Bank Of Baku

MSK "Trenerlər üçün treninq"lərə start verib

MSK "Trenerlər üçün treninq"lərə start verib
# 05 mart 2018 07:28 (UTC +04:00)

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) bu gündən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində "Trenerlər üçün treninq"lərə start verib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimli seçki təcrübəsinin ötən dövr ərzində təkmilləşdiyini bildirib.

 

MSK katibi deyib ki, əgər 2005-ci ildə 100-dən çox seçki məntəqəsində seçkinin nəticələri ləğv edilmişdisə, son parlament seçkilərində nəticələri ləğv edilən seçki məntəqələrinin sayı 10-u keçməyib: "Çalışacağıq ki, qarşıdan gələn prezident seçkilərini Seçki Məcəlləsinin tələbinə uyğun olaraq şəffaf, demokratik keçirilməsinə nail olaq".

 

M. Rəhimli nəzərə çatdırıb ki, MSK ikimərhələli treninq proqramı hazırlayıb. Bu gündən başlanmış birinci mərhələdə treninqlərin seçki dairələrinin hər birindən 2 nəfərin iştirakı ilə keçirilməsi və 6-7-9 mart da daxil olmaqla, 4 gün davam etməsi nəzərdə tutulur. Müxtəlif metodiki və əyani vəsaitlərdən istifadə edilməklə keçirilən "Trenerlər üçün treninq"də iştirakçılara təqdimat bacarıqları, seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, səsvermə günü müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla, bütün səsvermə günü prosedurları barədə ətraflı müfəssəl məlumat veriləcək. Treninq zamanı MSK-nın Treninq qrupunun mütəxəssisləri tərəfindən bir sıra aktual mövzularla bağlı çoxsaylı praktik məşğələlər keçiriləcək, seçki günü səsvermə proseduru səhnələşdiriləcək, meydana çıxan suallar cavablandırılacaq.

 

Treninqlərin ikinci mərhələsi olan aşağı seçki komissiyaları üzvlərinin treninqi isə martın 12-dən başlayaraq seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq qaydada, təqribən 10 gün davam edəcək. Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərin keyfiyyətinin yüksəldilməsi və səmərəliliyinin daha da artırılması məqsədilə MSK-nın Treninq qrupu tərəfindən yerlərdə keçiriləcək treninqlərin cədvəli, eləcə də seçki günü əsas seçki hərəkətləri ilə bağlı slaydlar hazırlanıb və treninqlərin əyani vəsaitlərdən də istifadə edilməklə, kiçik qruplar şəklində - hər treninq sessiyasında 35-40 nəfərədək komissiya üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulub. Treninq layihəsinin birinci mərhələsində əhatə olunan mövzularla eyni səpkidə aşağı seçki komissiyalarının üzvləri üçün təşkil ediləcək treninqlərdə seçki günü prosedurları ilə bağlı tam təfsilatlı məlumat veriləcək. Treninqlərin ümumilikdə 32 mindən artıq komissiya üzvünü əhatə edəcək.

 

Tədbirdə MSK-nın trenerləri seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələrindən danışıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR