Özəl tibbi müəssisələrin texniki cəhətdən daha yüksək təchiz olunması, xaricdə təhsil alan mütəxəssislərin cəlbi onların imkanını, şəraitini daha da yaxşılaşdırar.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.
Deputat bildirib ki, narahatlıq doğuran məqamlar var: “Məni narahat edən məsələ ondan ibarətdir ki, vətəndaşların vəziyyəti kəskin formada ağırlaşanda ambulans maşınları həmin özəl tibbi müəssisələrə aparmaqdan qabaq, özəl tibbi ocaqlar ən azı 5000-6000 manat depozit tələb edirlər. Başa düşürəm ki, həmin özəl tibbi xəstəxanaların xərcləri, o cümlədən əmək haqqı xərcləri yüksəkdir, hətta dünya standartlarına bərabərdir. Amma, tibbi sığorta bu xərclərin əksəriyyətini qarşılaya bilmir. Amma, xəstə dövlət xəstəxanasına getsə, artıq tibbi sığorta bu xərclərin 85-90 faizini qarşılayacaq. Problem nədir: dövlət xəstəxanalarının maddi-texniki bazası, tibbi avandanlıqlarla təchizatı aşağı səviyyədədir. Eyni zamanda daha peşəkar və bilikli həkimlər yüksək maaş üçün özəl tibb müəssisələrinə üz tuturlar. Təklif: dövlət tərəfindən, büdcədən mərhələli şəkildə daha çox vəsait ayrılsın ki, dövlət xəstəxanaları təmir edilsin, yüksək keyfiyyətli avadanlıqlarla təchiz edilsin və əmək haqqı yüksək olsun. İkinci təklifim isə Bakı şəhərində fəaliyyət göstərən ambulanslarla bağlıdır. Belə ki, bir neçə il bundan öncə Bakı şəhərinin əhalisi 2,5 milyon olanda 175 ambulans ekipajı fəaliyyət göstərirdi. Bu gün bu say 140-dır. Bu səbəbdən müraciət olunan zaman ambulanslar xəstənin yanına 1 saatdan daha gec bir müddətə çatırlar. Bu vaxt 12-15 dəqiqə olmalıdır, hansı ki ambulans sayı çoxalsa bu belə olacaqdır. Təklif: ən azı bu say yenidən 180-190 olmalıdır ki, fəaliyyətləri effektiv olsun. Qısacası maddi-texniki bazaları güclənməlidir və ekipaj üzvlərinin peşəkarlığı artırılmalıdır.”