Azərbaycandan 800-ə yaxın tələbə Litvanın ali təhsil müəssisələrində təhsil alır, bu ikitərəfli münasibətlərin vacib komponentidir.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında deyib.
“Nəqliyyat və logistika sahəsindəki imkanlar, Azərbaycanın təklif etdiyi perspektivlər, Avropa ilə Mərkəzi Asiya arasında Cənubi Qafqazın körpü rolu oynaması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanları, eləcə də Litva ilə dəmir yolu əlaqələrinin daha da genişləndirilməsi ətrafında müzakirələr apardıq. Humanitar və turizm sahələrində də fikir mübadiləsi aparılıb. Litvada çoxsaylı azərbaycanlı ali təhsil alır. Hazırda 800 nəfərə yaxın tələbə Litvanın ali təhsil müəssisələrində təhsil alır ki, bu da ikitərəfli münasibətlərimizin vacib komponentlərindən biridir. Ötən il Litvadan Azərbaycana 3 000-dən çox turist səfər edib”, - nazir qeyd edib.