Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb.
APA xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin əməkdaşları, o cümlədən müvafiq dairə seçki komissiyalarının sədr və katiblərinin də iştirakı ilə reallaşdırılan proses açıq və şəffaf şəkildə həyata keçirilib, müşahidəçilər, media nümayəndələri və maraqlı seçki subyektlərinin bülletenlərin paylanmasını yaxından izləyə bilmələri üçün hər cür şərait yaradılıb.
Tədbir çərçivəsində media üçün brifinq də təşkil olunub, seçki bülletenlərin hazırlanması və aidiyyəti üzrə çatdırılması ilə bağlı Seçki Məcəlləsinin tələbləri, prosesin qanunauyğun təşkili və ümumiyyətlə bələdiyyə seçkilərinə hazırlıqların gedişi barədə ətraflı məlumat verilib, həmçinin jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Seçki bülletenləri ilk gün – yanvarın 22-də Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri və respublikanın ucqar bölgələrini əhatə edən seçki dairələri də daxil olmaqla, ümumilikdə 54 seçki dairəsinə verilir. Növbəti gün isə seçki bülletenlərinin ölkənin digər bütün seçki dairələrinə təhvil verilərək, prosesin tam yekunlaşdırılması nəzərdə tutulur.
Yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin mühafizəsi Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən həyata keçirilir.
Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında bildirib ki, Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanılmasını səsvermə gününə 5 gün qalmış başa çatdıracaq: "Bu prosesdə ən mühüm məqamlardan biri bu prosesin təhlükəsizliyinin təmin olunmasıdır. Bu məqsədlə Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edir. Nazirliyin müvafiq strukturları təhlükəsizlik tədbirlərinin görülməsinə ciddi şəkildə nəzarət edir".
O əlavə edib ki, növbəti mərhələdə dairə seçki komissiyaları səsvermə gününə 3 gün qalmış bülletenləri məntəqə seçki komissiyalarına verilməsini təmin edir.
MSK rəsmisi həmçinin qeyd edib ki, Milli Məclisdə keçirilən son seçkilərdən sonra səsvermə hüququ əldə edən seçicilərin sayı 29 min 172 nəfərdir: "Bizim "İlk dəfə səs verən seçici" layihəsi çərçivəsində səsvermə günü 18 yaşı tamam olan və ilk dəfə səs verən seçicilərimiz öz ad günündə səs verən seçicilərimizə xüsusi kartlar təqdim olunacaq. Bu layihənin məqsədi onların sadiq seçicilərimizə çevirlməsindən ibarətdir".
Qeyd edək ki, bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, 2024-cü il yanvarın 11-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 6052721 (altı milyon əlli iki min yeddi yüz iyirmi bir) seçki bülleteni çap olunub.
Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalanadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.