Deputat: “Azərbaycan XİN həmsədrlik institutunun ləğvini istəməlidir” - YENİLƏNİB - VİDEO

Milli Məclisin iclası

© APA | Milli Məclisin iclası

# 08 iyun 2021 11:37 (UTC +04:00)

“Ötən həftə yenə erməni cinayətkarlığının şahidi olduq. İki jurnalist öz peşə fəaliyyətini yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəldi”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Jalə Əliyeva deyib.

Deputat bildirib ki, ötən həftə yenə bütün dünyanın gözü qarşısında erməni vandalizmi yaşandı: “Buna görə təkcə Ermənistan deyil, Şərqdən Qərbə qədər ermənilərə dəstək verənlər günahkardır. Ermənistana qahmar çıxanlar Ermənistanı öz öhdəliyini yerinə yetirməyə məcbur etmirlər. Elə ATƏT-in aidiyyəti institutu da günahkardır. Baş verən hadisə Ermənistan qədər beynəlxalq təşkilatların da üzərinə məsuliyyət qoyur. Ermənistan bir daha göstərdi ki, canidir, cinayətkardır. Canları yenə də dəmir yumruq istəyir. Əgər bunu istəmirlərsə, təcili olaraq minalanmış ərazilərin xəritəsini Azərbaycana verməlidirlər”.

Deputat Qüdrət Həsənquliyev isə hökumətin işğaldan azad olunmuş ərazilərə əhalinin qaytarılması ilə bağlı planının olub-olmadığını sual edib. Onun sözlərinə görə, belə planın açıqlanmaması təxribatlara, şayiələrə yol açır.

Deputat bildirib ki, hökumət minalardan təmizlənmənin nə qədər çəkəcəyi barədə ictimaiyyətə açıqlama verməlidir: “Uzun müddətdir, minalanmış ərazilərin xəritələrini tələb edirik. Amma biz erməni xislətinə bələdik. 30 il tələb etdik ki, işğal etdikləri ərazilərdən çıxsınlar, çıxmadılar. Bir 30 il də minalanmış ərazilərin xəritələrini tələb edəcəyik? Hökumət görüləcək işləri, əhalinin işğaldan azad edilmiş ərazilərə hansı mərhələlərlə qaytarılacağını açıqlamalıdır”.

Deputat Fəzail Ağamalı qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Minsk Qrupuna müraciət edərək, həmsədrlik institutunun ləğvini istəməlidir.

Deputat bildirib ki, Fransa son hadisələrdə də susqunluq nümayiş etdirdi: “Minsk Qrupu yenə danışmadı, münasibət ortaya qoymadı”.

Parlamentin sədri Sahibə Qafarova isə qeyd edib ki, artıq bütün dostluq qruplarının rəhbərlərinə iyunun 4-də baş vermiş cinayətlə bağlı məktub göndərilib: “Mənim tərəfimdən də bu məqamla bağlı məktublar ünvanlanıb. MDB PA, Avropa Şurası Parlament Assambleyası spikerlərinə də məktublar göndərmişəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR