MSK 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri təyin edib - YENİLƏNİB-1

MSK 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri təyin edib - YENİLƏNİB-1
# 08 dekabr 2023 18:25 (UTC +04:00)

Məzahir Pənahovun sədrliyi ilə 2023-cü il dekabrın 8-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən APA-ya verilən xəbərə görə, əvvəlcə MSK sədri Komissiya üzvlərini növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə tanış edib. Sonra növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması məsələsinə baxılıb və Sərəncamın müvafiq hissəsini təmin etmək məqsədilə seçkilərin 2024-cü il fevralın 7-nə təyin edilməsinə qərar verilib.

Komissiya seçkilərin keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin müəyyən edilmiş qaydada və müddətdə seçki subyektləri tərəfindən ardıcıl və keyfiyyətlə gerçəkləşdirilməsi, onlara metodiki yardım göstərilməsi və seçki prosesindəki fəaliyyətlərinin səmərəliliyinin artırılması üçün zəruri məqamların əks olunduğu Təqvim planını təsdiq edib.

Sözügedən seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması, habelə vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də iclasda baxılıb və Komissiyanın qərarı ilə 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb. Qanunvericilikdə nəzərdən tutulmuş müddətdən gec olmayaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə dairə seçki komissiyalarına həvalə olunub.

MSK-nın qərarı ilə, həmçinin növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində olan imzaların və digər seçki sənədlərindəki məlumatların düzgünlüyünü yoxlamaq üçün müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və Komissiyanın üzvü işçi qrupunun rəhbəri təyin edilib.

Beynəlxalq təşkilat və xarici ölkələrin diplomatik nümayəndəliklərinin, eləcə də media qurumlarının təmsilçilərinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

***

16:09

Mərkəzi Seçki Komissiyasının növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar iclası başlayıb.

APA-nın xəbərinə görə, iclasın gündəliyinə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi daxil edilib.

MSK sədri Məzahir Pənahov bildirib ki, qərara əsasən, 2024-cü il fevralın 7-də növbədənkənar seçkilər təyin ediləcək.

Qərar səsverməyə çıxarılaraq qəbul edilib. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

MSK 7 fevral 2024-cü ildə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi barədə qərar verib.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib. Sərəncama əsasən, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

***

16:03

Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar Prezident seçkiləri ilə əlaqədar iclası keçirilir.

APA-nın xəbərinə görə, iclasın gündəliyinə 4 məsələ daxildir:

1. Növbədənkənar Prezident seçkilərinin təyin edilməsi;

2. Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planının təsdiq edilməsi;

3. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılması;

4. Növbədənkənar Prezident seçkilərində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR