Bank Of Baku

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası başlayır

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası başlayır
# 14 aprel 2008 08:57 (UTC +04:00)
Sessiyada Ermənistanda demokratik institutlarının fəaliyyətinə dair məsələ növbədənkənar məsələ kimi gündəliyə salınıb. Avropada təhlükəsiz və leqal abortların həyata keçirilməsi, müsəlman icmalarının ekstremizmə qarşı səyləri, Avropada uşaq və yeniyetmələr arasında sui-qəsd halları, Avropa ədəbiyyatının tədrisi məsələləri isə gündəliyə əvvəlcədən daxil edilib. Sessiya çərçivəsində “Olimpiya oyunları ərəfəsində Çində vəziyyət” mövzusunda dinləmələr keçiriləcək. Dinləmələrə Çin rəsmiləri, Tibetin dini lideri Dalay-Lamanın nümayəndəsi və hüquq-müdafiə təşkilatlarının təmsilçiləri də dəvət olunublar. Sessiyanın fəxri qonaqları qismində isə Almaniyanın federal kansleri Angela Merkel, Slovakiya prezidenti İvan Qasparoviç, Ukraynanın baş naziri Yuliya Timoşenko, Fransanın xarici işlər naziri Bernar Kuşner iştirak edəcəklər. Assambleya bu gün Ermənistan, Monako, Rusiya, Serbiya və Monteneqroda keçirilmiş seçkiləri müzakirə edəcək, Slovakiya prezidentini dinləyəcək. Azərbaycana birbaşa aidiyyəti olan məsələ - hakimlərin seçilməsinə isə sabah baxılacaq. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sessiyadakı prioritet məsələlərdən danışaraq deyib ki, gündəmdəki bütün məsələlər Azərbaycan üçün prioritetdir: “Avropa Şurasında müşahidə olunan tendensiyalar bizi narahat etməyə bilməz. Ermənistanda keçirilmiş prezident seçkilərinə ikili standart nöqteyi-nəzərindən yanaşılması və Azərbaycana qarşı bəzi qeyri-obyektiv mövqelər bizim tərəfimizdən vurğulanacaq. Heç kim Azərbaycanda problemlərin olduğunu inkar etmir. Keçid dövrüdür, bütün ölkələrdə bu tip problemlər mövcuddur, ancaq məhz Azərbaycanla bağlı hansısa problemi qabarıq formada gündəmə gətirmək düzgün deyil. Biz konstruktiv dialoqa hazırıq, ancaq konstruktivlik hər iki tərəfdən olmalıdır. Məsələn, Venesiya Komissiyası ilə münasibətlər normal şəkildə gedir. Niyə? Çünki hər iki tərəf konstruktivlik göstərir Venesiya Komissiyası Azərbaycanın maraqlarını, Azərbaycan tərəfi isə beynəlxalq təşkilatın prinsiplərini nəzərə almaya bilməz. Ancaq birtərəfli, təzyiq formasında qaldırılan məsələlər təbii ki, Azərbaycan üçün qəbulolunmazdır”. S. Seyidov sessiya çərçivəsində GUAM ölkələri nümayəndə heyətlərinin ənənəvi görüşünün keçiriləcəyini də söyləyib. Dağlıq Qarabağ üzrə alt komitənin iclasının keçirilməsi isə qurumun rəhbəri Lord Rassel Constonun sessiyanın işində iştirak edib-etməyəcəyindən asılıdır. Son aylar deputatın səhhətində problemlər yaranıb.
Qeyd edək ki, AŞ PA-nın yaz sessiyası aprelin 18-də yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR