti dəfə öz prinsipial mövqeyini nümayiş etdirərək Ermənistan-Azərbaycan münaqişəsinin ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həllini dəstəkləyib. Belə ki, Bəyannamənin 43-cü bəndində deyilir: “Biz Cənubi Qafqaz və Moldova Respublikasında regional münaqişələrin davam etməsindən narahatıq. Bizim ölkələrimiz Ermənistan, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləyir. Biz bu regional münaqişələrin qeyd olunan prinsipləri nəzərə almaqla, sülh yolu ilə həllinə yönəlmiş səyləri dəstəkləməkdə davam edəcəyik”. Açıqlamada deyilir ki, sammit çərçivəsində aprelin 3-də Avroatlantik Tərəfdaşlıq Şurası ölkələrinin dövlət və hökumət başçılarının toplantısı, həmçinin NATO-nun Əfqanıstan üzrə zirvə görüşü keçirilib. Sonuncu görüşdə alyans ölkələri ilə yanaşı, Əfqanıstanda aparılan sülhməramlı əməliyyatlara töhfə verən digər ölkələrin rəhbərləri də iştirak ediblər. Bu yığıncaqlarda Azərbaycan ölkə prezidenti İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub. “Avroatlantika təhlükəsizliyi 21-ci əsrdə” mövzusunda keçirilən yığıncaqda iştirak edən İ. Əliyev çıxışında avroatlantik tərəfdaşlıq çərçivəsində müttəfiq və tərəfdaş ölkələrlə əməkdaşlığın Azərbaycanın xarici və təhlükəsizlik siyasətində mühüm yer tutduğunu vurğulayaraq Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində mövcud olan siyasi dialoq və praktiki əməkdaşlığı yüksək qiymətləndirib. Prezident diqqəti Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi məsələsinə yönəldərək münaqişənin təkcə regional deyil, bütövlükdə avroatlantik təhlükəsizlik və sabitliyə hədə təşkil etdiyini söyləyib. İ. Əliyev münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün ərazilərdən çıxarılması, Dağlıq Qarabağ və digər işğal olunmuş bölgələrə azərbaycanlı əhalinin təhlükəsiz qayıdışı şərtilə həll edilə biləcəyini vurğulayıb. Dövlət başçısı NATO-nun Əfqanıstan üzrə zirvə görüşündə çıxışında NATO-nun tərəfdaşlıq proqramlarından faydalanan Azərbaycanın beynəlxalq sülh və sabitliyə verdiyi töhfəsinin davamlı şəkildə artdığını qeyd edib. Azərbaycanın Əfqanıstanın təhlükəsizliyi və inkişafına verdiyi töhfənin yalnız sülhməramlılıqla kifayətlənməyəcəyini söyləyən İ. Əliyev hərbi təlim-tədris, mülki infrastrukturun qurulması, humanitar və təhsil sahələrində bu ölkəyə dəstək veriləcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR