Bank Of Baku

Kamal Cəfərov: “Hərbi vəziyyətlə bağlı qaydalara əməl etmək hər birimizin vətən borcudur”

Kamal Cəfərov: “Hərbi vəziyyətlə bağlı qaydalara əməl etmək hər birimizin vətən borcudur”
# 28 sentyabr 2020 16:33 (UTC +04:00)

“Bu gün Azərbaycan vətəndaşları cəsarət göstərirlər, bütün hərbi hissələrimizdə ruh yüksəkliyi var. Yaşadığı regiondan, tutduğu mövqedən, sosial durumundan asılı olmayaraq xalq həmrəylik göstərir, Ali Baş Komandanın ətrafında sıx birləşib.

Əminəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə biz mütləq qalib gələcəyik, torpaqlarımızı işğaldan tam azad edəcəyik. Bizim milli ordumuz çox peşəkardır, çevikdir, cəsurdur və güclü qətiyyətimiz var”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov deyib.

O bildirib ki, eyni zamanda vətəndaşlarımız da məsuliyyətli olmalıdır: “Dünən Azərbaycan Prezidentinin “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanı Milli Məclis tərəfindən təsdiq edildi. Bununla əlaqədar olaraq bir sıra ərazilərdə komendant saatı tətbiq edilir. Komendant saatı 21:00-dan başlasa da, ictimai nəqliyyat saat 20:00-dək fəaliyyət göstərəcək. Bu qaydalara əməl etmək hər birimizin vətən borcudur. Biz də intizamlı olmalıyıq. Bunu təkcə qanunvericiliyin tələbi olduğu üçün, ordumuza, əsgərlərimizə dəstək olmaq üçün etməliyik”.

Deputat dezinformasiyalarla bağlı məsələyə də münasibət bildirib: “Ermənilər dezinformasiya yaymaqla qorxu və ya təşviş yaratmağa cəhdlər edir. Bu dövrdə kibertəhlükəsizlik məsələlərinə xüsusi həssaslıqla yanaşmalıyıq. Yalan, hərbi sirr təşkil edən məlumatları paylaşmaq olmaz. Cəbhəyanı rayonlarda yaşayan əhalimiz daha diqqətli olmalı və rəsmi məlumatlardan başqa heç bir xəbər və məlumatlara inanmamalıdır. Artıq bir sıra sosial  şəbəkələrin fəaliyyəti məhdudlaşdırılıb. Ona görə də bəzi hallarda VPN proqramlardan istifadə edilir. Bu cür proqramlar isə sizin telefonlarınızda olan bütün media fayllarını və məlumatları əldə etmək imkanı qazanır. Ona görə də xahiş edirəm ki, bu məsələdə çox diqqətli olaq. Sosial mediada qarşınıza çıxan, telefonunuza, e-poçtunuza tanımadığınız şəxslər tərəfindən göndərilən heç bir keçidə daxil olmayın, yaxud hər hansı faylı və ya tətbiqi yükləməyin. Tanımadığınız nömrələrdən gələn mesajlara və zənglərə etimad etməyin və cavab verməyin. Tanıdığınız mənbə olsa belə əvvəlcə mesajın düzgünlüyünü yoxlayın. Digər tərəfdən bu gün hərbi vəziyyətin tətbiqi ilə əlaqədar olaraq qismən səfərbərlik elan edilib. Qismən səfərbərlik zamanı ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər, əsgərlər matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olunacaqlar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR