Bank Of Baku

Prezident İlham Əliyevin rəhbərliyi ilə bizi daha böyük qələbələr gözləyir - RƏY

Prezident İlham Əliyevin rəhbərliyi ilə bizi daha böyük qələbələr gözləyir - RƏY
# 08 dekabr 2023 11:42 (UTC +04:00)

Unutmayaq ki, 2018-ci ildə Prezident İlham Əliyev qarşısına qoyduğu bütün hədəflərə çatdı. İşğala son qoydu, separatçı yuvanı yerlə bir etdi.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, indi yeni çağırışlar var: “7 fevralda keçiriləcək Prezident seçkiləri Azərbaycan xalqının iradəsinə söykənir. Əminəm ki, Azərbaycan xalqı bir daha dövlət başçısına səs verəcək və ona Azərbaycanı daha ciddi uğurlara aparmaq üçün şərait yaradacaq. Eyni zamanda bu sərəncama qarşı çıxanlara deyirəm ki, meydan açıqdır, buyurun. Özünüzə güvənirsinizsə, bu seçkilərdə iştirak edin. Ana Vətən Partiyası ənənələrinə sadiq qalaraq, Bu seçkilərdə də İlham Əliyevin namizədliyini dəstəkləyəcək”.

Deputat Ceyhun Məmmədov qeyd edib ki, bu gün təəssüf ki, haqsızlığa və təcavüzə məruz qalan dövlətlər deyil, təcavüzkar və terror törədən dövlətlər dəstəklənir: “30 il ərzində biz bunu açıq-aydın gördük. Ancaq bütün haqsızlıq və ədalətsizliklərə baxmayaraq Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün çətinliklərə sinə gərərək öz möhtəşəm qələbəsini təmin etdi. Təəssüf ki, Azərbaycan hər zaman olduğu kimi bu gün də eyni ədalətsizlik və haqsızlıqlarla üz-üzədir. Bu gün bizim qarşımızda çox ciddi missiya və hədəflər durur. Biz dövlətçiliyimizi, müstəqilliyimizi və qələbəmizi daha da möhkəmləndirməli, Qarabağda həyata keçirilən böyük abadlıq və quruculuq işlərini sürətləndirməliyik. Heç şübhəsiz ki, Azərbaycan bu missiyanın da öhdəsindən hər zaman olduğu kimi, uğurla və ləyaqətlə gələcək. 2020-ci ildə Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki bölgədə bütövlükdə dünyamızda yeni reallıq yaratdı. Bu qələbənin və uğurun əsas səbəbkarı məhz prezident İlham Əliyevdir. Bütün bunlar nəzərə alınaraq ölkəmizdə yeni Prezident seçkilərinin keçirilməsi barədə qərarın qəbul edilməsi Prezident İlham Əliyevin növbəti müdrikliyinin və uzaqgörənliyinin parlaq təzahürüdür. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bizi irəlidə hələ daha böyük qələbələr gözləyir. Azərbaycan xalqı hər zaman bütün sınaqlardan ölkə rəhbərliyi ətrafında sıx birləşərək çıxıb. Bu dəfə də xalqımız böyük müdriklik və uzaqgörənlik nümayiş etdirərək növbəti dəfə öz liderlərinə sadiqliklərini nümayiş etdirəcəklər ”.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc vurğulayıb ki, qlobal sarsıntılar və təhlükələr dövründə prezident seçkilərinin 7 fevral 2024-cü ilə təyin edilməsi Vətən müharibəsində Azərbaycana məğlub olan qüvvələrin xarici müdaxilə və planlarından ölkəmizi qorumaq üçündür: “Seçkilərin vaxtının irəli çəkilməsi 3-cü dövlətlərin planlarının pozulması və erməni təxribatlarına cavab olaraq 27 sentyabrda verilən qərarla eyni mənaya malikdir. Bəllidir ki, İlham Əliyevin siyasi nüfuzu nəinki ölkə daxilində, yaxud islam-türk coğrafiyasında, eləcə də dünya liderləri arasında ən güclü dövrünü yaşayır və 44 gündə prezidentin çağırışına verilən milyonlarla səs əsil ümumxalq referendumu idi. Yəni, müqəddəs müharibədə qazanılan qələbə azad, ədalətli, demokratik, legitim seçki hadisəsiydi. Zəfər seçkilərinin hansı tarixdə keçirilməsi, İlham Əliyevə veriləcək milyonlarla səsi dəyişmir. İlham Əliyevin yeni seçki platforması 44 günlük Vətən müharibəsində xalq və ordu ilə birlikdə döyüş meydanlarında yazılıb. 7 fevral “Böyük Qayıdış”ın təminatçısı, millətimizin silahsız, dinc səsi ilə düşmənə qalib gələcəyi gündür. 7 fevral tarixi 8 noyabr Zəfər, 20 sentyabr Bütövlük gününün davamıdır və sülh müqaviləsinin imzalanmasını sürətləndirəcəkdir. Zəfər seçkiləri 2019-cu ildəki kimi hakimiyyətin bütün qollarında aparılan kadr və struktur dəyişikliklərinin, gələcəkdə parlament, məhkəmə və bələdiyyə institutlarının da xalqın səsi ilə formalaşmasının əsas təminatçısıdır”.

Deputat Bəhruz Məhərrəmov deyib ki, real müstəqilliyimizin 30-cu ilində, ali Konstitusion niyyətimizə əsaslanaraq nəhayət, bəyan edə bilirik ki, Azərbaycan bütün aspektlərdə müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü təmin etmiş dövlətdir və tariximizdə ilk dəfə ərazi bütövlüyümüz çərçivəsində seçki keçirməyə hazırlaşırıq. Bəhruz Məhərrəmov bildirib ki, bu mənada Konstitusiyanın 101-ci maddəsinin I hissəsinin 2-ci cümləsini rəhbər tutaraq fevralın 7-ə müəyyənləşən növbədənkənar Prezident seçkiləri əslində bizim qürur tariximizin mühüm bir həlqəsi olacaq: “Aydındır ki, Zəfərimizdən doğan yeni reallıq, tələbləri də dəyişib, hədəflərimiz də 3 il əvvəlki hədəflər deyil və 2017-ci ildən start verilən, böyük uğurlara aparan islahatların yeni mərhələsində olduğu kimi, İlham Əliyev bu dəfə də islahatı zirvədən başlayır. Bu, əslində siyasi mədəniyyətin zirvəsi deməkdir. Necə ki, böyük Heydər Əliyev topsuz, tüfəngsiz, ordusuz, yalnız xalqa - ona canı-qanı ilə dəstək olmağa hazır olan milyonlara güvənərək müasir Azərbaycan dövlətini qurdu, İlham Əliyev də tam yeni Azərbaycanın quruculuğunda məhz xalqın etimadına güvənərək erkən seçkilərə gedir. Bu, eyni zamanda xalq üçün bir fürsətdir ki, 20 ildir bizi qələbədən qələbəyə aparan, Azərbaycanı qalib dövlətə çevirən müzəffər Liderinə özünün minnətdarlığını çatdırsın!

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır: “İndiyə qədər prezident seçkiləri keçiriləndə torpaqlarımız işğal altında idi. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün təsbiti deməkdir. Prezident xalq müraciət edərək bildirir ki, sizin haqqınızdır öz suveren hüququnuzdan istifadə edərək Prezidenti seçəsiniz və bütün ərazilərimizdə həm de-yure, həm də de-fakto hakimiyyət bərpa olunsun. Konstitusiya xalq tərəfindən qəbul olunduğuna görə Prezidentin bütün ərazilərimizdə hakimiyyətinin tam bərqərar olması üçün xalqın iradəsi lazımdır”.

Deputat Azər Badamov bildirib ki, elan olunmuş növbədənkənar seçkilər müstəqil dövlətimizin son 33 illik tarixində bütün ərazilərində suverənliyini təmin edərək keçirilən ilk seçkilərdir: “Bu gün Azərbaycan dövləti qalibdir və ölkəmizi bu yüksək zirvəyə qaldıran Prezident İlham Əliyev və xalq-iqtidar birliyidir. Keçiriləcək növbədənkənar seçkilər regionda yaratdığımız yeni reallığın Zəfər seçkiləridir. İndi üçrəngli dövlət bayrağımız Xankəndində və digər ərazilərdə dalğalanır. Azərbaycan dövləti bugünki qədər tarixdə heç vaxt güclü olmayıb. 7 fevralda keçiriləcək seçkilərdə iştirak etmək istəyən hər bir şəxs üçün tam demokratik mühit mövcuddur. Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Mən əminəm ki, xalqımız bu seçkilərdə də qalib sərkərdə İlham Əliyevi dəstəkləməklə ölkəmizdəki monolit birlik və həmrəyliyini bütün dünyaya bir daha nümayiş etdirəcək. Bu seçki, həm də Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir”.

Deputat Razi Nurullayev qeyd edib ki, növbədənkənar seçkinin keçirilməsi bizim beynəlxalq aləmə, Azərbaycana qərəzli və qərəz üzərindən qurulan fərqli baxışlara verilən bir cavab olmalıdır və inanır ki, olacaq: “Ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edəndən sonra Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bu demokratik və azad seçkilərin keçirilməsi ölkəmizin beynəlxalq nüfuzuna da müsbət təsir göstərmiş olacaq. İnanıram ki, bu seçkilər ölkəmizin inkişafında yeni müsbət meyllər yaradacaq".

Deputat Kamal Cəfərov bu il oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpasının 33-cü ilinə qədəm qoyduğunu söyləyib: “33 il mühüm yaşdır və bu yaş Azərbaycan üçün böyük gələcəyin başlanğıcıdır. Məşhur Amerika sosioloqu Rendal Kollinsin irəli sürdüyü nəzəriyyəyə əsasən, dövlətlərin inkişaf tarixi 100 illiklərlə deyil, 33 illə müqayisə olunmalıdır. Çünki tarixi araşdırmalar göstərib ki, hər 33 ildən bir dövlətlər yeni inkişaf mərhələsinə qədəm qoyur, böyük yaradıcılığa başlayır. Bizim də xalq olaraq böyük gələcək üçün nəhəng təməllərimiz var. Azərbaycan 33 yaşına kimi natamam olub. Məhz 2023-cü il 15 oktyabr tarixində Müzəffər Sərkərdə İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə bayrağımızı ucaltması ilə Azərbaycan bütövləşdi. Məhz bu irslə, Azərbaycanın müstəqilliyinin və rifahının qarantoru İlham Əliyevlə Zəfər seçkisindən sonra da yeni Azərbaycandan güclü Azərbaycana əmin addımlarla həmişə irəliləyəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR