Diplomatik korpusun nümayəndələrinin Xankəndi şəhərinə səfəri başlayıb.
APA xəbər verir ki, nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonunda xüsusi nümayəndəsi Elçin Yusubov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov qarşılayıb.
Səfərdə Azərbaycanda akkreditə olunmuş 33 ölkədən və 7 Beynəlxalq təşkilatdan, ümumilikdə 100-dən çox diplomat və hərbi attaşelər iştirak edir.
Səfərdə məqsəd xarici diplomatları Xankəndi şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri və Qarabağ Universitetində tələbələr üçün yaradılan şəraitlə yaxından tanış etməkdir.
***
09:27
Bakıda akkreditasiyadan keçmiş diplomatik korpusun nümayəndələrinin Şuşa və Xankəndi şəhərlərinə səfəri başlayıb.
APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.
“Biz Bakıda akkreditasiyadan keçmiş diplomatik korpusun nümayəndələri ilə birlikdə Füzuli Hava limanına endik. Buradan Şuşa və Xankəndi şəhərlərinə səfər edəcəyik. Xankəndidə yerləşən Qarabağ Universitetinin tələbələrini ziyarət edəcəyik. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda postmünaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri ilə tanış olacağıq” – deyə, H. Hacıyev qeyd edib.