Bank Of Baku

Demokratik Seçki Mərkəzində təmsil olunan iki partiya qurumun keçirmək istədiyi mitinqə qatılmaqdan imtina edib

Demokratik Seçki Mərkəzində təmsil olunan iki partiya qurumun keçirmək istədiyi mitinqə qatılmaqdan imtina edib
# 09 aprel 2008 10:12 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Demokratik Seçki Mərkəzində təmsil olunan Acıq Cəmiyyət Partiyası və Azərbaycan Yaşıllar Partiyası bu qurumun atəşkəs vəziyyətinin ləğvi tələbi ilə mayın 12-də keçirmək istədiyi mitinqə qatılmaqdan imtina ediblər. APA-nın məlumatına görə, mərkəzin toplantısında hər iki partiya qərarın əleyhinə səs verib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev sülh danışıqlarının sonsuza qədər davam edəcəyindən narahat olduqlarını bildirib: “Problemin həlli ilə bağlı beynəlxalq təşkilatların prinsipial mövqe nümayiş etdirməməsi bizi mitinq keçirməyə vadar edir”. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu 14 ildir danışıqların nəticəsiz davam etdiyini, üstəlik, bu müddətdə Azərbaycanın xeyli şəhid verdiyini deyib: “ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin mövqeləri də ortadadır”. Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Qəzənfəroğlu Açıq Cəmiyyət Partiyası ilə Azərbaycan Yaşıllar Partiyasının mövqeyinin DSM-də hər hansı fikir ayrılığına gətirib çıxaracağına inanmadığını söyləyib: “DSM demokratik qurumdur və partiya olaraq heç kimin belə məsələlərlə bağlı öhdəliyi yoxdur”. BQP sədri mitinqə icazə verilməyəcəyi təqdirdə, aksiyaya qatılmayacaqlarını bəyan edib: “Hər hansı qarşıdurmaya getmək fikrində deyilik”. Təkamül Partiyasının sədri Teyyub Qəni isə ACP-nin mitinqin əleyhinə çıxmasını anladığını vurğulayıb: “Biz bu məsələdə ACP-ni başa düşürük. Onun lideri Rəsul Quliyev 1994-cü ildə atəşkəslə bağlı Bişkek protokolunu imzalayan şəxsdir”. AYP sədri Mayis Güləliyev isə deyib ki, mitinq məsələsi DSM-in Əsasnaməsində əksini tapmayıb. DSM-in seçki prosesləri ilə bağlı məşvərət xarakterli qurum olduğunu xatırladan M. Güləliyev partiyasının Dağlıq Qarabağ probleminin yalnız sülh yolu ilə həllinin tərəfdarı olduğunu açıqlayıb: “1994-cü ilin mayında imzalanan atəşkəs razılaşmasının tərəfdarıyıq və buna qarşı atılan addımlar bizim tərəfimizdən dəstəklənməyəcək”. ACP sədri Akif Şahbazov isə mitinqdə iştirak edib-etməməklə bağlı məsələnin yaxın vaxtlarda partiya İdarə Heyətində müzakirəyə çıxarılacağını bildirib: “Hansı qərarın veriləcəyini indidən demək mümkün deyil və bu məsələ ilə bağlı partiyanın konkret qərarı yoxdur”.
Qeyd edək ki, DSM Sədrlər Şurasının martın 28-də keçirilən toplantısında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların gedişindən narahatlıq bildirilib və mayın 12-də atəşkəsin ləğvi tələbi ilə mitinqin keçirilməsinə qərar verilib. DSM-də 9 partiya - Azadlıq, Milli Demokrat, Açıq Cəmiyyət, Təkamül, Yaşıllar, Böyük Azərbaycan, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Klassik Xalq Cəbhəsi partiyaları təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR