Tiktoker “Çevik” kimi tanınan Məqsəd Bağırovla birlikdə həbs olunan Kamran Bilalovun nədə ittiham edildiyi məlum olub.
APA xəbər verir ki, Kamran Bilalov Məqsəd Bağırova qarşı zorakılıqda ittiham olunur.
Qeyd edək ki, DTX tərəfindən saxlanılan Bağırov Məqsəd Məcid oğlu və Bilalov Kamran Ramiz oğlu barəsində həbs qətimkan tədbiri seçilib.
Məqsəd Bağırova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1-ci, Kamran Bilalova Cinayət Məcəlləsinin 283.2.1-ci maddəsi ilə ittiham elan edilib.
Elan edilmiş ittihama əsasən, Kamran Bilalov Məqsəd Bağırovun aşkar surətdə, o cümlədən mediadan istifadə etməklə cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı videolar yayaraq nümayiş etdirdiyi dini baxışlarına görə ona qəsdən ictimai yerdə zor tətbiq etməklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək dini zəmində düşmənçilik salınmasına yönələn hərəkətlər törədib.
Xatırladaq ki, Məqsəd Bağırov da (tiktoker “Çevik”) insanların dini inanclarını, ibadət yerlərini təhqir edən ifadələr ehtiva edən videolar yaymaqla cəmiyyətdə dini zəmində düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində şübhəli bilinərək həbs edilib.