Bank Of Baku

Ankaradakı Əsri məzarlığında Məhəmməd Əmin Rəsulzadənin qəbirüstü abidə kompleksinin açılışı olacaq

Ankaradakı Əsri məzarlığında Məhəmməd Əmin Rəsulzadənin qəbirüstü abidə kompleksinin açılışı olacaq
# 13 may 2008 14:09 (UTC +04:00)
Bu barədə APA-nın Türkiyə bürosuna qəbirüstü abidə kompleksinin layihəsinin müəllifi, Ankaradakı Azərbaycan Kültür Dərnəyinin baş katibi, Türkiyə Abidələr Dərnəyinin sənət məsələləri üzrə müşaviri Tuncər Kırhan məlumat verib. O, bir neçə ildir ki, Rəsulzadənin qəbrini mavzoley halına gətirməyi düşündüklərini bildirib: “Türkiyə Abidələr Dərnəyinin maddi dəstəyi ilə hazırladığımız layihəni həyata keçirdik. Bilirsiniz ki, Abidələr Dərnəyinə uzun illər mərhum Mehmet Kəngərli başçılıq edib. 1918-ci ildə “İnsanlara hürriyyət, millətlərə istiqlal” deyən bir fenomenin müəllifi olan Rəsulzadə türk dünyasında ölümsüzləşən insandır. Mühacirətdə yaratdığı Azərbaycan Kültür Dərnəyi onun xatirəsini həmişə əziz tutub”.
Qəbirüstü abidə komleksi haqqında danışan T. Kırhan kompleksdə 4 sütunun olduğunu deyib: “Biz Rəsulzadənin həyatındakı rəqəmləri bu layihədə əks etdirmişik. Çünki abidələr və ya mavzoleylər vizuallıqla birlikdə daşıdıqları məna ilə də önəm qazanmalıdır. Sütunların üzərində türk kilim motivləri işlənib. Sütunların hündürlüyü tarixi 28 rəqəminə əlavə edilən beşinci ayın cəminə uyğun gəlir ki, bu da 2,85 metr edir. Sütunların üzərindəki çatı Azərbaycanın milli bayrağındakı səkkizguşəli ulduz və üçrəngli bayrağın yüksəlişinin rəmzidir. Qəbrin olduğu yerin ilk ölçüsü Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətini elan etdiyi dövrdəki yaşını ifadə edir yəni qəbrin yerdən hündürlüyü 34 santimetrdir. Qəbrin ətrafının ən yüksək nöqtəsi isə onun əbədiyyətə qovuşduğu zamankı yaşını ifadə edir və 71 santimetrdir. Burada yumşaq mərmər və qırmızı qranitdən istifadə edilib. Oyma işlər və daşlarda ahəngə xüsusi diqqət yetirilib. Mən bunun maketini çoxdan hazırlamışdım. 1995-ci ildən bəri Rəsulzadənin qəbri Azərbaycan Kültür Dərnəyi tərəfindən qorunurdu. Biz iki dəfə məzarı təmir etsək də, orada mavzoley yaratmaq hamımızın arzusu idi. Bu dəfə istəyimizə nail olduğumuza inanıram”.
Qeyd edək ki, mayın 28-də keçiriləcək açılış mərasiminə Tükiyənin bir çox siyasətçisi və dövlət xadimi, Azərbaycanın Ankaradakı səfiri və Azərbaycandan bir çox qonaq dəvət olunub. Açılış mərasimindən sonra “M.Ə.Rəsulzadə və Azərbaycan istiqlalı” mövzusunda konfrans keçiriləcək.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR