APA-nın verdiyi xəbərə görə, dövlət başçısına bildirilib ki, Bayraq Meydanı “Şəhidlər” və 31 Mart - Azərbaycanlıların Soyqırımı abidələrinin ərazisi ilə birləşdirilərək ümumi kompleks şəklində yaradılmaqla 2 hektar sahəni əhatə edir. Bayraq Meydanının inşasına bu il mayın 10-da başlanılıb və qısa zamanda başa çatdırılıb.
Şəhərin giriş hissəsində yerləşən meydanda 82 metr hündürlüyündə bayraq dirəyi ucaldılıb, uzunluğu 24, eni 12 metr olan dövlət bayrağı asılıb. Kompleksin ərazisində qurulan iki metr hündürlüyündəki dörd postamentin üzərində Azərbaycanın metaldan tökülən xəritəsi, dövlət gerbi, Heydər Əliyevin dövlət müstəqilliyi barədə sözləri və Azərbaycanın dövlət himninin mətni həkk olunub. Meydanın ətrafında orta əsrlərin memarlıq ənənələrinə uyğun qala tipli daş hasarlar, eləcə də tağşəkilli hasarlar hörülüb. Bundan başqa, üç qədim qala qapısı meydana xüsusi gözəllik verir. Meydanda orta əsrlər Azərbaycan əsgərinin tökmə materiallardan beş heykəli yaradılıb. Heykəllərdən üçü qala divarları üzərində, ikisi isə meydan ərazisində qoyulub.
Bayraq Meydanının ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi, iki fəvvarə quraşdırılıb.
Prezident İlham Əliyev Bayraq Meydanının ərazisində yaradılan Bayraq Muzeyi ilə də tanış olub.
Ümumi sahəsi 124 kv.m olan Bayraq Muzeyinin aypara şəkilli binası sərgi və iki köməkçi otaqdan ibarətdir. Muzeyin “Azərbaycanın tarixi dövlətləri” adlı bölməsi Manna dövlətindən başlayaraq Azərbaycan Xalq Cümhuriyyətinədək olan dövrü əhatə edir. Digər bölmədə Dədə Qorqud, Aristotel, Şah İsmayıl Xətai, Şeyx Məhəmməd Xiyabani, Hüseyn Cavid və Mikayıl Müşfiqin dövlət, dövlətçilik, bayraq haqqında kəlamları yer alıb. Papirus formasında açılmış 5 hissədən ibarət bölmədə Azərbaycanda mövcud olmuş tarixi dövlətlər və onların rəhbərləri, dünya mədəniyyətinin inkişafına töhfə vermiş və beynəlxalq miqyasda tanınan mədəniyyət və incəsənət xadimlərimiz, ziyalılarımız, Azərbaycan xanları, Azərbaycan Xalq Cümhuriyyətinin generallarının rəsmləri yer alıb. Heydər Əliyevə həsr olunan bölmə isə “İstiqlal! Tam və mütləq Qələbə” adlanır.
Muzeydə, həmçinin 1918-1991-ci illərdə istifadə olunan Azərbaycan bayraqları, müstəqil Azərbaycanın ordenləri və onlar haqqında məlumatları əks etdirən lövhə də var. Numizmatika bölməsində isə eramızdan əvvəl III əsrdən başlayaraq xanlıqlar dövrünə aid qədim sikkələr, XIX və XX əsrin nadir eksponatları, Səfəvi dövləti, Gəncə və Qarabağ xanlıqlarının bayraq ucluqları, XIX əsrə aid şəhərlərin gerbləri nümayiş olunur.
Bayraq Meydanı və muzeylə tanışlıqdan sonra Azərbaycan prezidenti tapşırıq və tövsiyələrini verib.