Bank Of Baku

Tərəqqidən Zəfərə: Heydər Əliyev ideyaları ilə yeni zirvələrə doğru

Tərəqqidən Zəfərə: Heydər Əliyev ideyaları ilə yeni zirvələrə doğru
# 28 may 2023 15:16 (UTC +04:00)

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda olan xaos, dövlət idarəçiliyində baş verən yarıtmaz siyasət, torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələndi. O zaman Ulu Öndər Heydər Əliyev xalqın israrlı və haqlı tələbi ilə yenidən hakimiyyətə qayıtdı.

Qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik təmin olundu, ölkənin bütün maddi-siyasi resursları və potensialı Ermənistanın işğalçı silahlı qüvvələrinə qarşı müqavimətin təşkilinə yönəldildi. 1993-cü il noyabrın 2-də Azərbaycan dövlət televiziyası və radiosu ilə xalqa müraciət edən Heydər Əliyev ictimai ruh düşkünlüyünün qarşısını aldı, hamını bir nəfər kimi düşmənə qarşı mübarizədə fəal iştirak etməyə çağırdı. Ulu öndər müraciətində təkcə hərbi uğursuzluqların səbəblərini deyil, həm də vəziyyətdən çıxış yollarını göstərdi. Eyni zamanda keçmiş hakimiyyətin dövründə Qarabağ məsələsindən çirkin siyasi məqsədlər üçün istifadə edildiyini, ordunun hakimiyyət uğrunda qeyri-qanuni mübarizəyə qoşulduğunu təəssüflə vurğuladı: "Ordunu bir gündə, bir ayda, üç ayda yaratmaq mümkün deyil. Ancaq iki-üç il müddətində ordu yaratmaq, Azərbaycanın etibarlı müdafiəsini təşkil etmək olardı. Təəssüf ki, bu fürsətlər əldən verilib".

Ümummilli lider Heydər Əliyevin xalqa müraciətindən sonra qəlbində Vətən sevgisi olan, respublikamızdan kənarda hərbi xidmət keçən peşəkar zabitlərin, kadrların Azərbaycana axını başlandı. Bu müraciət ictimaiyyətin ayrı-ayrı zümrələri tərəfindən dəstəkləndi, vətəndaşlar, eləcə də ayrı-ayrı təşkilat və müəssisələr ictimai müdafiə prosesinə fəal şəkildə qoşuldular, ordudan yayınma hallarının, cəbhədə geriləmələrin qarşısı alındı. Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilməyəcəyini anlayan təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu imzalamağa məcbur oldu.

Azərbaycanın müstəqilliyinin iqtisadi bazisi

“Azərbaycan iqtisadiyyatı ağır böhran içərisindədir. Neft sənayesində də böyük çətinliklər yaranıb. Bu böhrandan çıxmaq, Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək, xalqın rifahını qısa müddətdə lazımi səviyyəyə qaldırmaq üçün hamı əl-ələ verib müqavilənin həyata keçirilməsinə çalışmalıdır”. Bu sözlər 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında müqavilənin – “Əsrin müqaviləsi”nin imzalanma mərasimində prezident Heydər Əliyevin çıxışında yer alıb. Bu bəyanat təsadüfi deyildi. “Əsrin müqaviləsi” torpaqlarının 20 faizi işğal edilən, vətəndaş müharibəsi təhlükəsi yaşamış, müstəqilliyinə yönəlik ciddi təhdidlər olan, büdcəsində minimum sosial ehtiyacların qarşılanması üçün vəsait çatışmayan müstəqil Azərbaycan dövləti və xalqı üçün tarixi dönüş nöqtəsi idi. Tarixi təcrübə də göstərib ki, müstəqillik ilk növbədə iqtisadi bazislə şərtlənir və Azərbaycanın da təcrübəsi bunu bir daha təsdiqlədi. “Əsrin müqaviləsi”nin memarı olan bu böyük dövlət xadimi bilirdi ki, neft-qaz sektorundan əldə ediləcək gəlirlər həm də Azərbaycanın böhran vəziyyətinə düşmüş digər sahələrinin inkişafı üçün də əlverişli zəmin yaradacaq. Bir sözlə, “Əsrin müqaviləsi” ilə əsası qoyulan strategiya ümumən Azərbaycan iqtisadiyyatının inkişafının təminatçısı olmalı idi. Bu strategiya özünü doğrultdu. Əsrin müqaviləsi”ndən sonra ölkəyə transmilli şirkətlər axışmağa, yeni neft və qaz müqavilələri bağlanmağa başladı, əhəmiyyətinə görə “Əsrin müqaviləsi”ndən geri qalmayan Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Boru Kəməri çəkildi. Eyni zamanda Azərbaycan həm də dünya qaz bazarında aparıcı rollardan birinə yiyələnmək istiqamətində addımlar atmağa başladı, Bakı-Tiflis-Ərzurum Qaz Boru Kəməri layihəsi reallaşdırıldı.

Tarixi seçim

Azərbaycanın iqtisadi baxımdan dirçəlməsi bütün sahələrdə inkişafa və tərəqqiyə yol açdı. Azərbaycan ordusunun nizami ordu kimi formalaşdırılması və qüdrətləndirilməsi işlərinə start verildi. “Mən İlhama özüm kimi inanıram”-deyə xalqına xitab edən Ulu Öndərin 2003-cü ildə İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürəndə də Azərbaycan xalqı o zaman da böyük potensial olan gənc siyasi liderə öz dəstəyini, səsini və inamını etibar etməklə bugünkü Müzəffər və Qalib Azərbaycan dövlətinin gələcəyinə dəstək vermiş oldu.

Prezident İlham Əliyevin prezidentliyi dövründə praqmatik və düşünülmüş uzaqgörən siyasət nəticəsində Azərbaycan nəinki həyata keçirilən sosial-iqtisadi layihələr sayəsində güclü dövlətə çevrildi, artıq regional siyasət məsələlərində də güc mərkəzinə çevrilməyi bacardı. Eyni zamanda daxili siyasətdə Azərbaycan Prezidentinin qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi problemlərinin həllinə xüsusi diqqət yetirməsi, karbohidrogen ehtiyatlarından əldə olunan gəlirlərin ilk növbədə qaçqın və məcburi köçkünlərin sosial problemlərin həllinə yönəldilməsi, yeni qəsəbə və şəhərciklərin salınması, eləcə də gənclər arasında vətənpərvərliyin təbliğatını gücləndirilməsi ilə bağlı da müstəsna xidmətləri var.

Təəssüf ki, 2020-ci ilədək Azərbaycanın apardığı sülh yönümlü siyasət və münaqişənin dinc yolla nizama salınması istiqamətində atdığı bütün addımlar Ermənistan tərəfindən rədd edilmişdi. Ermənistan daim sülh danışıqlarını kobud şəkildə pozur, mütəmadi olaraq təxribatlara əl atırdı.

Düşmən 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusundan aldığı zərbədən nəticə çıxarmadı. 2018-ci ilin mayında həyata keçirilən Günnüt əməliyyatı da ölkəmizin gücünü və öz torpaqlarını azad etmək əzmini bir daha nümayiş etdirdi. Lakin bu da düşmənə dərs olmadı.

Ötən illər ərzində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna ayırdığı yüksək diqqət nəticəsində ordumuzun döyüş arsenalı müxtəlif növ silahlarla zənginləşdirilmiş, şəxsi heyətin döyüş qabiliyyəti artırılmış, peşəkar hərbçilər hazırlanmış, hərbçilərimizin mənəvi-psixoloji əhvalının yüksəldilməsi istiqamətində zəruri addımlar atılmışdı. 2016-cı ilin Aprel döyüşlərində istifadə edilən pilotsuz uçuş aparatlarının da sayı sonrakı müddətdə xeyli artırılmış, nəticədə ordumuzun hərbi-texniki arsenalı bu qəbildən olan silahlarla daha da zənginləşdirilmişdi. Eyni zamanda, hərbçilərimizin həmin silahlardan istifadəsinə dair peşəkarlıqları da yüksəldilmişdi. Bütün bunlar Vətən müharibəsində əvəzsiz rol oynadı.

Ötən ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı növbəti təxribatı Azərbaycanı əks-hücum əməliyyatına başlamağa vadar etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu təcavüzkar düşmənə qarşı qətiyyətlə mübarizəyə başladı və 44 gün ərzində uğurla irəliləyərək işğal altında olan ərazilərini azad etməyə nail oldu. Bölgədə sülhün və sabitliyin əsasını qoydu. Dünya 44 gündə Azərbaycan ordusunun gücünü və igidlərimizin şücaətini gördü.

Prezidentin apardığı siyasət nəticəsində gənclər arasında Vətənə, torpağa, Azərbaycan bayrağına aşılanan sevgi, ehtiramın nəticəsini biz bir il əvvəl Vətən müharibəsi zamanı gördük. Vətən müharibəsinin iştirakçılarının əksəriyyəti məhz gənclər idi. Məhz bizim gənc əsgərlər və zabitlər torpaq, vətən, milli ləyaqət hissini hər şeydən uca tutaraq torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçərək şəhid oldular. Bu gün onlarla gənc qazilərimiz var. Azərbaycan əsgərinin torpaq, Vətən sevgisi bütün dünyaya bir dərs, örnək oldu həm də. Çünki əsgərlərimiz bu gün bir çoxunun kənardan baxıb “bu sıldırım qayaları kimsə keçə bilməz” - dediyi qayaları, dağları məhz o torpaq, vətən sevgisi naminə fəth etdilər. Sıldırım qayalıqda olan Şuşanı – Qarabağın baş tacını azad etdilər. Bütün bunlar böyük bir tarix və tarixi missiya idi.

Füzuli şəhərinin işğaldan azad edilməsinin birinci ildönümündə Prezident İlham Əliyev Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüşündə də qələbəmizi şərtləndirən amillər sırasında vətənpərvərlik amilini xüsusi qeyd etdi: “Bu Qələbəmizi şərtləndirən amillər nəzərə alınaraq kitablarda, məqalələrdə, elmi araşdırmalarda yazılacaq. Amma hesab edirəm ki, bunların arasında ən başlıcası məhz əyilməz ruhumuz və vətənpərvərliyimizdir. Məhz bu bölgədə bizim cavanlarımız, cavan əsgər və zabitlərimiz ölümə gedirdilər. Bütün o mövqelərdə, o dağlıq mövqelərdə ermənilər yerləşmişdilər. Onlar orada 30 il yerləşmiş, istehkamlar, bunkerlər, uzunmüddətli atəş nöqtələri qurmuşdular. Biz isə, düzənlik olan yerdən o təmas xəttini keçərək, o istehkamları yararaq gedirdik, bizim gənclər ölümə gedirdilər. Ona görə, birinci amil vətənpərvərlik, Vətənə olan sevgi, məhəbbətdir. Bu amil bizim xalqımızı bundan sonra da yenilməz xalq kimi yaşadacaq. Həmin istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərdi. Təbii ki, bunu görən düşmənin gözü qorxdu. Gördülər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümə getməyə hazırdırlar. Bu istehkamları canı-qanı bahasına keçmiş qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi. Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Düşmən gördü ki, bizim qabağımızda dura bilməyəcək, düşmən gördü ki, artıq bizim önümüz açıldı, digər şəhər və rayonlarımızın azad edilməsi məsələsi qaçılmazdır”.

Qələbəmizin təməlləri

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, Qələbəmiz Heydər Əliyev ideallarının və kursunun 27 il əvvəlki təməlləri üzərində qurulmuşdu. Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri qeyd edib ki, 44 günlük müharibənin dünya tarixi üçün mühüm əhəmiyyətlərindən biri də İkinci Dünya Müharibəsindən sonra həmin savaşdan böyük diplomatik məharətlə kənarda qalmağı bacarmış qardaş Türkiyənin və faşizmlə döyüşün qalibi sayılan, Sovetlərin Birliyinin varisi adlandırılan Rusiya dövlətinin rəhbərinin 3-cü dövlətin, indiki halda Azərbaycanın qələbəsini tanıyan bir aktı imzalaması nadir hadisədir. Son 76 ildə buna bənzər digər bir faktı göstərmək mümkün deyil: “Dünya tarixində ərazi işğalları aradan qaldırılarkən on min kvadrat kilometr ərazilərin düşmən qüvvələrdən təmizlənməsi ən azı 3 dəfə artıq ərazilərə müharibənin yayılması şəraitində mümkün olur. Bərdəyə, Gəncəyə, Tərtərə vurulan xain zərbələrə baxmayaraq, İkinci Qarabağ müharibəsi strateji obyektlərə, yollara, hava limanlarına, döyüş zonasına yaxın yerləşən onlarla yaxın bölgənin yaşayış massivlərinin hərbi-texnoloji imkanlarla qətiyyətlə qorunduğu şəraitdə keçən çox azsaylı ağıllı müharibə nümunəsidir. Yəni, hərbi əməliyyatların radiusunu Qarabağ və ətraf ərazilərdə lokallaşdırmaq Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir”.

Beləliklə, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazanmış Azərbaycan qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyini ortaya qoyur, Azərbaycan Heydər Əliyev ideyaları ilə yeni zirvələr fəth edir...

Qeyd: Yazı Yeni Azərbaycan Partiyasının “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim etmək üçün hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR