Baş Nazirin Katibliyinin rəisi təyin edilib.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun APA-nın verdiyi məlumata görə, Baş Nazir Əli Əsədov bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Ələsgər Ələsgərov Baş Nazirin Katibliyinin rəisi təyin edilib.
Qeyd edək ki, Ə. Ələsgərov 2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər, 2010-2014-cü illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq, 2016-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçiliyi Akademiyasında Dövlət Qulluğunun Təşkili və İdarəedilməsi ixtisasları üzrə təhsil alıb. 2013-cü ilədək müxtəlif dövlət orqanlarında çalışıb. 2013-cü ildən Azərbaycan Respublikası Prezident Administrasiyasında Prezidentin iqtisadi məsələlər üzrə köməkçisinin xidmətində müxtəlif vəzifələrdə çalışıb.
2019-cu ilin oktyabrın 22-dən son struktur islahatlarına qədər Baş Nazirin köməkçisi vəzifəsində işləyib.
Baş Nazirin Katibliyinin rəisi isə Ərəstü Həbibbəyli olub.