Bank Of Baku

NATO-nun Buxarest sammiti - Özəl reportaj - FOTOSESSİYA

NATO-nun Buxarest sammiti - <font color=#FF0000>Özəl reportaj - FOTOSESSİYA</font>
# 04 aprel 2008 14:41 (UTC +04:00)
Buxarest. Fəxri Kərimli APA. Buxarest sammitinin yekununda çıxış edən Rumıniya prezidenti Trayan Basesku bildirib ki, zirvə toplantısında Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünə təminat verilib. Rumıniya liderinin fikrincə, onun ölkəsinin maraqları və digər məsələlər NATO-nun Buxarest sammitinin qərarlarında öz əksini tapıb: "İctimai rəydə belə bir fikir özünə yer edib ki, alyansın daxilində böyük dövlətlərin qərara aldıqları məsələlər avtomatik olaraq kiçik dövlətlər tərəfindən də qəbul olunur. Amma bu sammit nümayiş etdirdi ki, kiçik və ya orta ölçülü bir dövlət hörmətlə yanaşılan nöqteyi-nəzərə sahib ola bilər”. T. Basesku qeyd edib ki, Yunanıstanın Makedoniyanın alyansa qəbulu məsələsində öz iradəsini digər NATO ölkələrə qəbul etdirə bilməsi onu göstərir ki, nisbətən kiçik ölkələr dünyanın fövqəldövlətlərinə “yox” deməyi bacarır.

***
“Rusiyanı Avropadan ayıran böyük amillər mövcud deyil. Ola bilsin ki, keçmişə qayıtmaq niyyətində olan maraqlar var, amma Rusiya, ABŞ və Avropa belə bir ssenarini arzu etmirlər”. Bu sözləri Rusiya prezidenti Vladimir Putin NATO-Rusiya Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında deyib. Başqa dövlətlərdən fərqli olaraq Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləni ratifikasiya etdiyinə diqqət çəkən V. Putin ölkəsinin silahlı qüvvələrin ixtisarı barədə öhdəliyi yerinə yetirən yeganə dövlət olduğunu bildirib. V. Putin beynəlxalq sazişlərin yalnız birtərəfli qaydada yerinə yetirilməsinin mümkünsüzlüyünü vurğulayaraq NATO rəsmiləri ilə danışıqların açıq və konstruktiv xarakter daşıdığını bəyan edib: “Müəyyən limitləri aşmadıq, qarşılıqlı ittihamlardan ibarət pinq-ponq oyunu olmadı”. NATO-ya üzvlüyün ölkənin avtomatik demokratikləşməsinə gətirib çıxarmadığını bildirən Rusiya prezidenti alyansa daxil olmayanların qeyri-demokratik ölkə olmadığını deyib: “NATO-nun demokratikləşdirən təşkilat rolu sübuta yetirilməyib. Bizim üçün NATO böyük tərəfdaşdır. Rusiya başqa təşkilatlardan asılı olmadan öz təhlükəsizliyini təmin edə bilən bir dövlətdir. Niyyətimiz hərbi gücümüzü daha da artırmaqdır. Terrorçuluq Rusiyanın yardımı olmadan çətin ki, məğlub edilsin”. V. Putin ABŞ-ın Avropada qurmaq istədiyi antiraket sisteminin ölkəsinin əleyhinə yönəldiyini qeyd edib. O, səbirsizliklə prezidentlik yükünü çiyinlərindən atmağa və onu xələfinə verməyə hazırlaşdığını bildirib.

***
Rusiya prezidenti Vladimir Putin NATO-nun Buxarest sammiti çərçivəsində keçirilən NATO-Rusiya Şurasının işində iştirak etmək üçün zirvə görüşünün keçirildiyi Parlament Sarayına gəlib. Toplantını giriş sözü ilə açan baş katib Yaap de Hoop Sxeffer bildirib ki, bu gün Rusiya-NATO münasibətləri heç vaxt olmadığı qədər sıxdır: “Biz ortaq məqamları müzakirə edəcəyik və razı olmadığımız problemlər üzrə razılıq əldə etməyə çalışacağıq”. Şuranın əsas müzakirə mövzuları Şimali Atlantika alyansının Şərqə doğru genişlənməsi, antiraket qalxanı, Kosovonun müstəqilliyi, eləcə də ABŞ-ın Kosovoya silah satmaq barədə qərarıdır.
İclasdan sonra Bakı vaxtı ilə saat 15.00-da Rusiya prezidentinin rumıniyalı həmkarı Trayan Basesku ilə ikitərəfli görüşü gözlənilir. V. Putin kommunist rejiminin süqut etdiyi dövrdən bəri Rumıniyanı ziyarət edən ilk Rusiya prezidentidir.

***
NATO əleyhdarı olan 100 nümayişçi Rumıniya paytaxtında bir neçə km-lik yürüşdən sonra Tibb İnstitutunun qarşısında mitinq keçirib. Aksiya insidentsiz ötüşüb, lakin Buxarest jandarmeriyası bəyan edib ki, kütləvi tədbirə icazəsiz yığışdıqları üçün onlara qarşı inzibati tədbir görüləcək. Nümayişçilər bir gün öncə polisin 54 NATO əleyhdarını həbs etdiyi Timpurile Noi məhəlləsində yerləşən bir fabrikin anbarında toplaşaraq yürüşə çıxıblar. Hüquq-mühafizə orqanları asayişi pozmadıqları üçün etirazçılara mane olmayıblar. Buxarest polisindən verilən məlumata görə, bir gün əvvəl saxlanılan etirazçıların demək olar ki, hamısı azadlığa buraxılıb, amma onlardan bir nəfərlə bağlı təhqiqat davam etməkdədir. NATO əleyhdarlarının üzərindən anti-NATO materialları tapılaraq müsadirə olunub.

***
NATO-Ukrayna Komissiyasının iclasında çıxış edən alyansın baş katibi Yaap de Hoop Sxeffer müttəfiqlərin gələcəkdə Ukrayna və Gürcüstanı öz sıralarına qəbul edəcəklərinə dair qarantiya verdiklərini bildirib: “Bu gün biz NATO-Ukrayna əlaqələrində yeni mərhələyə başlayırıq. Bizim qərarımıza əsasən NATO Ukrayna və Gürcüstanın gələcəkdə alyansa daxil olmasına təminat verir”. Onun sözlərinə görə Ukrayna NATO-nun fəaliyyətinə əhəmiyyətli töhfə verir və onun üzvlüklə bağlı Fəaliyyət Planı (MAP) hədəfi dəstəklənməkdədir: “Ali siyasi səviyyədə MAP-a müraciətin müzakirəsinə başlayacağıq. Cənab prezident, fikrimcə bu, NATO müttəfiqləri tərəfindən çox gözəl əməkdaşlığımızın və əlaqələrimizin mpvcud olmasına dair aydın siqnaldır və biz onu davam etdirmək istəyirik”. Baş katib deyib ki, Ukrayna NATO standartlarına nail olmaq üçün ciddi irəliləyişlər əldə edib və alyans rəsmi Kiyevə bu sahədə dəstək verməkdə davam edəcək. Öz növbəsində Ukrayna prezidenti Viktor Yuşşenko ölkəsinin MAP-a dəvət alacağına inandığını bildirib: “NATO-nun qəbul etdiyi qərar Avropanın müdafiəsində Ukraynaya duyulan ehtiyacın tanınması deməkdir. Hesab edirəm ki, bizim iştirakımız Avropa məkanının təhlükəsizliyini artıracaq. Ukraynanın NATO-ya doğru yolu dönməzdir, bizim NATO-ya daxil olmağımız isə heç kəsin əleyhinə yönəlməyib”.

***
NATO-nun Buxarest sammitinin son iş günü başlayıb. APA-nın sammitin işini işıqlandıran əməkdaşının verdiyi məlumata görə, günün birinci yarısında NATO-Ukrayna Komissiyasının iclası keçirilib. Giriş sözü ilə NATO-nun baş katibi Yaap de Hoop Sxeffer çıxış edib. Daha sonra Ukrayna prezidenti Viktor Yuşşenko nitq söyləyib. Toplantıdan sonra NATO baş katibi ilə Ukrayna dövlət başçısı birgə mətbuat konfransı keçirəcəklər. Daha sonra NATO-Rusiya Şurasının növbəti toplantısı başlayacaq. İclasın işində Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da iştirak edəcəklər. V. Putinin NATO baş katibi ilə ikitərəfli görüş keçirəcəyii də planlaşdırılır. Bununla da NATO-nun Buxarest sammiti öz işinə yekun vuracaq.



































1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR