2026-cı ilin ilk 6 ayında Azərbaycanın tədiyə balansının ümumi kəsiri 1,4 milyard ABŞ dolları təşkil edib.
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, hesabat dövründə xalis səhvlər və buraxılışlar maddəsində təxminən 300 milyon ABŞ dolları həcmində vəsait formalaşıb.
Samir Nəsirov bildirib ki, tədiyə balansında yaranan kəsirin əsas amillərindən biri birbaşa xarici investisiyalar hesabında yaranan kəsir olub.
Belə ki, hesabat dövründə Azərbaycanın xaricə yönəltdiyi birbaşa xarici investisiyaların həcmi təxminən 5 milyard dollar təşkil edib. Bu investisiyaların əsas hissəsi xarici enerji aktivlərində pay alınması ilə bağlı olub.
AMB rəsmisi qeyd edib ki, portfel investisiyaları üzrə kəsirin əsas səbəblərindən biri isə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində emissiya edilmiş avrobondların geri alınması olub. Nəticədə bu hesab üzrə öhdəliklər təxminən 2 milyard dollar azalıb.
O əlavə edib ki, digər investisiyalar hesabında isə profisit yaranıb. Bu, əsasən investisiya layihələrinin maliyyələşdirilməsi üçün cəlb olunan vəsaitlər, kreditlərin artması və digər maliyyə əməliyyatları ilə bağlı olub.
Samir Nəsirov bildirib ki, 2026-cı ilin ilk 6 ayında reallaşmış ehtiyat aktivləri isə 1,4 milyard dollar artıb.