Müsahibimiz 17 saylı Yasamal 3-cü seçki dairəsindən deputatlığa namizəd Elşad Həsənovdur.
- Elşad müəllim, bundan əvvəl iki dəfə seçki marafonuna qoşulmusunuz və nəticə uğurlu olmayıb. Yenə eyni dairədən namizədliyinizi irəli sürmüsünüz, nəyə ümid edirsiniz?
- Deməzdim ki, ötən iki seçki mənim üçün uğursuz olub. Əksinə, həmin iki seçki kampaniyasında gördüyümüz işlər, keçdiyimiz yol bu gün yenidən bu marafona qatılmağımızda əsas rol oynadı. Həm faktiki seçki təbliğatının qurulması və həyata keçirilməsi baxımından, həm də mənəvi tərəfdən. İkinci amili xüsusilə vurğulayıram, çünki mən yerli camaatın, seçicilərin hörmət və rəğbətini qazana bilməsəydim, bir daha seçkilərə qatıla bilərdim? Bizim dairənin yerləşdiyi rayon olduqca mürəkkəb yerdir. Buranın əhalisinin belə demək mümkündürsə, “gözündən bir dəfə düşmək” olur. Sonra yenidən nüfuz qazanmaq demək olar ki, mümkünsüzdür.
O ki qaldı sualınıza, deyə bilərəm ki, mən birinci dəfə Milli Məclisə seçkilərə qatılanda 29 yaşım var idi. Bu seçki mənim üçün ciddi həyat təcrübəsi, məktəb oldu. Sizə deyim ki, 2005-ci ilin parlament seçkilərində bütün bunları nəzərə alsaq, heç də pis nəticə göstərməmişdim. 2010-cu ildə isə seçki marafonunun ikincisi oldum, baxmayaraq ki, bizim dairə ən çətinlərindən sayılırdı. Rəqabət həddindən artıq yüksək idi, gərgin bir təbliğat kampaniyasını apardıq və seçicilərin rəğbətini qazandıq. Bu gün biz bir daha yola çıxmışıq və görürəm ki, seçicilərimizin mütləq əksəriyyəti o illəri xatırlayır, məni, nümayəndələrimizi çox mehribanlıqla qarşılayırlar. Onların bir çoxu deyir ki, əlavə təbliğat aparmağınıza ehtiyac yoxdur, sizi yaxşı tanıyırıq. Həqiqətən də mən bu rayonda böyüyüb boya-başa çatmışam, camaatın problemlərinə də bələdəm, ehtiyaclarına da. Həyatım bu məhəllələrdə keçib, seçicilərlə dostlaşmışıq, doğmalaşmışıq. Bu baxımdan bir daha namizədliyimi irəli sürməyə bir mənəvi haqqım var və əminəm ki, Milli Məclisə bu seçkilərdə qalib gəlməyi bacaracağıq.
- Təbliğat kampaniyasının əvvəlki illərlə müqayisədə əksər dairələrdə sönük keçdiyini deyirlər. Sizcə buna səbəb nədir?
- Başqa namizədin təbliğat işinin necə getdiyini qiymətləndirmək etik baxımdan qüsurlu olardı. Qanunların imkan verdiyi çərçivədə təbliğat kampaniyası tam normal gedir. Ölkədə yaradılmış ədalətli, şəffaf seçki mühiti hər bir namizədə bərabər imkanlar yaradıb. Fürsətdən istifadə edib Milli Məclis üzvlüyünə namizədliyini irəli sürmüş hər bir Azərbaycan vətəndaşına uğurlar arzulayıram, qoy güclü qalib gəlsin, ancaq məğlub olan da məğlubiyyətini mərdliklə qəbul edib, qalibin əlini sıxa bilsin.
- Bu dəfə rəqibləriniz o qədər də üstün görünmür. Bu sizi arxayın etmirmi?
- Rəqiblərimin heç birini qətiyyən zəif saymıram və saya da bilmərəm. Ötən seçkilərdə olduğu kimi bu dəfə də ciddi rəqiblərlə qarşılaşıram və hər birinə hörmətim var. Ancaq etiraf etməliyəm ki, onlarla müqayisədə mənim bir sıra güclü tərəflərim var və onlardan ən əsası dairənin yerləşdiyi rayona bələd olmağımdır. Həm yerli camaatdanam, həm də arxada qalan 10 ildə iki seçkinin iştirakçısı olmuşam. Əlbəttə ki, bu amil mənə əsas vermir ki, noyabrın 1-də asan qələbə çalacağımı gözləyim. Bunun üçün aktiv seçki təbliğatı aparırıq, nümayəndələrimiz əhali ilə görüşlər keçirirlər, bu bölgənin hörmət sahibi olan ağsaqqalları ilə sıx təmasdayam, onlarla görüşürəm, məsləhətlərini dinləyirəm. Axı elektoratı, sıravi sakinləri onlardan yaxşı kim tanıya bilər? Bir sözlə, dairənin yerləşdiyi məhəllələr və küçələrdə, belə demək mümkündürsə, nəbzi tuturuq, elektoratın arzu və istəklərini dinləyirik. Bilirsiniz, mən seçkidən əvvəl sadəcə vəd verən deyil, əməli işimlə səsləndirdiyimiz problemlərin həllinə yardım göstərən deputat olmaq istəyirəm.
- Bu dəfə də qələbə qazana bilməsəniz, seçki məsələsi sizin üçün birdəfəlik bağlanacaqmı?
- Mən sizə dünya çapında tanınmış siyasət və dövlət adamlarının adını çəkə bilərəm ki, ilk seçilmək cəhdləri uğursuzluqla nəticələnib. Qələbəyə gedən yol məğlubiyyətlərdən keçir, məğlubiyyətlərdən düzgün nəticə çıxarmaqdan keçir. Bu zaman qələbə daha da şirin olur, sənin özününkü olur, zəhmət hesabına qazanılmış olur. Ona görə də hesab edirəm və seçkiyə birinci dəfə qatılanlara da tövsiyə edirəm ki, ilk uğursuzluğu faciəyə çevirmək lazım deyil, obyektiv nəticələr çıxarmaq və gələcək qələbələrin əsasını qoymaq lazımdır.
Bizim seçki fəlsəfəmizdə qələbə qazanmamaq anlayışı yoxdur. Əks halda heç namizədliyimi irəli sürməzdim. Ötən iki kampaniyada yetərincə seçki təcrübəsi qazanmışıq, qələbə əldə etmək üçün özümü tam hazır hesab edirəm və əminəm ki, bu yarışdan qalib çıxacağıq. Əsas seçilmək deyil, seçiləndən sonra verilən vədləri yerinə yetirməkdir.