Bank Of Baku

Məlahət Həsənova: “Əfv üçün əcnəbilərə yalvaranlar öz ölkəsinin prezidentinə, ya da Əfv Komissiyasına müraciət etsələr, daha yaxşı olar”

Məlahət Həsənova: “Əfv üçün əcnəbilərə yalvaranlar öz ölkəsinin prezidentinə, ya da Əfv Komissiyasına müraciət etsələr, daha yaxşı olar”
# 09 aprel 2008 09:11 (UTC +04:00)
- Yeni Azərbaycan Partiyası prezident seçkisinə necə hazırlaşır?
- Yeni Azərbaycan Partiyası seçkiyə hazırlığa indi başlamayıb. 2003-cü ildən bu günə kimi görülən bütün işlər prezident seçkisinə hazırlıq hesab oluna bilər. Cənab prezident 2003-cü ilin seçki kampaniyasında xalqa verdiyi vədlərin hamısını reallaşdırıb. Bu illər ərzində görülən bütün işlər onu göstərir ki, bizim qarşıdakı prezident seçkilərində deyəcək sözümüz kifayət qədərdir. Hətta bu illər ərzində heç bir iş görülməsəydi belə, ötən ay “Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyətə dair” BMT-də qəbul olunan qətnamə bizim uğurumuz üçün yetərli idi. Çoxu bu qətnamənin maliyyətini anlamır. Amma unutmamalıyıq ki, 1994-cü ildən bu günə kimi BMT-də Qarabağla bağlı nəinki qətnamə qəbul olunmayıb, heç müzakirə belə aparılmayıb.
- Bu gün Azərbaycanın siyasi düşərgəsində passivlik hökm sürür. Bu situasiyada kiminsə prezident seçkilərinə hazırlaşdığı görünmür...
- Bu passivliyin ən böyük səbəbi müxalifətin iqtidarla müqayisə olunmaz dərəcədə zəifliyidir. Dünyanın inkişaf etmiş bütün ölkələrində sağlam müxalifət cəmiyyətin inkişafına fayda verir. Həmin ölkələrdə iqtidarla müxalifət milli məsələlərdə vahid mövqedən çıxış edə bilir. Məsələn, mən BMT-də məlum qətnamənin qəbulu zamanı bu sənədin əleyhinə səs verən ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrə müxalifətin çox ciddi və kəskin etiraz edəcəyini gözləyirdim. Amma belə olmadı, bu missiyanı da Azərbaycan hökuməti və iqtidar siyasətçiləri həyata keçirdi. Bu məsələ ilə bağlı Milli Məclisdə də iqtidardan olan millət vəkilləri ilə müqayisədə demək olar ki, müxalifəti təmsil edən deputatlar məsələyə münasibət bildirmədilər. Nəyə görə ölkə müxalifəti çıxış edib Minsk Qrupunun üzvlüyünə Türkiyənin daxil edilməsini ciddi tələb etmir?
- Bəzi beynəlxalq təşkilatların Azərbaycanda prezident seçkisinin Ermənistandakı oxşar ssenari əsasında baş tutması istiqamətində müəyyən işlər apardığı haqda məlumatlar yayılıb. Buna Sizin münasibətiniz necədir?
- Doğrudan da Avropa Şurasında keçirilən son iclaslar onu göstərir ki, Cənubi Qafqaz ölkələri arasında kəskin ayrı-seçkiliyə yol verilir, yenə də ikili standartlardan çıxış edirlər. Bir ölkədə keçirilən prezident seçkisi zamanı millət vəkilləri və yüzlərlə müxalifətçi həbs olunduğu, prezidentliyə namizəd ev dustağı edildiyi, deputatın axtarışda olduğu, mətbuata senzura tətbiq olunduğu halda, Avropa Şurası buna göz yumursa, onda baş verənlərə nə ad vermək olar? Bu, nəinki ikili standartdır, həm də riyakar siyasətdir. Demokratiya Avropada, eləcə də bəzi beynəlxalq təşkilatların öz məqsədlərinə çatması üçün istifadə edilən vasitədir. Beynəlxalq təşkilatlar da digər ölkələrdə keçirilən seçkilərdə baş verənlərə kəskin münasibət bildirmədilər. Yəni bu təşkilatların Ermənistanı nokautdan çıxarmaq üçün Azərbaycanda nəsə hazırlamağa çalışacaqları gözləniləndir. Bir də bu bir reallıqdır ki, bəzi ölkələr və bəzi beynəlxalq təşkilatlar həm də Azərbaycanda gedən sürətli inkişafı, Azərbaycan prezidentinin müstəqil, xalqımızın mənafeyinə uyğun siyasət aparmasını, onların dili ilə desək, region üçün təhlükə hesab edirlər.
- YAP-ın Nəsimi rayon təşkilatına sədr seçiləndən sonra Sizdən əvvəl təşkilata rəhbərlik edən sabiq səhiyyə naziri Əli İnsanovun tərəfdarlarının kütləvi şəkildə partiya sıralarını tərk etməsi haqda məlumat yayılmışdı. Bu, nə dərəcədə doğrudur?
- İnsanlar Yeni Azərbaycan Partiyasına Əli İnsanova görə yox, Heydər Əliyevə və İlham Əliyevə bəslədikləri sevgiyə görə üzv olurlar. Bu partiyada Əli İnsanov kimi adamlar siyasi fiqur, yaxud da kimin üçün isə stimul ola bilməz. YAP-ın Nəsimi rayon təşkilatının 21 min üzvü var və onlar hər an əməli fəaliyyətləri ilə öz sədrlərinin müsəlləh əsgəri olduqlarını sübut etməyə hazırdırlar.
- Bu yaxınlarda Murovda yerləşən hərbi hissəyə getmişdiniz. Hərbçilərimizin vəziyyəti necədir?
- Ölkə başçısı gecə-gündüz ordunun maddi texniki bazasının yaxşılaşdırılası üçün bütün imkanlardan istifadə edir. Prezidentimiz tez-tez özü hərbi hissələrə, hətta ən çətin mövqelərə səfər edir, zabitlərimizin və əsgərlərimizin vəziyyəti ilə şəxsən tanış olur. Milli Orduya ayrılan büdcə demək olar ki, Ermənistanın büdcəsi qədədir. Lakin düşünürəm ki, orduya diqqət və qayğını təkcə ölkə başçısı göstərməməlidir, bu, ümumxalq işidir və biz bir çox ölkənin müsbət təcrübəsindən öz qanunvericiliyimizdə də istifadə etməliyik. Buna, məncə, imkanlar da var. Bəzi dövlətlərdə, o cümlədən Rusiyada, İsraildə hərbçiləri vergidən azad ediblər. Bu, Sovet dövründə də belə idi. Bu güzəşt Azərbaycanda da tətbiq oluna bilər. Ancaq söhbət təkcə dövlətin yox, həm də cəmiyyətin orduya münasibətindən gedir. Murova gedəndə bir neçə orta məktəbdə şagirdlərə əsgərlərin ünvanına məktub yazmağı xahiş etmişdim. Təsəvvür edin, əsgərlərə yazılan 300-dək məktubun mahiyyətini ancaq “sağ-salamat gəl” ifadələri təşkil edirdi. Bu məktublarda vətənpərvərlik hissi aşılanan bir cümləyə belə rast gəlmədim. Bu gün gənclərin hərbi hissələrə müntəzəm səfərləri təşkil olunmalıdır. Murovda səkkiz il xidmət edən bir zabitlə söhbət etdim. O da bu məsələdən çox narazı olduğunu bildirdi. Orada yeni xidmətə başlayan əsgərlərlə də görüşdüm. Onların çoxu bir-iki aydır xidmət etmələrinə baxmayaraq, evə getmək üçün icazə istəyirdilər. Məncə, burada dövlət yox, Milli Ordunun rəhbərliyi yox, birbaşa özümüz cavabdehlik daşıyırıq. Ailələrin, valideynlərin, Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin ordu ilə bağlı işini yetərli saymıram. Bu günlərdə Azərbaycanda təhsil alan bir türk tələbənin “Salam, Azərbaycan əsgəri” adlı məktubunu oxuyub heyrətə gəlmişəm. Biz ideologiya sahəsində güclü iş qurmalıyıq. Bu istiqamətdə qeyri-hökumət təşkilatlarının da işini qeyri-qənaətbəxş saymaq olar. Yaxşı olar ki, özlərindən uydurduqları dırnaqarası “siyasi məhbus” məsələləri ilə yox, bir az da Milli Ordumuz qarşısında olan borcları haqqında düşünəydilər. Axı bu, xalqın ordusudur. Bu məsələdə medianın da üzərinə böyük məsuliyyət düşür. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə televiziyaların əksəriyyətində şou-biznes verilişləri yayımlanırdı.
- Milli Məclisin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Müsbət qiymətləndirəm. Bu gün Milli Məclis qəbul olunan qanunların təkmilləşdirilməsi üzərində çox işləyir. Olduqca zəngin milli qanunvericilik bazası yaradılıb və bu istiqamətdə iş davam etdirilir. Ancaq deputatlar cəmiyyətin ictimai-siyasi həyatında da yaxından iştirak etməli, aktiv olmalıdırlar. Deputatın vəzifəsi təkcə parlamentin iclasında iştirak etmək və ya qanun yaradıcılığı ilə məşğul olmaq deyil.
- Bəzən Milli Məclisdə kəskin mübahisələrin yaşandığının şahidi oluruq. Xanım deputat kimi bunlar Sizə necə təsir edir?
- Parlament siyasi mübarizə meydanıdır. Orada fikir ayrılığının olması təbiidir, normaldır, amma dərəcəsində və müəyyən etik çərçivələrdə...
- Cəmiyyətdə parlamentin qəbul etdiyi yazılmış qanunlarla yanaşı, onun qəbul etmədiyi və çox vaxt həlledici rol oynayan, xalqımızın minilliklər boyu yaranan yazılmamış qanunları da hökm sürür. Maraqlıdır, Siz hansı qanuna daha çox riayət edirsiniz?
- Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da yazılmamış qanunlar var. Bəzən yazılmamış qanunlar yazılmışlardan daha keçərli olur. Mənim üçün də belədir. Azərbaycan qadınının yanında söyüş söyülməsinə, təhqiramiz ifadələr işlədilməsinə münasibət bizim yazılmamış qanunlarımızdandır. Bəzən parlamentdə də yazılmış və yazılmamış qanunları pozanlara rast gəlmək olur.
- Siz həm də Prezident yanında Əfv Komissiyasının üzvüsünüz...
- Mətbuatın Əfv Komissiyasının fəaliyyəti ilə bağlı işindən narazıyam. Cəmiyyətdə əfv olunmasına daha çox ehtiyac olan insanlardan daha çox, mətbuat siyasi məhbus şousu yaradanların təbliğat obyektinə çevrilib. Bəzən adı siyasi məhbus kimi çəkilən insanların hansısa ağır cinayət törədikləri tamamilə unudulur, onların azadlığa çıxıb-çıxmayacağı əsas müzakirə obyektinə çevrilir. Əli İnsanov həbs olunana kimi müxalifət mətbuatının “qəhrəman”ı idi. Onun soyadına kimi hər bir addımı müzakirə mövzusu idi. Bu gün isə Əli İnsanov həmin mətbuatda cəngavər kimi qələmə verilir. Nəyə görə OMON hadisələrində həbs olunan əmrə tabe sıravi əsgərlərin deyil, məhz Elçin Əmiraslanovun adı siyasi məhbus siyahılarına salınır? Bax, bu cür yanaşma dəhşətlidir. Bəzən ən ağır cinayət törədən hansısa şəxs haqqında davamlı olaraq komissiyaya əfv olunmaq üçün müraciət edilir, onun müraciətinə mənfi cavab verildikdə isə özünü siyasi məhbus kimi qələmə verməyə başlayır. Əfv Komissiyasının Əsasnaməsinə görə, hər hansı məhbusu əfv etmək istəyərkən mütləq qarşı tərəfin, yəni cinayətin qurbanının da mövqeyi nəzərə alınır. Yəni bu cür süni müraciətlər komissiyanın işini ağırlaşdırır.
