Bakı. Mübariz Aslanov - APA. “Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrinin dispozisiyasına internet informasiya vasitələrində yayılan məlumatlara görə edilən məlum dəyişiklik sırf texniki xarakter daşıyır. Çünki onsuz da qeyd olunan maddələrin dispozisiyasında əsas meyar böhtan və təhqirin kütləvi formada nümayiş etdirilməsidir”. Bu açıqlamanı APA-ya Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli verib.
Ə. Hüseynli bildirib ki, burada əsas meyar kütləvilikdir, yəni istənilən halda burada böhtan və təhqir kütləvi xarakter daşımırsa, kütləvilik yoxdursa, o zaman bu maddələr işləmir.
Komitə sədri bununla bağlı edilən narazılıqlara cavab olaraq deyib ki, qeyd olunan dəyişiklik geniş təfsir edilsəydi, elektron KİV-lər də 147 və 148-ci maddələrin təsiri altına düşərdi: “Çünki həmin KİV-lər elektron vasitələri olsalar da, KİV statusuna malikdir və onsuzda hər iki maddənin təsiri altına düşürlər. İndi isə “internet informasiya vasitələrində yayılan məlumatlara görə” anlayışının bura daxil edilməsi sadəcə dəqiqləşdirmə xarakteri daşıyır. Biz burada heç nəyi sərtləşdirməmişik, genişləndirməmişik. Böhtan və təhqirin təsir dairəsini genişləndirmirik. Çünki istənilən halda böhtan və təhqir kütləvi xarakter daşıyırsa, bu, məsuliyyətdir. Məsələn, kimsə hansısa sosial şəbəkədə öz profilində virtual kütlə arasında təhqir və böhtan elementli fikir və yaxud görüntü yerləşdirirsə, artıq qeyd olunan maddələr ona şamil ediləcək. Ona görə də indiyə qədər kütləvi çap üsulu ilə böhtan və təhqirə qarşı nəzərdə tutulan məsuliyyətin müasir dövrdə kütləvi xarakter daşıyan internet vasitələrinə də şamil olunması sırf hüquqi məsələdir. Hətta peşəkar hüquqşünas opponentlərimiz də bizimlə bu məsələdə razılaşıblar, heç parlament müxalifəti belə buna qarşı çıxmadı. Layihənin Baş Prokurorluq tərəfindən irəli sürülməsi də məntiqidir və bizim komitə də məsələnin sırf dəqiqləşdirmə xarakteri daşıması səbəbilə prokurorluğun təşəbbüsünü dəstəklədi”.
Ə. Hüseynli ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçin Azərbaycan prezidentini Milli Məclisin qəbul etdiyi bu layihəni imzalamamağa çağırmasını tələskənlik adlandırıb: “Dunya Miyatoviçi və digər əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatları bu şəkildə tələsik, araşdırma aparmadan bəyanatlar verməkdən çəkindirmək istərdim. Çünki bu, ən azı əməkdaşlığımıza ziyan vurur. Məsələni dəqiqləşdirmək lazımdır, siyasiləşdirmək lazım deyil”.
Komitə sədri onu da deyib ki, bu dəyişikliyə, ümumiyyətlə bu maddələrə görə dövləti hədəf kimi götürmək, bu məsələni dövlətin siyasəti ilə bağlamaq tam məntiqsizlikdir: “Çünki, bu maddə ilə cinayət işi yalnız o vaxt başlayır ki, bu, xüsusi ittiham qaydasında olsun. Yəni, subyekt özünü təhqir olunmuş hesab edirsə və özü müraciət edirsə, o zaman bu maddələr üzrə iş başlanıb - başlanmaması ilə bağlı qərar qəbul edilir. Dövlətin bu maddəyə birbaşa aidiyyəti yoxdur. Bura vəzifəli şəxsin subyekt kimi aidiyyəti ola bilər. Amma demək istədiyimiz odur ki, bu, xuliqanlıq, qəsdən adam öldürmə və sair kimi cinayət işi deyil ki, subyektin müraciəti oldu – olmadı, dərhal cinayət işi başlansın. 147 və 148-ci maddələrin, internet ilə bağlı onlara edilən dəyişikliyin saydığım cinayətlərdən fərqi odur ki, bu, subyektə verilən bir hüquqdur, ondan istifadə edib – etməmək artıq onun öz işidir. Bura dövlətin birbaşa aidiyyəti yoxdur ki, hansısa beynəlxalq təşkilat buna görə dövləti qınayır”. Ə. Hüseynli onu da deyib ki, son illər Azərbaycan məhkəmələri tərəfindən 147 və 148-ci maddələrlə cinayət məsuliyyətinə cəlb olunma təcrübəsinə son qoyulub, maddələr çəkindirici xarakter alıb: “Bu da Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququnun tətbiqinin müsbət nəticəsidir”.
Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələrində edilən dəyişikliyə əsasən, nəzərdə tutulan əməllərə görə, cəzalar internet informasiya vasitələrində yayılan məlumatlara görə də tətbiq olunacaq. Burada böhtana görə, 100 manatdan 500 manatadək cərimə, 240 saatadək müddətə ictimai işlərə, 1 ilədək müddətə islah işlərinə cəlb etmə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Ağır hallarda isə 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Təhqirə görə isə 300 manatdan 1000 manatadək cərimə, 240 saatadək ictimai işlərə, 1 ilədək islah işlərinə cəlb etmə və ya 6 ayadək azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.