Qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmayan şəxslərin əhatə dairəsi genişləndirilir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən təklif edilən dəyişiklikdə (birinci oxunuş) əksini tapıb.
İndiyə qədər xarici ölkələrdə dövlət xətti ilə təhsil alan, pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan və ya xarici ölkələrdən deportasiya edilən Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmayıb.
Layihəyə əsasən, diplomatik və ya xidməti pasporta malik olan, insan alverinin qurbanı olan və 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə də dövlət rüsumunun tutulmaması təklif edilir.
Eyni zamanda bu hallardan başqa digər hallarda xarici ölkədə ümumvətəndaş pasportunu itirmiş və ya həmin pasportu oğurlanmış Azərbaycan Respublikasının vətəndaşı bu barədə xarici ölkənin müvafiq polis orqanı tərəfindən verilmiş təsdiqedici sənəd təqdim etdikdə ona qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmayacaq.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.