- Əfv Komissiyası həm də hüquq müdafiəçilərinin hazırladığı siyasi məhbus siyahılarını müzakirə edir...
- Nəyə görə Avropa Şurası siyasi məhbus deyəndə, məhz Azərbaycanı yada salır? Axı bu qurumun həm də Ermənistan və Gürcüstan kimi siyasi hadisələrə görə çoxlu sayda insanların həbs olunduğu üzvləri də var. Biz bir neçə dəfə onlardan, yəni beynəlxalq təşkilatların nümayəndələrindən bunun səbəbini soruşanda deyirlər ki, həmin ölkələrdən onlara şikayətlər daxil olmur. Görünür, bu ölkələrdəki hüquq müdafiəçilərinin vətənə, dövlətə yanaşması bizimkilərdən fərqlidir. Biz hamımız beynəlxalq təşkilatlardan “Azərbaycanda siyasi məhbus” terminini leksikonundan çıxarmağı tələb etməliyik. Bu gün ölkəmizdəki sabitlik, tolerantlıq, söz və mətbuat azadlığı düşmənlərimizi və onların havadarlarını çox narahat edir. Dünyanın hansı ölkəsində məscidlə sinaqoq və ya kilsə eyni küçədə yerləşir? Bu, yalnız Azərbaycanda mövcuddur. Bu gün Azərbaycanda Prezident Aparatının qarşısında avtomobillər, sağdan-sola, soldan-sağa ötüb keçir. Heç kəsə qadağa qoyulmur. Ancaq gedin, ölkəmizdə olan bəzi səfirliklərin nümayəndəliklərinə fikir verin. Bəzi səfirliklər yerləşən küçədə hər tərəfdən barrikadalar qurulub, ətrafda maşın saxlamağa belə imkan vermirlər. Bəyəm bu, cəmiyyətdə azadlığın, demokratiyanın, sərbəstliyin fərqini ortaya qoymur?
- Əfv olunmaq üçün müraciət hansı formada həyata keçirilməlidir?
- Əfv olunmaq istəyən məhkumun müraciəti mütləqdir. Bəzən əfv olunmaq üçün bütün kriteriyaları uyğun gələn məhbus, sadəcə, müraciət etmədiyindən, əfv komissiyasında müzakirəyə problem yaradır. Bir də əfv olunmaq üçün beynəlxalq təşkilatlara, tanımadıqları əcnəbilərə yalvaranlar öz ölkəsinin prezidentinə, yaxud Əfv Komissiyasının üzvlərinə müraciət etsələr, daha yaxşı olar.
- İngilis dilini bilirsiniz?
- Bilirəm.
- Musiqiyə münasibətiniz necədir?
- Azərbaycanın musiqi sahəsində bəşəriyyətə töhfələri daha çox olub. Soltan Hacıbəyovun “Karvan” simfoniyasına bir dəfə qulaq asan və ömründə heç vaxt dəvə karvanı görməyən istənilən şəxs karvanın nə olduğunu asanlıqla təsəvvür edə bilər. Bu gün dünya Azərbaycan muğamının dili ilə danışır. Və ya Asəf Zeynallının Cəfər Cabbarlının “Ölkəm” şeirinə bəstələdiyi musiqini necə dinləməmək olar? Mən indi də Şövkət xanıma, Sara Qədimovaya Bülbülə sevə-sevə qulaq asıram.
- Həkim olduğunuz yadınızdan çıxmayıb ki?..
- Təəssüf ki, həkim olduğumu unutmuşam. On ildir həkimlik etmirəm. Həkimlik gözəl sənətdir. İnsan öz sağlamlığı üçün əvvəl Allaha, sonra həkimə yalvarır. Orta məktəbdə dəftərlərimə ağ xalatlı qız şəkli çəkərdim. Həkim olmaq mənim böyük arzularımdan idi. Ancaq həyatda hər şey heç də sən istədiyin kimi olmur.
- Xanım kimi ən böyük uğurunuz nədir?
- Tərcümeyi-halımda ən gözəl dəyərlərdən biri də iki oğul anası olmağımdır. Mənim bir oğlum hərbi təhsil alır, ikincisi isə yenicə ailə qurub və Almaniyada təhsilini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR