Bakı. Məlahət Nəcəfova-APA. “Azərbaycanda digər seçkilərdə olduğu kimi bu dəfə də seçki prosesi qaydalara uyğun təşkil olunub”.
APA-nın məlumatına görə, bu sözləri Bosniya və Herseqovina parlamentinin üzvü Nərminə Kapetanoviç deyib. O, Bakıya bir neçə dəfə gəldiyini və seçkiləri müşahidə etdiyini deyib: “Artıq üçüncü dəfədir ki, Bakıya səfər edirəm. 2 il əvvəl mən prezident seçkilərini izləmək üçün Bakıda olmuşdum və həmin seçki yüksək səviyyədə keçirilmişdi. Bu hal məni çox sevindirmişdi. Bu dəfə də seçki prosesi qaydalara uyğun təşkil olunub. Biz 6 məntəqəyə baş çəkmişik. Bütün məntəqələrdə müxtəlif partiya və QHT-ni təmsil edən müşahidəçilərə seçki ilə bağlı hər hansı şikayətin olub-olmaması barədə suallar vermişik. Lakin heç bir məntəqədə şikayət qeydə alınmayıb. Məntəqələrdə namizədlərin təbliğat-təşviqat materiallarının olmaması seçkinin yaxşı təşkil olunduğundan xəbər verir. Seçiciləri narahat edən hallar aşkarlanmayıb. Bütün bunlar demokratiya və şəffaflığın təmin olunmasını göstərir. Azərbaycanlıların qonaqpərvərliyi və mehribanlığı məni digər səfərlərimdə olduğu kimi bu dəfə də sevindirir”.