Asiya İnkişaf Bankı (ADB) 2035-ci ilədək Asiya və Sakit okean regionunda enerji və rəqəmsal infrastrukturun inkişafına 70 milyard dollar həcmində maliyyə vəsaiti cəlb etməyi planlaşdırır.
"APA-Economics" xəbər verir ki, bu barədə ADB-nin prezidenti Masato Kanda müəllif məqaləsində bildirib.
Onun sözlərinə görə, "Ümumasiya Elektrik Şəbəkəsi" təşəbbüsü çərçivəsində 2035-ci ilədək 50 milyard dollar vəsaitin cəlb edilməsi nəzərdə tutulur. Təşəbbüs 20 GVt həcmində bərpaolunan elektrik enerjisinin transsərhəd ötürülməsinə və 200 milyon insanın elektrik enerjisinə çıxış imkanlarının yaxşılaşdırılmasına xidmət edəcək.
Masato Kanda qeyd edib ki, layihənin reallaşdırılması üçün elektrik ötürücü xətlərin tikintisi ilə yanaşı, ölkələr arasında tariflər, texniki standartlar və elektrik enerjisi ticarətini tənzimləyən qaydalar üzrə razılaşmaların əldə olunması vacibdir.
Bununla yanaşı, ADB "Asiya-Sakit Okean Rəqəmsal Magistralı" təşəbbüsü çərçivəsində 2035-ci ilədək daha 20 milyard dollar vəsait cəlb etməyi hədəfləyir. Layihə 650 milyonadək insanın internet bağlantısının yaxşılaşdırılmasına, o cümlədən 200 milyon insanın ilk dəfə etibarlı genişzolaqlı internetə çıxış əldə etməsinə imkan yarada bilər. Həmçinin 300 minə yaxın məktəbin və 25 mindən çox xəstəxana və digər səhiyyə müəssisəsinin internetə qoşulması nəzərdə tutulur.
ADB prezidenti bildirib ki, bank 2030-cu ilədək Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) üzv ölkələr üçün 30 milyard dollar vəsait cəlb etmək öhdəliyi götürüb. Bu vəsait regional elektrik şəbəkəsinin və rəqəmsal iqtisadiyyatın inkişafına, kapital bazarlarının inteqrasiyasına və su ehtiyatlarının idarə olunmasına yönələcək.
Masato Kanda ADB-nin Mərkəzi və Qərbi Asiya, Cənubi Asiya və Sakit okean regionunda da regional əməkdaşlıq və iqtisadi inteqrasiya proseslərində aparıcı rol oynadığını vurğulayıb.
Onun sözlərinə görə, bankın tarixində ilk dəfə olaraq səhmdarlar ADB-nin Nizamnaməsinə dəyişiklik edərək əlavə kapital cəlb etmədən illik maliyyələşdirmə imkanlarını 50% artırıblar. Bank, həmçinin 2030-cu ilədək özəl investisiyaların həcmini dörd dəfə artırmağı hədəfləyir.
ADB prezidenti regionun makroiqtisadi perspektivlərinə də toxunub. O bildirib ki, 2026-cı ildə Asiya və Sakit okean regionunda iqtisadi artımın 5% təşkil edəcəyi, inflyasiyanın isə ötənilki 3%-dən 4,2%-ə yüksələcəyi gözlənilir.
Masato Kanda enerji transformasiyası, süni intellekt texnologiyalarının inkişafı və qlobal təchizat zəncirlərinin yenidən formalaşması fonunda regional inteqrasiyanın investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması və iqtisadi dayanıqlılığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.