Millət vəkili Aytən Mustafayeva Milli Məclisin binasında əlillər üçün pandusların və xüsusi liftlərin quraşdırılmasını təklif edib.
APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə büdcə zərfinə daxil olan layihələrinin müzakirəsi zamanı A. Mustafayeva bildirib ki, xarici ölkələrin millət vəkilləri və beynəlxalq təşkilatlarda təmsil olunan şəxslərdən bəziləri fiziki qüsurludur:
“Fiziki qüsurlu olan şəxslərin ölkəmizə səfəri zamanı mən Milli Məclisdə onları qəbul etməkdə çətinlik çəkirəm. Eyni zamanda, seçicilər arasında əlilliyi olan şəxslər var ki, bu şəxslərin də qəbul olunmasında problemlər mövcuddur. Bundan başqa, ola bilsin ki, növbəti dəfə parlamentdə əlil şəxslər də təmsil olunsun. Düşünürəm ki, təkcə pandusların quraşdırılması deyil, liftlərin eni də böyük olmalıdır ki, əlil arabası ilə gələn şəxsi qəbul etmək mümkün olsun".
Milli Məclisin sədri Oqtay Əsədov isə A. Mustafayevaya cavab olaraq bildirib ki, təmirdən sonra parlamentin binasında əlillər üçün bütün şərait yaradılıb, indidən belə də bu məsələ diqqətdə olacaq.