Bank Of Baku

Fatma Yıldırım: SPECA çərçivəsində həyata keçirilən tədbirlər ölkəmizə mühüm dividentlər qazandıracaq

Fatma Yıldırım: SPECA çərçivəsində həyata keçirilən tədbirlər ölkəmizə mühüm dividentlər qazandıracaq
# 24 noyabr 2023 19:22 (UTC +04:00)

“Ölkəmizdə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün keçirilməsi mühüm hadisədir. Bu, Azərbaycanın dünya miqyasında yüksək nüfuza sahib olmasının növbəti dəfə təsdiqidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA həftəsi baş tutub: “Noyabrın 24-də isə SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçirilib. Sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmiləri iştirak ediblər. 1998-ci ildə formalaşdırılan SPECA-nın əsas məqsədləri və fəaliyyət istiqamətləri 26 mart 1998-ci ildə qəbul olunmuş Daşkənd Bəyannaməsində öz əksini tapıb. Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstan proqrama üzv dövlətlərdirlər. BMT-nin Avropa üçün İqtisadi Komissiyası (UNECE), BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) da proqramda təmsil olunurlar. SPECA-nın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.

Millət vəkilinin sözlərinə görə, indiyədək proqrama uyğun olaraq BMT tərəfindən bir sıra mühüm sənədlər imzalanıb və önəmli layihələr reallaşdırılıb. Noyabrın 20-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan tərəfindən irəli sürülmüş SPECA-nın 25-ci ildönümünün qeyd olunmasına dair BMT Baş Assambleyasının qətnamə layihəsi yekdilliklə qəbul edilib. “Dünyamızın transformasiyası: Davamlı İnkişaf üçün 2030 gündəliyi” adlı qətnamədə Xüsusi Proqramın üzv dövlətlər üçün qarşılıqlı anlaşma, iqtisadi əməkdaşlıq və regional inkişafı təşviq edən regional proqram kimi mühüm rolu vurğulanıb. Sənəddə Xüsusi Proqramın iştirakçısı olan dövlətlərin və BMT-nin Xüsusi Proqram çərçivəsində layihələrin həyata keçirilməsi üçün maliyyə resurslarının səmərəli və vaxtında səfərbər edilməsi üçün BMT-nin çoxtərəfdaşlı etimad fondunun yaradılması imkanlarının araşdırılmasının əhəmiyyəti qeyd olunub. Habelə qətnamədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək üçün Mərkəzi Asiya ölkələri arasında regional əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb”.

Fatma Yıldırım qeyd edib ki, Zirvə görüşündə Prezident İlham Əliyev çıxışı zamanı SPECA-nın əhəmiyyəti, eləcə də Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticələri, dövlətimizin öz gücünə ərazilərimizi işğaldan azad etməsi, hazırda həyata keçirilən bərpa işləri haqqında məlumat verib.

“Dövlət başçısının dediyi kimi, biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. “SPECA-ya üzv dövlətlərin qoşulduğu Orta Dəhlizin potensialı dəmir yolları ilə yanaşı, limanların yükaşırma qabiliyyəti ilə də sıx bağlıdır. Bu baxımdan, Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır. Eyni zamanda Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi limanının genişləndirilməsi də Orta Dəhlizin fəaliyyətinə töhfə verəcək. Həmçinin Azərbaycan Qara dənizdə yeni liman infrastrukturu qurmaq niyyətini ifadə edib. Bütövlükdə, SPECA çərçivəsində həyata keçirilən tədbirlər ölkəmizə mühüm dividentlər qazandıracaq”, - deyə millət vəkili vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR