Bank Of Baku

Jan Pol Kosta: “Azərbaycanda insan haqlarının pozulması heç də həmişə yerli məhkəmə orqanlarının qərarlarından qaynaqlanmır” - EKSKLÜZİV

Jan Pol Kosta: “Azərbaycanda insan haqlarının pozulması heç də həmişə yerli məhkəmə orqanlarının qərarlarından qaynaqlanmır” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 30 aprel 2008 17:49 (UTC +04:00)
- Bu ilin ilk üç ayı ərzində Avropa İnsan Haqları Məhkəməsinə ümumilikdə neçə şikayət daxil olub? Ən çox şikayət hansı ölkədən göndərilib?
- 2008-ci ilin əvvəlindən məhkəməyə təxminən 16000 yeni ərizə daxil olub. Ərizələrdən təxminən 70-i Azərbaycandan göndərilib. Şikayət ərizələrinin yarıdan çoxu isə beş ölkənin payına düşür. Bu ölkələr Rusiya, Türkiyə, Rumıniya, Ukrayna və Polşadır.
- Rəsmi Bakı İnsan Haqları üzrə Avropa Konvensiyasına qoşulandan Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycandan ümumilikdə neçə şikayət ərizəsi daxil olub?
- Konvensiya Azərbaycanda qüvvəyə minəndən, məhkəmə Azərbaycanla bağlı 1600-ə yaxın şikayət ərizəsi qəbul edib. Artıq 600-dək ərizəyə məhkəmədə baxılıb, 1000 ərizə isə icraatdadır. Buraya inzibati qaydada geri qaytarılmış ərizələr daxil deyil. Bu günədək məhkəmə komitə qərarı əsasında Azərbaycanla bağlı təxminən 570 ərizəyə baxışı təmin etməyib. Məhkəmə 13 qərar çıxarıb, 34 şikayətlə bağlı hökumətlə yazışma aparılıb.
- Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərarların Azərbaycanda icrasına nəzarət etmək səlahiyyəti varmı? Məhkəmə qərarlarının icrası Sizi qane edirmi?
- Məhkəmə qərarlarının icrası Avropa Şurasının icraedici orqanı olan Nazirlər Komitəsinin fəaliyyət dairəsinə daxildir. Nazirlər Komitəsi mütəmadi olaraq məhkəmə qərarlarının Avropa Şurasına üzv olan ölkələr tərəfindən icrasını yoxlamaq məqsədilə görüşlər keçirir. Hansı ölkədə məhkəmə qərarlarının icrası təxirə salınarsa, digər üzv ölkələr həmin dövlətə qarşı siyasi təzyiqlər etmək hüququna malikdir.
- Azərbaycan hökuməti Avropa Məhkəməsinin bəzi qərarları ilə razı olmadığını bildirir. Buna münasibətiniz necədir?
- Biz Azərbaycan hökumətindən məhkəmənin hansısa qərarları ilə razı olmaması barədə rəsmi məlumat almamışıq.
- İnsan Haqları üzrə Avropa Konvensiyasının Azərbaycanda icrası ilə bağlı vəziyyət barədə nə deyə bilərsiniz?
- Azərbaycanın Konvensiya qarşısında öhdəlikləri var. Əslində Konvensiya Azərbaycan qanunlarının ayrılmaz hissəsini təşkil edir. Ona gərə də dövlət konvensiyanın müddəalarına hörmət etməlidir. Hüquqi orqan kimi məhkəməyə konkret situasiyada fərdi hüquq pozuntularını araşdırmaq üçün müraciət olunur. Məhkəmənin Azərbaycanla bağlı qərarları insan hüquqlarının pozulmasını aşkara çıxarır və ölkədə insan hüquqlarının ümumi vəziyyətini yaxşılaşdırmağa kömək edəcək. Azərbaycan Avropa Şurasının ən yeni üzvlərindən biridir, ölkə Konvensiyanı 6 il əvvəl - 2002-ci il aprelin 15-də ratifikasiya edib. Ona görə də yerli hüquq və təcrübəni konvensiyanın tələblərinə uyğunlaşdırmaq bir qədər vaxt aparacaq.
- Azərbaycanın məhkəmə orqanları çıxardığı qərarlarla Avropa Konvensiyasının müddəalarına əməl edirmi? Azərbaycan məhkəmələrinin ən çox pozduğu müddəa hansıdır?
- Konvensiya Azərbaycana birbaşa tətbiq olunduğundan, milli məhkəmələr Konvensiyaya və məhkəmənin presedent qanununa əsaslana bilərlər. Əldə etdiyimiz məlumata görə, Azərbaycan məhkəmələri qərar çıxaran zaman çox nadir hallarda birbaşa Konvensiyaya əsaslanırlar. Bununla belə, yerli məhkəmələrin fəaliyyəti, onların qərarları, həmçinin digər yerli səlahiyyətli orqanların hərəkətləri Konvensiyanın standartlarına cavab verməli, məhkəmənin presedent qanununa uyğun olmalıdır. İnsan haqlarının pozulmasına gəlincə, bu heç də həmişə yerli məhkəmə orqanlarının qərarlarından qaynaqlanmır. Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan daxil olan şikayətləri araşdırıb və əsasən Konvensiyanın 3-cü (işgəncə və ya qeyri-insani hərəkətlərin, alçaldıcı münasibət və ya cəzanın qadağan olunması), 6-cı (cinayət işinə ədalətli, şəffaf baxılma), 11-ci (sərbəst toplaşma), 13-cü maddəsinin (hüquqi müdafiənin səmərəli vasitəsi) və 1 saylı Protokolun 1-ci maddəsinin (mülkiyyətin qorunması) pozulması halları aşkarlanıb.
- Azərbaycanlı qaçqın və məcburi köçkünlər Avropa İnsan Haqları Məhkəməsinə Ermənistanla bağlı bir sıra şikayətlər göndərib. Onlardan bəziləri hələ indi icraata qəbul olunub. Avropa İnsan Hüquqları Məhkəməsi o şikayətlərə nə vaxt baxacaq? Azərbaycanlı qaçqın və məcburi köçkünlərdən rəhbərlik etdiyiniz quruma nə qədər şikayət daxil olub?
- Azərbaycanlı qaçqın və məcburi köçkünlər tərəfindən Ermənistanla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə 500-dən çox şikayət ərizəsi daxil olub. O ərizələrdən hələlik yalnız biri Ermənistan hökumətinin diqqətinə çatdırılıb. Bu ərizə eyni məzmunlu digər ərizələr üçün də əsas götürülə bilər. Hazırkı mərhələdə Avropa İnsan Haqları Məhkəməsinin həmin ərizələrə baxışı nə zaman yekunlaşdıracağını demək isə mümkün deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR