Bank Of Baku

Deputat: Alman–Azərbaycan Biznes Şurasının yaradılması iqtisadi tərəfdaşlığı strateji institusional mərhələyə qaldırır

Deputat: Alman–Azərbaycan Biznes Şurasının yaradılması iqtisadi tərəfdaşlığı strateji institusional mərhələyə qaldırır
# 21 iyul 2026 18:26 (UTC +04:00)

Alman–Azərbaycan Biznes Şurasının yaradılması iqtisadi tərəfdaşlığı strateji institusional mərhələyə qaldırır.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

Yeni biznes platforması iqtisadi münasibətlərdə keyfiyyət dəyişikliyi yaradır

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində imzalanan Alman–Azərbaycan Biznes Şurasının (German-Azerbaijani Business Council – GABC) yaradılması haqqında Birgə Bəyannamə iki ölkə arasında iqtisadi münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır: “Bu sənəd dövlətlərarası əməkdaşlığın iqtisadi müstəvidə daha sistemli və institusional əsaslar üzərində qurulmasını təmin etməklə yanaşı, biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi üçün davamlı platforma yaradır. Azərbaycan və Almaniya arasında siyasi dialoqun strateji mərhələyə yüksəlməsi iqtisadi əməkdaşlığın da yeni məzmun qazanmasını zəruri edirdi. Məhz bu baxımdan Biznes Şurasının yaradılması təsadüfi addım deyil, uzunmüddətli iqtisadi tərəfdaşlığın institusional mexanizminin formalaşdırılması deməkdir”.

Prezident İlham Əliyev və Kansler Fridrix Mertsin mesajları iqtisadi əməkdaşlığın prioritetlərini müəyyənləşdirir

Azər Badamov qeyd edib ki, bu gün keçirilən birgə mətbuat konfransında Prezident İlham Əliyev və Almaniya Kansleri Fridrix Merts iqtisadi əməkdaşlığın genişləndirilməsini ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri kimi qiymətləndirdilər: "Xüsusilə Kansler Fridrix Mertsin Alman–Azərbaycan Biznes Şurasının yaradılmasını hər iki ölkənin şirkətləri üçün mühüm siqnal kimi xarakterizə etməsi Almaniya biznesinin Azərbaycana marağının artdığını göstərir. Kanslerin vurğuladığı kimi, Almaniya Azərbaycandan enerji təchizatını şaxələndirməkdə maraqlıdır və bu məqsədlə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar mövcuddur. Prezident İlham Əliyevin iqtisadi əlaqələrin inkişafı, investisiyaların təşviqi və biznes dairələrinin birbaşa əməkdaşlığının əhəmiyyətinə dair fikirləri də yeni yaradılan Şuranın fəaliyyət istiqamətlərini müəyyən edən əsas siyasi mesajlardır. Bu bəyanatlar göstərir ki, iqtisadi əməkdaşlıq artıq yalnız ticarət dövriyyəsinin artırılması ilə məhdudlaşmayacaq, daha geniş strateji gündəliyin tərkib hissəsinə çevriləcək”.

Almaniyanın Azərbaycana marağı artır

Deputat hesab edir ki, Biznes Şurasının yaradılması Almaniyanın Azərbaycanın iqtisadi potensialına, investisiya imkanlarına və Avropa ilə Asiyanı birləşdirən nəqliyyat-logistika mərkəzi kimi roluna artan marağının göstəricisidir: "Azərbaycan bu gün regionun ən əlverişli investisiya mühitinə malik ölkələrindən biridir. Son illər həyata keçirilən iqtisadi islahatlar, sənayeləşmə siyasəti, qeyri-neft sektorunun inkişafı və nəqliyyat-kommunikasiya layihələri ölkəmizi xarici investorlar üçün daha cəlbedici edib. Almaniya kimi Avropanın aparıcı sənaye dövlətinin bu potensialı yüksək qiymətləndirməsi iqtisadi əməkdaşlığın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Biznes Şurası iki ölkənin iş adamları arasında birbaşa dialoq platforması olmaqla yanaşı, yeni investisiya layihələrinin formalaşdırılmasına, biznes tərəfdaşlarının müəyyən edilməsinə və uzunmüddətli iqtisadi əməkdaşlıq layihələrinin həyata keçirilməsinə xidmət edəcək”.

İnnovasiya, sənaye və yaşıl enerji yeni əməkdaşlıq istiqamətləridir

Azər Badamovun sözlərinə görə, yaradılan Şuranın fəaliyyət istiqamətləri klassik biznes əlaqələrindən daha geniş məzmun daşıyır: "Birgə Bəyannamədə dayanıqlı, innovativ və gələcəyə hesablanmış iqtisadi münasibətlərin təşviqi əsas məqsədlərdən biri kimi müəyyən olunub. Bu isə o deməkdir ki, gələcək əməkdaşlıq sənaye kooperasiyası, rəqəmsal iqtisadiyyat, innovasiya, yüksək texnologiyalar, yaşıl enerji, logistika və digər perspektivli sahələri də əhatə edəcək. Sənəddə birgə təşəbbüslərin və investisiya imkanlarının müəyyənləşdirilməsi, ekspertiza və sektorlar üzrə bilik mübadiləsinin təşkili, eləcə də biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması ilə bağlı tövsiyələrin hazırlanması nəzərdə tutulur. Bu yanaşma Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyətini genişləndirəcək, eyni zamanda Azərbaycan biznesinin Almaniya bazarına çıxış imkanlarını artıracaq. Xüsusilə kiçik və orta sahibkarlığın beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi baxımından bu platforma mühüm rol oynayacaq”.

Biznes Şurası iqtisadi tərəfdaşlığın uzunmüddətli inkişafına xidmət edəcək

Deputat vurğulayıb ki, Alman–Azərbaycan Biznes Şurasının yaradılması iki ölkə arasında iqtisadi münasibətlərin institusional əsaslarının daha da möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır: "Bu platforma dövlət qurumları ilə özəl sektor arasında davamlı dialoq mexanizmi formalaşdıracaq, investisiya layihələrinin reallaşdırılmasını sürətləndirəcək və biznes dairələrinin qarşılıqlı fəaliyyətini daha çevik edəcək. Eyni zamanda bu addım Azərbaycanın Avropanın aparıcı iqtisadiyyatlarından biri ilə əməkdaşlığının yeni inkişaf mərhələsinə daxil olduğunu göstərir. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi diplomatiya siyasəti nəticəsində Azərbaycan artıq təkcə etibarlı enerji tərəfdaşı deyil, həm də sənaye, logistika, innovasiya və investisiya əməkdaşlığı üçün strateji platforma kimi qəbul edilir. Alman–Azərbaycan Biznes Şurasının yaradılması da bu siyasətin məntiqi davamı olmaqla yanaşı, iki ölkə arasında iqtisadi tərəfdaşlığın uzunmüddətli inkişafına və qarşılıqlı investisiyaların artmasına mühüm töhfə verəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR