Bank Of Baku

Vüqar Rəhimzadənin Rüstəm İbrahimbəyovla bağlı - MƏQALƏSİ

Vüqar Rəhimzadənin Rüstəm İbrahimbəyovla bağlı - <span style="color: red;">MƏQALƏSİ
# 24 may 2018 15:32 (UTC +04:00)

Satqın “ssenaristin” erməni sevgisi

Və ya rəzil İbrahimbəyovun “çirkin xəyalları”

 

Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Məhz bu tarixi fikirlər azərbaycançılıq ideologiyasının əsas prinsiplərindən birini təşkil edir. Bu gün dünya azərbaycanlıları bu müqəddəs ideologiya ətrafında sıx birləşərək vahid mövqedən çıxış edir, Vətənimizi, onun dövlət müstəqilliyini qoruyub saxlamağa və daha da möhkəmləndirməyə çalışırlar. Doğrudan da milli birlik hər bir xalq, millət üçün önəmlidir.

 

Milli birlik olmadan millət kimi formalaşmaqdan söhbət gedə bilməz. Biz çox xoşbəxt xalqıq ki, möhkəm milli birliyimiz, tolerant, multikultural ölkəmiz var. Təbii ki, hər kəsin fərqli siyasi baxışı, mövqeyi ola bilər, ancaq ümummilli, dövlət üçün taleyüklü məsələlərə gəldikdə isə bu fərqlilik aradan qalxmalı və yumruq ətrafında birləşməlidir. Biz yüksək milli keyfiyyətlərə malik olan bir millət olaraq bunu bacarırıq. Bu yerdə atalarımızın, babalarımızın deyimlərindən biri yada düşür: “Meşə çaqqalsız olmaz.” Təəssüf ki, bəzən nə qədər milli birlikdən danışsaq da içimizdə bu birliyə xəyanət edənlərə, dövləti, Vətəni öz şəxsi maraqlarına qurban verməyə çalışanlara da rast gəlirik. Bir insan üçün Vətəndən müqqəddəs nə ola bilər axı? Əgər Vətənin keşiyində dayanan hər bir əsgər bu yolda qanından, canından keçməyə, öz sinəsini torpağımıza göz dikən düşmənin gülləsinin önünə verməyə hazırdırsa o zaman torpağın, ölkənin müqəddəsliyini, dəyərini başa düşmək çətin deyil.

 

Təəssüf ki, bu ülvi hisslərdən məhrum olan, gözünü pul, para tutmuş bəzi “soydaşlarımız” üçün bu ali milli dəyərlər yaddır. Onların yalnız bir “amalı” var: pul, “nüfuz”, “şöhrət”…  Belələri imkan düşdükcə Vətəni, milli maraqları baltalamağa çalışır, ölkəmizə qarşı təbliğat aparırlar. Lakin unudurlar  ki, bütün bunlar əbəsdir. Çünki xalq, tarix, zaman belələrinə layiq olduğu “qiyməti” verir.   

 

“Kinoçu” İbrahimbəyovun işğalçı, qaniçən düşməni sülhsevər kimi qələmə vermək cəhdi

 

Xalqımızın yaddaşında xəyanətkar, satqın kimi qalan Rüstəm İbrahimbəyov yenə də öz “əməllərindən” əl çəkmək niyyətində deyil. Hər sözündə, hər addımında Vətənə, xalqa qarşı olduğunu bəyan edən, düşmənlərə yaltaqlanaraq quyruq bulayan İbrahimbəyov ən iyrənc yollara əl atmaqdan belə çəkinmir. Artıq xalqımızın milli hisslərinə, mənəviyyatına toxunmağa çalışan bu varlıq erməniləri öz millətindən üstün tutur, işğalçı, qaniçən düşməni sülhsevər kimi qələmə verməyə çalışır. Belə ki, İbrahimbəyovun ssenari müəllifliyi ilə 2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmi onun satqın, xain olduğunu bir daha təsdiq edir. Filmlə tanış olduqdan sonra bunu açıq şəkildə müşahidə etmək mümkündür. Filmdə xalqımız qəddar, vəhşi, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, düşmən ermənilər isə sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunublar. Burada azərbaycanlı uşaqlar qorxaq, erməni uşaqları isə mərd, güclü, geniş ürəkli obrazda canlandırılır. Digər bir epizodda isə ölkəmizdə yaşayan erməni əsilli bir nəfər kənd uşaqları tərəfindən quyuya atılır, daşlanır. Tamaşaçıya çatdırılmağa çalışılır ki, guya  azərbaycanlılar vəhşidir, qəddardır, ermənilər isə sülhsevərdirlər. Guya sərhədçilərimiz ölkəmizə gələn qoca ermənini qəddarcasına qətlə yetirirlər. Göründüyü kimi, filmdə tarixi faktlar, reallıqlar təhrif edilib, yaxın keçmişdə baş verən hadisələr tamamilə yalnış təsvir olunub. Qərəzli, qeyri-obyektiv formada çəkilən filmdə əsas niyyət antimilli təbliğat aparmaqdır.

 

Bu film erməni lobbisinin, erməni kəşfiyyatının layihəsidir

 

Fikirləşəndə ki, bu cür film bir azərbaycanlının ssenari müəllifliyi ilə çəkilib, deməyə söz tapmaq olmur. Axı, insan nə qədər şərəfsiz, namərd ola bilər? Hər halda hər bir şeyin ölçüsü, sərhədi var. Ancaq İbrahimbəyovun şərəfsizliyinin sərhədi, ölçüsü yoxdur. O, ağıla gələn və gəlməyən hər şeyi edə bilər ki, təki ölkəmizə zərrə qədər də olsa bir zərər vura bilsin. Damarlarında erməni qanı axan bu adamda millilikdən əsər-əlamət belə yoxdur. Şübhəsiz ki, bu film erməni lobbisinin, erməni kəşfiyyatının layihəsidir. Bu “qüvvələrin” əlində alət olan İbrahimbəyov isə sadəcə bu layihənin rəzil bir parçasıdır. 

Bir zamanlar Azərbaycanın milli maraqlarına tamamilə zidd, ermənilərin müdafiəsinə hesablanmış, Rusiya mətbuatında çap etdirdiyi "Daş yuxular" əsəri ilə insanların hədsiz nifrət və qəzəbini qazanan Əkrəm Əylislinin yolunu gedən İbrahimbəyov çörəyi dizinin üstündə olan bir ünsürdür. Milli-mənəvi dəyərləri tapdalayaraq, millətin heysiyyətinə toxunan, tarixi təhrif edərək erməniləri məzlum xalq kimi qələmə verən Ə.Əylisli xalqın gözündə bir heç olduğu kimi, İbrahimbəyov da eyni “dəyərə” malikdir. Ə.Əylisli Azərbaycan dövlətinin və xalqının ona verdiyi qiyməti yerə vuraraq, heçə sayaraq daha "böyük maraqlar", onun üçün əlçatmaz olan "xəyallar" arxasınca qaçmağa üstünlük verdiyi kimi, İbrahimbəyov da quyruq bulayaraq ermənilərə tərəf üz tutdu. Əvəzində isə cəmiyyət tərəfindən böyük qınağa məruz qaldı, rədd edildi. İbrahimbəyov ermənilərin ideoloqu olmaqla alçaq sifətini bir daha göstərir. Heç şübhəsiz ki, bu filmin maliyyə mənbəyi araşdırılsa, erməni lobbisi ilə bağlı olduğu aydın olar. Maraqlı bir məqam isə filmdə azərbaycanlı obrazında adına yalnız İbrahimbəyovun qohumlarının və bir də gürcü aktyorların yer almasıdır. Təbii ki, heç bir azərbaycanlı bu cür filimdə çəkilməz, bunu özünə ləkə sayar. Filmdə öz xalqını “vəhşi” obrazda təqdim edən İbrahimbəyov guya “humanistdir”, “bəşəridir”. Ancaq unudur ki, öz tarixini, keçmişini danan, millətinə, dövlətinə xəyanət edən birisi humanist, bəşəri ola bilməz. Belələri cılız düşüncələrlə, “böyük xəyallar” qurmağa çalışırlar. 

 

İbrahimbəyov! O zaman nə qədər cılız, aciz olduğunu anlayacaqsan...

 

 Bu gün bütün dünya Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan edir. BMT və digər beynəlxalq təşkilatların Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi ilə bağlı qəbul etdikləri qətnamələr, rəsmi sənədlər bir daha bunu sübut edir. Hər halda yaxın keçmişə nəzər salmaq kifayətdir. Bildiyimiz kimi, ermənilər tarix boyu qonşu dövlətlərin, o cümlədən Azərbaycanın torpaqlarına göz dikiblər. XX əsrin əvvələrində azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti də bunun bariz nümunəsidir. Nəhayət, XX əsrin sonunda yenidən “cücərən” erməni nəfsi nəticəsində 1992-1993-cü illərdə Azərbaycanın 20 faiz torpağı işğal olundu, minlərlə şəhid verdik. Xocalıda baş verən soyqırımı isə dünya tarixinə ən dəhşətli faciələrdən biri kimi daxil oldu. İbrahimbəyov kimi satqınların, xainlərin bunu inkar etməsi sadəcə mənəviyyatsızlıqdır. İbrahimbəyov Dağlıq Qarabağ münaqişəsi zamanı şəhid olan, Xocalıda qətlə yetirilən soydaşlarımızı nə tez unudub? Şuşa, Laçın, Kəlbəcər və s. Azərbaycanın torpaqları deyil? Bunu da inkar edirsən? Bu gün bizim işğal olunmuş topraqlarda at oynadan ermənilər öz çirkin niyyətlərinə çatmaq üçün minlərlə dinc soydaşımızın canına qıyıblar. Bu erməni vandalizmidir, vəhşilikdir, insanlıq adına ləkədir. İbrahimbəyov! Vicdanın qarşısında demirəm, çünki sənin kimilərin vicdanı olmur, bil ki, nə vaxtsa məzarda uyuyan şəhidlərimizin ruhu qarşısında cavab verəcəksən. O zaman nə qədər cılız, aciz olduğunu anlayacaqsan. Lakin o vaxt torpaq da səni qəbul etməyəcək. Çünki sən doğulub, boya-başa çatdığın, çörəyini yediyin, suyunu içdiyin torpağa xəyanət etdin. 

 

İbrahimbəyovla yanaşı, “milli şura” və bu qurumun həmtəsisçiləri də eyni “yolun yolçularıdırlar”

 

İbrahimbəyovun bu cür “əməlləri” dağıdıcı müxalifət düşərgəsinin də hansı “dairələrə”, “maraqlara” xidmət etdiyini sübut edir. Bir vaxtlar millilikdən əsər-əlamət olmayan “milli şura” adlı qurumun sədri olan İbrahimbəyovu kərimlilər və həsənlilər dəstəkləyirdi. Guya onlar bilmirdilər ki, bu Rüstəm “bəy” hansı yuvanın quşudur? Görəsən baş verənlərdən sonra dağıdıcı müxalifət “liderləri” öz “əqidədaşlarının” xəyanətinə necə bəraət qazandıracaqlar? Göründüyü kimi, İbrahimbəyovla yanaşı, elə  “milli şura” və bu qurumun həmtəsisçiləri də eyni “yolun yolçularıdırlar”.

 

Hesab edirəm ki, bu film “kinoçu” İbrahimbəyovun öz Vətəninə, xalqına qarşı nə qədər qərəzli olduğunu, ürəyində böyük nifrət bəslədiyini tam çılpaqlığı ilə ortaya qoyur. 

 

 

Vüqar Rəhimzadə,

“İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR