Deputat: Məhz Xalq-Lider-Ordu birliyi sayəsində qısa müddətdə torpaqlarımız işğaldan azad edildi

Deputat: Məhz Xalq-Lider-Ordu birliyi sayəsində qısa müddətdə torpaqlarımız işğaldan azad edildi
# 15 fevral 2024 12:56 (UTC +04:00)

Məhz Xalq-Lider-Ordu birliyi sayəsində qısa müddətdə torpaqlarımız işğaldan azad edildi.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım deyib ki, fevralın 7-də prezident seçkilərində Azərbaycan xalqı növbəti dəfə öz Liderinə - İlham Əliyevə etimad göstərdi: "Seçkilərin nəticələri torpaqlarımızı işğaldan azad edən Müzəffər Ali Baş Komandan, yenilməz sərkərdə İlham Əliyevə xalqımızın sonsuz inam və etimadının ifadəsi idi. 2003-cü ildə ilk dəfə Prezident seçiləndə cənab İlham Əliyev qarşıda duran məsələlərin həll ediləcəyini vəd etmişdi. Azərbaycan çox sürətli və dinamik inkişaf yolu keçdi, tarixi nailiyyətlər əldə etdi. 2018-ci ildə andiçmə mərasimində cənab Prezident torpaqlarımızın azad ediləcəyini və Azərbaycanda separatizmə son qoyulacağını demişdi. 2 ildən sonra Vətən müharibəsində tarixi qələbə əldə olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi”.

Deputat bildirib ki, prezident seçkilərinin ilk dəfədir müstəqil Azərbaycanın bütün ərazilərində keçirilməsi tarixi hadisədir: “Məhz bu səbəbdən də, budəfəki seçkilər cəmiyyətimizdə haqlı olaraq Zəfər seçkisi kimi dəyərləndirilir. Prezidentimiz İlham Əliyevin Xankəndində səs verməsi isə rəmzi məna daşıyır. 30 ildən çox idi ki, tarixi şəhərimiz olan Xankəndi erməni separatçılarının yuvasına çevrilmişdi. Məhz buradan xalqımıza qarşı məkrli planlar hazırlanırdı. Amma ötən ilin sentyabr ayında ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağda erməni separatçıları diz çökdürüldü. Bütün bunların fonunda Xankəndi şəhərində də seçki prosesinin təşkili və səsvermənin keçirilməsi Zəfərimizin təntənəsi oldu. Fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı Prezident İlham Əliyevin dediyi kimi, Xankəndidə qutuya atdığı bülleten erməni separatçılarının tabutuna vurulan son mismar idi”.

Fatma Yıldırımın sözlərinə görə, Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı qarşıda dayanan vəzifələr, gələcək hədəflər barədə ətraflı bəhs etdi: “Əminik ki, dövlət başçısının liderliyi ilə qarşıda duran vəzifələr yüksək səviyyədə yerinə yetiriləcək. Son 20 ildə Azərbaycanın keçdiyi yola nəzər saldıqda, biz Prezident İlham Əliyevin xalqa verdiyi bütün vədləri yerinə yetirdiyinin şahidi oluruq. Ölkədə aparılan praqmatik siyasət, ilk növbədə, milli maraqların nəzərə alınması ilə şərtlənir. Dövlət başçısı mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev qurucu, birləşdirici Lider kimi qətiyyətlə reallaşdırdığı siyasətdə həmişə dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görüb və bütün qüvvəsini bu istiqamətdə səfərbər edib: ‘Dövlət özünün “güclü dövlət” konsepsiyasını həyata keçirmək üçün, bir qayda olaraq, xalqa arxalanıb, xalqdan güc alıb və xalqına güc verib. Öz növbəsində, müdrik Azərbaycan xalqı da həmişə dövlət başçımıza güvənib və bütün məsələlərdə Ona dəstək verib. Cənab Prezident İlham Əliyev xalqın, birmənalı şəkildə, dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir. Azərbaycan xalqı dövlət başçımıza böyük inamını növbəti dəfə fevralın 7-də keçirilən prezident seçkilərində ifadə etdi və Azərbaycanı inamla idarə edən, ölkəmizə çoxsaylı uğurlar qazandıran cənab İlham Əliyevə səs verdi. Beləliklə, seçkilərin nəticələrində Xalq-Lider birliyi müstəsna əhəmiyyət kəsb edir. Qeyd etdiyimiz kimi, bu birlik uzun illərdir mövcuddur və müstəqil dövlətimizin nailiyyətlərinin əsasını təşkil edir. Bu birlik xüsusilə 44 günlük Vətən müharibəsində öz təntənəsini parlaq şəkildə yaşadı. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çağırışı ilə bütün xalq dəmir yumruq kimi birləşdi. Məhz Xalq-Lider-Ordu birliyi sayəsində qısa müddətdə torpaqlarımız işğaldan azad edildi. Heç bir qüvvə bu sarsılmaz birliyin qarşısında duruş gətirə bilmədi. 7 fevral seçkiləri bir daha xalqın öz Liderinə sonsuz inamının ifadəsi idi. Bu, o anlama gəlir ki, Azərbaycan vətəndaşları öz talelərinə biganə deyillər, istəyirlər ki, şəhidlərimizin qanı hesabına qurulan müstəqil dövlətimizin sükanı həmişə etibarlı əllərdə olsun. Bu istək həm cəmiyyətin bütün təbəqələrinin, həm də ölkəmizdə yaşayan bütün xalqların arzusudur. Prezident İlham Əliyevin son 20 ildə apardığı siyasət müxtəlif milli, dini mənsubiyyətə malik insanları ayıran yox, birləşdirən bir siyasət olub. Bu gün dünyanın ayrı-ayrı ölkələrindəki mənzərələrdən fərqli olaraq respublikamızda multikulturalizm kifayət qədər yüksək səviyyədədir, dövlət milli birliyin daha güclü şəkildə təmin olunmasına böyük önəm verir. Bütün bunların fonunda xalqımız 7 fevral seçkilərində böyük ruh yüksəkliyi ilə iştirak edərək öz Liderinə sarsılmaz inamını bir daha nümayiş etdirdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR