Bank Of Baku

Fəqani Məhərrəmov: “AMİP daxilində bəzi qüvvələr növbədənkənar qurultayda partiya liderinin adından spekulyasiyalar etməyə hazırlaşır”

Fəqani Məhərrəmov: “AMİP daxilində bəzi qüvvələr növbədənkənar qurultayda partiya liderinin adından spekulyasiyalar etməyə hazırlaşır”
# 07 aprel 2008 13:40 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında AMİP Goranboy rayon təşkilatının sədri Fəqani Məhərrəmov deyib. Onun sözlərinə görə, özünün namizədliyinin dəstəklənməsi barədə bir çox rayon təşkilatında görüşlər keçirib və açıq dəstək alıb: “Yaxın günlərdə məni dəstəkləyəcək rayon təşkilatları və qurultay nümayəndələri birgə bəyanatla çıxış edəcək. Bu, açıq dəstək kampaniyasıdır və gizli heç bir iş görmürük. Qurultaya kimi bütün tərəflərin mövqeyi bəlli olacaq”. F. Məhərrəmov bildirib ki, müəyyən olunmuş planla bağlı onda dəqiq məlumatlar var və bunun qarşısını almaq üçün paytaxta gəlib. Onun üçün AMİP-in müvəqqəti məskunlaşdığı Nəsimi rayon təşkilatının qərargahında otaq da ayrılıb: “Biz qurultay günü namizəd ortaya çıxarılmasının əleyhinəyik. Qurultayda Nizamnamədə dəyişikliklər olacaq ki, namizədlər qurultay günü irəli sürülə bilməz. Qurultaya ən azı 15 gün qalana kimi namizədlər müəyyənləşməlidir ki, iddiası olan hər bir şəxs rayon təşkilatlarında görüşlər keçirsin, təbliğatını aparsın, platformasını açıqlasın”. F. Məhərrəmov AMİP lideri Etibar Məmmədovla görüşlərində onun tövsiyə xarakterli fikirlərini nəzərə aldığını qeyd edib. O, həmçinin qurultayda özünə əsas rəqib kimi hazırkı baş katib Fuad Muxtarovu gördüyünü qeyd edib: “Onun da qalib gəlmək imkanları var”.
AMİP sədrinin səlahiyyətlərini yerinə yetirən F. Muxtarov isə APA-ya açıqlamasında partiya sədrliyinə namizədliyini irəli sürmək məsələsində hələlik yekun qərara gəlmədiyini bildirib. Onun sözlərinə görə, bu, proseslərin gedişindən asılı olacaq. F. Muxtarov həmçinin AMİP-də E. Məmmədovun adından spekulyasiya etməyə hazırlaşan dairələrin olmasından da xəbərsiz olduğunu qeyd edib. Partiyanın baş katibi qurultaya qədər namizədlərin müəyyən olunması və Nizamnamədə belə dəyişikliyin edilməsinə tərəfdar olduğunu da vurğulayıb. AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov da bəzi dairələrin E. Məmmədovun adından spekulyasiya etməyə hazırlaşmasından xəbərsiz olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR