Bank Of Baku

Bakıda “Azərbaycanda siyasi hüquqların müdafiəsi - yeni meyarlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda  “Azərbaycanda siyasi hüquqların müdafiəsi - yeni meyarlar” mövzusunda beynəlxalq konfrans keçirilir
# 07 aprel 2008 10:43 (UTC +04:00)
APA-nın xəbərinə görə, konfransda 27 ölkədən 70-dən çox ekspert, Avropa Şurası Parlament Assambleyası (AŞ PA), ATƏT və Avropa Birliyinin deputatları iştirak edir. Tədbirdə çıxış edən Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib ki, Azərbaycanda siyasi hüquq və azadlıqların reallaşdırılması böyük önəm kəsb edir və bu yöndə mühüm addımlar atılıb. Z. Əsgərov ölkənin bu sahədə mövcud olan bütün beynəlxalq paktlara qoşulduğunu deyib. Avropa Parlamenti Xarici İşlər Komitəsinin və İnsan Hüquqları alt komitəsinin üzvü xanım Katrin Saks “Avropa Birliyi iqtisadi maraqlar və əsas dəyərlər arasında” mövzusunda çıxış edib. K. Saks qeyd edib ki, Avropa Parlamenti Azərbaycanda insan hüquqları sahəsində mövcud olan problemlər, polis zorakılığına yol verilməsi halları, KİV-in problemləri barədə ölkə hökumətinə müraciətlər edib. Avropa ölkələrinin insan hüquqları sahəsində ideal vəziyyətdən uzaq olduğunu qeyd edən K. Saks bildirib ki, Avropa İttifaqına üzv dövlətlərdə də bu yöndə görüləsi iş çoxdur. Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda siyasi hüquqların qoruması vəziyyəti ilə bağlı çıxışında deyib ki, ölkədə bu sahədə mühüm işlər görülüb. O, Azərbaycanda 52 siyasi partiyanın, 3500-dən çox QHT-nin və ictimai təşkilatın qeydiyyatdan keçdiyini, 50-dən çox elektron KİV-in və agentliyin, 1000-dən çox mətbu orqanın fəaliyyət göstərdiyini deyib.
Ə. Həsənov bildirib ki, Azərbaycan hakimiyyəti ölkədə söz və mətbuat azadlığını təmin edir, bunu inkişaf etdirmək yolunu seçib. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkənin qurum qarşısında götürdüyü öhdəliklərin icrası vəziyyəti barədə danışıb. S. Seyidov qeyd edib ki, Seçki Məcəlləsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər məsələsinə yaxın zamanlarda Milli Məclisdə baxılacaq. O, edilən dəyişikliklərin qarşıdan gələn prezident seçkisinin sərbəst və ədalətli keçirilməsinə zəmin yaradacağına əmin olduğunu bildirib. Beynəlxalq konfrans sabah işini davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR