Deputat: VII çağırış Milli Məclisə seçkilər parlamentarizm və dövlətçilik tariximizə əbədi yazılacaq

Hikmət Babaoğlu, Milli Məclisin deputatı

© APA | Hikmət Babaoğlu, Milli Məclisin deputatı

# 21 iyun 2024 09:00 (UTC +04:00)

VII çağırış Milli Məclisə seçkilər parlamentarizm və dövlətçilik tariximizə əbədi yazılacaq.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib ki, hazırda Azərbaycan öz müstəqil dövlətçilik tarixinin ən yeni mərhələsinə qədəm qoyub: “Əgər yeni mərhələni 44 günlük müharibədə əldə etdiyimiz Zəfər və ondan sonra ərazi bütövlüyümüzün təmin edilməsi şərtləndirmişdisə, ən yeni mərhələni isə 2023-cü ildə şanlı ordumuzun həyata keçirdiyi lokal antiterror əməliyyatı nəticəsində hər qarış ərazimizdə suveren hüquqlarımızın təmin edilməsi təyin etdi. Beləliklə, hüquqi, siyasi və inzibati-coğrafi baxımdan tamamilə fərqli reallıqlar yarandı. Bu prosesdə milli siyasi-hüquqi sistemimizin tələbi və ictimai rəyin sifarişi nəticəsində ölkəmizdə artıq birinci mühüm dəyişiklik baş tutdu. Bu ,Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra 2024-cü ilin fevralında müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində prezident seçkilərinin keçirilməsi idi. Yəni ən yeni tariximizin çağırışları əsasında Azərbaycanda Ali İcraedici Hakimiyyət milli iradənin diqtəsi ilə yeniləndi. İndi isə siyasi sistemin yeni çağırışı Ali Qanunverici Orqanın yenilənməsi istiqamətindədir. Bu isə həm Konstitusiyamızın tələbləri baxımından hüquqi aspektdən, həm də ölkəmizdə baş tutacaq mühüm tarixi hadisə, dünyanın bir nömrəli tədbiri hesab edilən COP29-un ölkəmizdə keçirilməsi ilə birbaşa əlaqəlidir. Azərbaycan Respublikasının Konstitusiyasına görə seçkilər ən gec noyabr ayının birinci bazar günü keçirilməlidir. Ancaq zərurət yaranarsa seçkilərin tarixinin önə çəkilməsi mexanizmi də Konstitusiyamızda mövcuddur. Bütün bunları nəzərə alaraq, YAP İdarə Heyətinin 20 iyun 2024-cü il tarixində keçirilən iclasında uyğun qərar qəbul edildi və YAP-dan olan millət vəkilləri parlament sədrinə müraciət edərək seçkilərin 2 ay əvvələ keçirilməsi ilə bağlı təşəbbüslə çıxış etməyi məqsədə müvafiq hesab etdilər. Bu, həm seçkilərin azad, şəffaf və demokratik keçirilməsi baxımından münbit şərtlər formalaşdıracaq, həm də parlament tariximizdə ilk dəfə seçki dairələri üzrə hər namizəd öz dairəsində siyasi mübarizə aparacaq. Yəni ilk dəfə həm hüquqi-siyasi, həm də inzibati-coğrafi baxımından birbaşa ərzi üzrə seçkilər keçiriləcək. Şuşalı, kəlbəcərli, xankəndili, laçınlı, ağdamlı və digər seçicilər artıq müvəqqəti məskunlaşdığı hansısa rayonda deyil, bilavasitə öz rayonunda səsvermədə iştirak edəcək. Beləliklə də 7-ci çağırış Milli Məclisə seçkilər parlamentarizm və dövlətçilik tariximizə əbədi yazılacaq. Bu, siyasi sistemimiz adına qürurverici bir hadisədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR