Bank Of Baku

Vüqar İskəndərov: “Polisin seçkiləri nəzarətə götürməsi” iddiası qərəzdən başqa bir şey deyil

VI çağırış Milli Məclisin deputatı Vüqar İskəndərov

© APA | VI çağırış Milli Məclisin deputatı Vüqar İskəndərov

# 11 iyul 2024 14:00 (UTC +04:00)

“Seçki prosesi elə bir dönəmdir ki, aidiyyəti bütün təşkilatlar gücləndirilmiş iş rejimində işləməlidir. Çünki burada xalqın iradəsinin əks olunduğu bir mərhələyə adlayırıq”.

Bunu APA-ya açıqlamasında VI çağırış Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bu baxımdan polisin də gücləndirilmiş iş rejimində fəaliyyətində qeyri-adi heç bir hal yoxdur: “Onsuz da əksər dövlət tədbirlərində, bayramlarda, ölkə əhəmiyyətli məsələlərdə polisimiz ictimai asayişi təmin etmək üçün gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Çünki müəyyən qanun pozuntuları ola bilər ki, bu zaman yerində dərhal müdaxilə olunmasına ehtiyac yaranar. Bu baxımdan növbədənkənar parlament seçkiləri də ölkənin həyatında ən mühüm hadisələrdən biri olduğu üçün digər qurumlar kimi polisin gücləndirilmiş rejimdə fəaliyyəti birmənalı şəkildə ancaq xalqın xeyrinə ola bilər. Yəni hər kəs rahat formada seçki məntəqəsinə getsin və seçimini etsin”.

Vüqar İskəndərov qeyd edib ki, hər hansı bir xoşagəlməz halın qarşısı vaxtında alınmalıdır: “Yenə həmişə olduğu kimi, xalqın seçimini qazana bilməyənlər, indidən məğlubiyyətlə barışmış qüvvələr yeni bir gülməli iddia irəli sürür ki, guya polis nəfərləri seçki prosesinə təsir edəcək. Biz artıq müstəqillik tariximizdə onlarla seçki keçirmişik və heç vaxt belə bir hal olmayıb ki, guya polislər seçki qutusunun başında dursun. Aydın məsələdir ki, polis əməkdaşları məntəqələrə müəyyən olunmuş məsafədə duracaqlar. Bu da qeyd etdiyim kimi, ancaq təhlükəsizlik məsələlərinə yönəlmiş bir addımdır. Əlbəttə ki, hər hansı bir xoşagəlməz halın qarşısı vaxtında alınmalıdır. Yaxud da təbliğat-təşviqat kampaniyası dövründə polis namizədlərin şəffaf formada öz təbliğatını aparması üçün təhlükəsizliyi təmin etməlidir. Bilirsiniz ki, təbliğat dövründə təşviqat materiallarının paylanılması, yaxud da plakatların yerləşdirilməsi kimi prosedurlar var. Kimlərinsə müdaxiləsinin qarşısını almaq, həmin şəxslərin düzgün kampaniya yürütməsi üçün polisin qanuni şəkildə nəzarəti mütləqdir. Yəni istər seçki öncəsi, istər seçki prosesində, istərsə də bitdikdən sonra ilk növbədə təhlükəsizlik və qanun pozuntularının qarşısının alınması hər kəs üçün arzuolunan bir haldır. Bəs bunları kim təmin etməlidir? Əlbəttə ki, polis. Səsvermə bitəndən sonra bülletenlər və seçki protokolları polisin müşayiəti ilə aparılacaq. Bülletenlərə, protokollara kənar müdaxilə cəhdləri olarsa, polis buna imkan verməyəcək. Bu baxımdan vətəndaşın da, namizədin də şəffaf fəaliyyəti üçün polisin olması mütləqdir. “Azadlıq Radiosu”, Meydan TV və digər bu kimi resursların bunu “hakimiyyətin seçki saxtakarlığına getməsi”, “polisin seçkiləri nəzarətə götürməsi” və s. bu kimi iddialarla izah etmək cəhdləri qərəzdən başqa bir şey deyil. Bu proses dünyanın hər yerində belədir. Ölkə əhəmiyyətli bir tədbirdə mütləq şəkildə ictimai asayiş qorunmalıdır. Heç bir təxribata, yaxud da qanun pozuntusuna yol verilməməlidir. Bu işi də görən orqan polisdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR