Bank Of Baku

Müsavat Partiyası mayın 4-nə təyin etdiyi aksiyanı təxirə salıb

Müsavat Partiyası mayın 4-nə təyin etdiyi aksiyanı təxirə salıb
# 02 may 2008 11:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Müsavat Partiyasının mayın 4-nə təyin etdiyi yürüş-mitinq təxirə salınıb. Bu barədə APA-ya məlumat verən partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) partiyanın müraciətində göstərdiyi yerlərdə aksiya keçirilməsinə icazə vermədiyindən, belə bir qərar qəbul edilib. A. Hacılının sözlərinə görə, BŞİH-in partiyaya verdiyi cavab qeyri-qanunidir və “Siyasi partiyalar haqqında” qanunun tələblərini ciddi şəkildə pozur. Partiya təmsilçisi bildirib ki, aksiya keçirmək üçün göstərilmiş üç yerdə əvvəllər dəfələrlə mitinqlər keçirilib. A. Hacılı BŞİH-in qərarı ilə bağlı partiyanın gələn həftə məhkəməyə müraciət edəcəyini də deyib.
BŞİH-in siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Zaur Ramazanov isə APA-ya Müsavatın müraciətində göstərdiyi yerlərdə aksiyanın keçirilməsinə icazə verilməməsinin səbəbləri barədə danışmaq istəməyib: “Onlar qanunda nəzərdə tutulmuş şəkildə bizə müraciət ediblər, biz də qanuna uyğun olaraq həmin müraciəti araşdırıb cavab vermişik. Aksiyanın keçirilməsinin qarşısı alınmayıb, cavabımızda qeyri-qanuni heç nə yoxdur”.
Qeyd edək ki, Müsavat ölkədə kütləvi bahalaşmanın qarşısının alınması, əhalinin mülkiyyət hüququnun toxunulmazlığının təmini, seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması, seçkiqabağı demokratik şəraitin yaradılması, mətbuata təzyiqlərin dayandırılması tələbi ilə mayın 4-nə mitinq təyin etmişdi. Aksiya üçün keçmiş Qələbə kinoteatrının qarşısındakı meydan, Nərimanov kinoteatrının qarşısındakı meydan və Ukrayna meydanı müəyyənləşsə də, BŞİH mitinqin Bibiheybətdəki stadionda keçirilə biləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR