Orta Dəhlizin tam işləməsi üçün növbəti 3 ildə təxminən 28 milyard ABŞ dollarına ehtiyac var. Buna görə də infrastruktur hələ də bir nömrəli prioritetdir.
"APA-Economics" xəbər verir ki, bunu Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) baş direktoru Xiaohong Yang Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan “Dayanıqlı nəqliyyat və ticarət üçün Orta Dəhlizin maliyyələşdirilməsi” adlı sessiyada bildirib.
Onun sözlərinə görə, birinci prioritet “bankable” layihələrin maliyyələşdirilməsidir: "Orta Dəhliz üçün növbəti 3 ildə təxminən 28 milyard ABŞ dollarına ehtiyac var. Buna görə də infrastruktur hələ də bir nömrəli prioritetdir. İkinci isə əməliyyat səmərəliliyidir. Çünki Orta Dəhlizi investorlar və yükdaşıyıcılar üçün cəlbedici etmək üçün ən vacib məsələ onun etibarlı və proqnozlaşdırıla bilən olmasıdır. Hazırda keçmişdə daşımalar bir ay çəkirdisə, indi bu müddət təxminən 18 gündür. Amma bu hələ də yüksəkdir".
Xiaohong Yang onu da bildirib ki, Orta Dəhlizin işləməsi üçün daha çox layihəyə ehtiyac var:
"Bu təkcə yollar və dəmir yolları deyil, həm də gəmilər, donanmalar, limanlar, hava limanları, əməliyyat sistemləri və rəqəmsal platformaları əhatə edir. Bu dəhlizdə çoxsaylı operatorlar birlikdə işləməlidir, çünki Orta Dəhlizin əsas xüsusiyyəti multimodal olmasıdır, yəni yalnız bir infrastruktur növü deyil, bütün sistemlərin birgə işləməsi vacibdir".
AIIB nümayəndəsi həmçinin Azərbaycanda aparılan modernləşmə proseslərini yüksək qiymətləndirib:
"Mən burada Azərbaycanda böyük modernləşmə işlərinin aparıldığını görürəm. Son bir neçə gün ərzində Azərbaycanda olduğum müddətdə dövlət qurumları və dövlət müəssisələri ilə görüşlər keçirdim və çox təsirləndim. Onlar artıq əməliyyat səmərəliliyi, etibarlılıq və proqnozlaşdırıla bilənlik üzərində işləməyə başlayıblar. Həmçinin vurğulamaq istərdim ki, cənab Rəhman Hümmətovun da qeyd etdiyi kimi, xüsusilə Azərbaycan Orta Dəhliz üzrə investisiyaların, əməliyyat səmərəliliyinin və PPP-lərin təmin edilməsində mühüm rol oynayır."