Bakı - APA. Milli Məclisə keçiriləcək seçkilərdə 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizəd Jalə Əliyevanın Zərdab rayonunun kəndlərində seçicilərlə görüşləri davam edir.
Namizədin seçki qərargahından APA-ya verilən məlumata görə, namizəd bu dəfə Pərvanlı, Lələağacı, Yarməmmədbağı, Burunlu və Məlikli kəndlərindən olan seçicilərlə görüşüb. Jalə Əliyeva millət vəkili olaraq gördüyü işlər, seçicilərin problemləri və onların həll yolları ilə bağlı geniş fikir mübadiləsi aparıb. O, prezident İlham Əliyevin ölkənin inkişafı üçün həyata keçirdiyi islahatlardan söz açıb və bildirib ki, ölkə rəhbərinin uzaqgörən siyasəti nəticəsində hər bir Azərbaycan vətəndaşı, o cümlədən zərdablıların və ucarlılarında həyat şəraitinin yaxşılaşdırılması istiqamətində təqdirəlayiq işlər həyat keçirilir. Daha sonra seçiciləri maraqlandıran sualları cavablandıran namizəd qeyd edib ki, beş il müddətində seçicilərin etimadını doğrultmağa çalışıb: “Deputat kimi fəaliyyət göstərdiyim müddətdə daim seçicilərin problemlərinin həllinə çalışmışam və yenidən etimad göstərsəniz, belə də davam edəcəyəm. Zərdab mənim üçün çox doğma yerdir. Mən hər bir zərdablının qarşılaşdığı problemi, üzləşdiyi çətinliyi öz şəxsi məsələmdən ayrı bilməmişəm. Seçki platformamda seçicilərimə nə vəd vermişdimsə, mərhələ-mərhələ onların həlli üçün çalışmışam. Bütün fəaliyyətim boyu daim seçicilərimdən dəstək görmüşəm. Buna görə sizə çox təşəkkür edirəm”.
Seçicilər J. Əliyevaya təşəkkür edərək bildiriblər ki, artıq onlar öz layiqli namizədlərinin kim olduğuna qərar veriblər.